Modern.az

“Üzən məzənnə rejiminə faciə kimi baxmaq doğru deyil”

“Üzən məzənnə rejiminə faciə kimi baxmaq doğru deyil”

21 Dekabr 2015, 10:29


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 0,25 faizdən 0,5 faizədək artırmasından sonra alış-satış və digər maliyyə-iqtisadi proseslərdə dollardan daha çox istifadə edilən ölkələrdə artıq daha sərfəli bir məzənnə rejiminin tətbiq olunması gündəmə gəlib. Bundan başqa, neftin qiymətinin də 35-40 dollar səviyyəsinə düşməsi səbəbindən növbəti devalvasiya riski ilə üzləşən ölkələrin mərkəzi bankları üçün öz milli valyutalarının dolların artan indeksinə duruş gətirə bilməsini vacib edir.

Ümumiyyətlə, iqtisadi və maliyyə terminləri lüğətlərində məzənnənin növlərindən biri kimi üzən məzənnə göstərilir. Üzən məzənnə rejimi valyuta bazarındakı tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Yəni valyuta məzənnəsini bazar özü formalaşdırır.
Azərbaycanın Mərkəzi Bankı da bu gündən üzən məzənnə rejiminə keçildiyini bəyan etdi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Modern.az-a deyib ki, üzən valyuta siyasəti mövcud bazarın məzənnəni müəyyənləşdirməsi deməkdir.

“Bu rejim indiki vaxtda optimal və faydalı variant sayıla bilər. Üzən valyuta siyasətində valyutanın məzənnəsinin müəyyənləşdirməsini bazar həyata keçirir. Lakin artıq bazarda məzənnələrdə kəskin fərq yaranırsa, Mərkəzi Bank bazara müdaxilə edərək milli valyutanın kursunun stabil saxlanılmasına çalışır. Artıq üzən valyuta rejiminə keçiddə təbii ki, Mərkəzi Bank doğru zamanda, doğru qərar verməlidir. Çünki rejimə keçidin milli valyutaya təsirini qiymətləndirən zaman bu prosesin tətbiqedilmə zamanını düzgün müəyyən etmək gərəkdir”.

Vüqar Bayramovun fikrincə, Mərkəzi Bankın üzən valyuta rejiminə dollarlaşma siyasətini tam başa çatdırdıqdan sonra keçməsi daha doğru addım olardı: “Bu rejimə keçid ilk gündən psixoloji gərginlik kimi hiss olunacaq. Tədiyyə balansımızdakı vəziyyəti və manatın mübadilədəki real kursunu nəzərə alsaq, bu zaman manatın məzənnə dəyişikliyi özünü kəskin şəkildə göstərəcək”.

İqtisadçı-ekspert bildirir ki, bu gün dünya ölkələrinin çoxunda üzən valyuta rejimi tətbiq olunur və bu ölkələrin maliyyə-iqtsaidi sistemlərinə heç də pis təsir etmir: “Qonşu Gürcüstanda üzən valyuta rejimi tətbiq olunur. Amma bu o demək deyil ki, hər həftə Gürcüstanda milli valyuta olan larinin fazi dərəcəsi aşağı düşür. Üzən valyuta rejiminə keçidə faciə kimi baxmaq doğru deyil, bəli bunun məzənnəyə təsir etmək imkanları var. Amma o qədər də çox itki demək deyil. Bu gün dünya ölkələrinin 90 faizindən çoxunda üzən valyuta rejimi tətbiq olunur. Azərbaycan sözsüz ki, bu rejimə keçməlidir. Buna alternativsiz ehtiyac vardı”.

Vüqar Bayramov üzən valyuta rejimi ilə müqayisədə mərhələli devalvasiya siyasətinin heç də uğurlu addım olmadığını söyləyir: “Güman etmirəm ki, mərhələli devalvasiya, yəni valyutanın məzənnəsinin mərhələli azaldılması optimal variantdır. Bu, psixoliji təzyiqi daha da çox artıra bilir. Ona görə də daha sərfəli variant dollarlaşma prosesi başa çatdıqdan sonra üzən valyuta rejiminə keçiddir. Eyni zamanda, Mərkəzi Bank müxtəlif vasitələrdən istifadə etməldir. Mərkəzi Bank, sadəcə intervensiya, yəni iri həcmdə xarici valyutanın alınması, yaxud satılması yolu ilə valyuta bazarına və məzənnəsinə məqsədli təsir etməməlidir. Digər vasitələrdən istifadə etməlidir ki, manata olan təklifi azalda bilsin, valyutanın məzənnəsi saxlanılsın. Bu alətlərdən istifadə edilərək devalvasiyadan sonra üzən valyuta rejiminə keçid tətbiq edilməlidir. Bizdə valyutanın kurs sistemini bazar müəyyənləşdirir. Təbii ki, bu xarici investorların cəlb olunması baxımından yaxşıdır. Üzən valyuta rejiminə keçid investisiyaların cəlb edilməsinə mənfi təsir etməyəcək. İnvestorlara artıq öz xərclərini, eləcə də öz portfellərini proqnozlaşdırmağa imkan verəcək. Təbii ki, burada söhbət təzimlənən üzən valyuta sistemindən gedir. Ona görə də Mərkəzi Bank birmənalı şəkildə lazım olan anda bazara daxil olmalıdır ki, kəskin kurs azalmaları baş verməsin”.

Ağa  Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı