Modern.az

“Bu növbəti devalvasiyadır, sadəcə, adını üzən məzənnə qoydular”

“Bu növbəti devalvasiyadır, sadəcə, adını üzən məzənnə qoydular”

21 Dekabr 2015, 11:14

İqtisadçı Natiq Cəfərli manatın növbəti devalvasiyası barədə şərh verib. O, Modern.az saytına açıqlamasında deyib ki, bu gözlənilən idi:

“Azərbaycan iqtisadi sistemi o qədər primitiv idi ki, neftin ucuzlaşmasına dözə bilmirdi. Hökumət öz bacarıqsızlığı ilə illərdir çoxşaxəli sistemə keçə bilmədi. Bu illər ərzində qeyri-neft sektorunun dominantlığı artmalı idi. Amma olmadı, nəticə olaraq manatın vəziyyəti getdikcə çətinləşdi. Ölkənin tədiyyə balansında gəlirlər azaldı.

Ekspertlər də bildirirdilər ki, Azərbaycan iqtisadiyyatı kəskin addımlara hazır deyil. Birdən-birə manatın 50 faizə qədər devalvasiyaya getməsi ölkə iqtisadiyyatını tamamilə çökdürəcək.

İnsanların götürdükləri kreditlərin qaytarılması müşkülə çevriləcək. Devalvasiyadan sonra dollarla kreditlərin ödənilməsi onsuz da dayandırılmışdı. Bu addımdan sonra bankların böyük əksəriyyəti ayaqda dura bilməyəcək. Bir çox bankın bağlanması, onların bankrot elan olunması və demək olar ki, panik havası yaşanacaq”.

Ekspert bildirib ki, insanların kreditlərini geri ödəyə bilməməsi o qədər kütləviləşəcək ki, hökumət borcları silməyə məcbur olacaq:

“Krediti geri ödəyə bilməyən on minlərlə insanı məhkəmə qərarları ilə zindanlara doldurmaq olmaz. Dünyanın heç bir yerində belə hal yoxdur. On minlərlə insanı çıxarıb küçələrə atmaq olmaz ki, borcunu qaytar. Bu mümkünsüz görünür. Ona görə də bu kütləvi xarakter alacağından, hökumət məcbur olub bir çox borcları siləcək. Çünki bir çoxlu artıq ölü borca çevrilib.

O borcların silinməsi isə bankları çökdürəcək. Nəzərə alaq ki, xarici mənbələrdən kredit cəlb edərkən banklar öz balanslarında alacaqlarını da göstərirdilər. İndi o da mümkünsüz olacaq”.

İqtisadçı qeyd edib ki, növbəti devalvasiya iqtisadiyyatda zəlzələ effekti yaradacaq: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın beynəlxalq reytinqi də aşağı düşüb. Azərbaycan bankları xaricdən ucuz faizlə kredit cəlb etməyəcəklər. Bu Azərbaycan iqtisadiyyatında silsilə zəlzələ effekti yaradacaq. Birinci devalvasiyadan sonra iqtisadiyyat onsuz da çökməyə doğru gedirdi. Ticarət, daşınmaz əmlak bazarı, avtomobil bazarı, pərakəndə ticarət xeyli aşağı düşmüşdü. Vizual olaraq da görürdük ki, şəhərdə yüzlərlə obyekt bağlanıb.

Ölkənin regionlarında da bunlar müşahidə edilirdi. İndi məcburi bahalaşma ilə əlaqədar ticarət dövriyyəsində, elektrotexnika bazarında, daşınmaz əmlak bazarında durğunluq yaranacaq. Çünki hər sahədə olduğu kimi, burada da xaricdən çox asılıyıq.

Azərbaycanda yaranan miflərə əsasən ərzaq məhsullarının 55 faizdən yuxarısı yerli istehsaldır, məzənnənin heç bir təsiri olmayacaq. Bu kökündən səhv yanaşmadır. Çünki yerli istehsal olan məhsulların xammalı belə xaricdən gətirilir. Yeli istehsal olan çayın 90 faizi idxal edilir, burada qablaşdırılır. Süd məhsullarının istehsalı üçün xammal xaricdən gətirilir, burada qablaşdırılır.

Onsuz da qiymətlər bahalaşmışdı. Bundan sonra məhsullar 25-30 faiz də bahalaşacaq. Ağır olan iqtisadi durumu daha da ağırlaşdıracaq və çox ciddi sosial gərginliyə gətirib çıxaracaq. Hökumət heç olmasa bu yolu addım-addım getsə idi, islahatlar apararaq iqtisadiyyatın qarşısını açsa idi, anlaşılan olardı. Amma belə kəskin və bir gecənin içərisində sovetdən qalma qərarların verilməsi onu göstərir ki, Azərbaycan hökuməti indiki böhranlı vəziyyəti idarə edə bilmir.

Bu kəskin devalvasiyadır, sadəcə, mədəni termin taparaq adını üzən məzənnə qoydular. Əslində bu barədə dəfələrlə çıxış da etdik. Azərbaycanda üzən məzənnəyə keçmək üçün şərait yoxdur. Üzən məzənnəyə keçmək üçün azad bazar iqtisadiyyatının, rəqabətli mühitin, valyuta birjasının, qiymətli kağızlar bazarının olması və digər şərtlər vacibdir. Bizdə isə bütün bunlar yoxdur”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir