Modern.az

Müxtəlif ölkələrdən 115 azərbaycanlı gənc Frankfurta toplaşacaq

Müxtəlif ölkələrdən 115 azərbaycanlı gənc Frankfurta toplaşacaq

Qarabağ

22 Noyabr 2010, 15:40

2010-cu il noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresinə hazırlıqlar başa çatmaq üzrədir. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcək. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçiriləcək. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, gənclər və idman naziri Azad Rəhimovun, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin iştirakı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, konqresə dünyanın müxtəlif ölkələrindən 115 azərbaycanlı gənc, təxminən 40 diaspor təşkilatının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının rəhbərləri, eləcə də xaricdə təhsil alan tələbələr, ayrıca olaraq Almaniyada təhsil alan 40-dək azərbaycanlı tələbə və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri qatılacaq.
Bununla yanaşı konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının–RAGT-nin (AMOR) boyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub.

Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

İkigünlük tədbirin açılışı «The Westin Grand» otelində olacaq. Konqresin işi 4 paneldən ibarət nəzərdə tutulub. İlk panelin aparıcısı Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov olacaq.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İskəndərov ikinci, Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərov üçüncü, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə dördüncü panelin aparıcısı olacaq.
Bütün hissələrdə müxtəlif mövzularda məruzələr təqdim olunacaq.

Tədbirdə həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması ideyası müzakirə ediləcək. Konqresin sonunda yekun sənədlər qəbul olunacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!