Modern.az

Deputatlar dənizqırağı ərazidəki hasarların sökülməsini TƏLƏB ETDİLƏR

Deputatlar dənizqırağı ərazidəki hasarların sökülməsini TƏLƏB ETDİLƏR

18 Dekabr 2015, 14:26


Milli Məclisdə Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Modern.az xəbər verir ki , Aqrar komitənin sədri Eldar İbrahimov bildirib ki, dəyişiklikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağında yerləşən torpaq sahələri ilə bağlı tələblərin pzoulmasına görə, fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnir. Bu, təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimələnəcək.

Qanun layihəsinə əsasən, Azərbaycana mənsub sahilboyu 20-50 metrlik zolaqda olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanın qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. 
Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edlməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Deputat Fazil Mustafa bildirib ki, vətəndaşların dənizdən məhdudlaşmasının motivi də bura əlavə olunmalıdır.

“Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək, dəniz qıraqlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyurlar. Kimlərsə dənizə gedən məhəllələrdən dənizə çıxış yolunda hasar tikirlər. Yalnız bir nəfərin keçib getməsi üçün cığır saxlayırlar. Nəqliyyatın sərbəst hərəkət etməsi üçün yol qoyulmalıdır. Bu gün dənizkənarı yerlərdə vəziyyət belədir. Dar yollu məhəllələrin arasında tıxac yaranır və vətəndaşalrın istirahət hüququ pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq lazımdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Dənizin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır”.

Deputat Elmira Axundova bildirib ki, Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə sahilboyunda daş hasarlar tikilib.

“Keçən iclaslarda Zeynəb Xanlarova, Siyavuş Novruzov bildirirdilər ki,  bu hasarlar sökülsün. Lakin daş hasarlarla bağlı dəyişiklik bundan sonra tikiləcəklərə şamil ediləcək. Bunun isə elə də böyük əhəmiyyəti olmayacaq. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Bu ümummilli məsələdir, milləti narahat edən məsələdir. Hesab edirəm ki, çəkilmiş hasarlara da aid edilməlidir”.

Deputat Fəzail Ağamalı deputatlara danışmaq üçün söz verilməməsindən şikayətlənib.  

“İcazə verin qanunların müzakirəsində  bizə verilmiş hüquqdan istifadə edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq. Axı bu milləti narahat edən məsələdir. Vətəndaşlar yayda dincəlməyə gedə bilmirlər.  Xahiş edirəm, bir-birimizə təmkinli yanaşaq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir