Modern.az

Deputat və İskəndəriyyə kitabxanasının direktoru Tovuza və Gəncəyə səfər edib

Deputat və İskəndəriyyə kitabxanasının direktoru Tovuza və Gəncəyə səfər edib

Təhsil

22 Noyabr 2010, 18:53

Bu gün millət vəkili Qənirə Paşayeva və Misirin İskəndəriyyə kitabxanasının direktoru, Misirin senatoru, Doktor İsmayıl Seragəldin, həmçinin həmin ölkənin xarici işlər nazirinin müşaviri Gəncə şəhərinə və Tovuz rayonuna səfər ediblər. Gəncə şəhərində olarkən qonaqlar Nizami məqbərəsini, Cavadxan məqbərəsini, Şah Abbas cami məscidini, habelə müsəlman Şərqində yaranan ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə ilk dəfə müstəqilliyini elan etdiyi binanı ziyarət ediblər.

Azərbaycanın bu görkəmli yerləri barədə qonaqlara ətraflı məlumat verilib. Daha sonra qonaqlar Azərbaycanın Ermənistanla sərhəd kəndi olan Tovuzun Əlibəyli kəndinə gediblər. Qonaqlara məlumat verilib ki, Tovuz rayonu ilə Ermənistan arasında sərhədin uzunluğu 70 km təşkil edir və bu məsafənin 17 kilometri Əlibəyli kəndinin payına düşür. 

Qonaqlarla görüşən kəndin sakinləri bildiriblər ki, ölkənin Ermənistanla atəşkəs rejimində olmasına baxmayaraq qarşı tərəfdən dəfələrlə atəşkəsin pozulması nəticəsində normal həyat şəraiti pozulub, insanlar yaralanır, əziyyət çəkirlər, yaxınlarını itirirlər, əkin-biçin işləri ilə məşğul ola bilmirlər.

Qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində dam örtükləri dağıdılmış, güllə izləri olan evlər, məktəb binası göstərilib. Onlar buradakı insanların necə çətin şəraitdə yaşadıqlarını görüblər.

Bundan sonra, millət vəkili Qənirə Paşayeva və qonaqlar Tovuzun Ağdam kəndini ziyarət ediblər. Kənddəki qəbiristanlıq qonaqlara göstərilərək məlumat verilib ki, kənd sakinləri ermənilərin atdığı güllələri səbəbindən vəfat etmiş şəxsləri nə dəfn edə, nə da artıq basdırılmış öz yaxınlarını ziyarət edə bilir. Bildirilib ki, kənddə atəşkəsin pozulması nəticəsində sağlamlığını itirən iyirmidən artıq şəxs vardır.

Qonaqlar əyalətdən paytaxta qayıdarkən Tovuz rayonunda yerləşən N saylı hərbi hissəyə və Tovuz rayonunun məscidinə baş çəkiblər. Hərbi hissədə xidmətdə fərqlənən əsgərlərə hədiyyələr təqdim olunub. Tovuz rayonu məscidinin axundu qonaqlara məscid barədə məlumat verib, onlara hədiyyə bəxş edib.

Doktor İsmayıl Seragəldin Azərbaycana və onun mədəniyyətinə vurğun olduğunu, lakin əhalisinin ağır müharibə şəraitindən əziyyət çəkdiyindən təəssüf etdiyini bildirib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasına ümid etdiyini deyib.

Millət vəkili Qənirə Paşayeva Doktor İsmayıl Seragəldinin dünyada nüfuzlu şəxs olduğunu, Azərbaycanın rayonlarında gördüklərini geniş ictimaiyyətə çatdırmaq qabiliyyətində olduğunu bildirib.

Paşayeva xüsusi olaraq vurğulayıb ki, Doktor Seragəldin İskəndəriyyə Kitabxanasının direktoru olması ilə yanaşı həmçinin on milyondan artıq tamaşaçısı olan televiziya proqramının direktoru vəzifəsində çalışır. Millət vəkili qeyd edib ki, Doktor Seragəldin Azərbaycanın həqiqətləri barədə veriliş hazırlamaq istəyir və on milyondan artıq olan Misir tamaşaçılarına onları çatdırmaq üçün müvafiq materiallar istəyib. Bu materiallar tezliklə qonağa təqdim olunacaq.

Qənirə Paşayeva Azərbaycanın həqiqətlərini, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən kitabı qonağa hədiyyə verib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə