Modern.az

“Mərkəzi Bank insanları aldatdı”

“Mərkəzi Bank insanları aldatdı”

İqtisadiyyat

21 Dekabr 2015, 12:30

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 21 fevral devalvasiyasında 33 faiz ucuzlaşan manat, 21 dekabrda birdən-birə 68 faizə qədər dəyər itirdi.

Bir çox ekspertlər prosesin davam edəcəyini və bunun sosial gərginliyə səbəb olacağını proqnozlaşdırarkən iqtisadçı Azər Mehtiyev manatın növbəti devalvasiyasını fərqli şərh edib. Modern.az saytı xəbər verir ki, mütəxəssis ölkədə baş verən iqtisadi prosesləri analoqsuz inkişaf adlandırıb:

“21 fevral 2015 - manat 33,8 faiz devalvasiya olunur, 21 dekabr 2015 - manat daha 67,7 faiz devalvasiya olunur. 
2015-ci ilə 1 dollar = 0,78 manat məzənnə ilə başladıq, ili 1 dollar = 1,55 manat məzənnə ilə yola salırıq. 
Yəni ilin əvvəli ilə müqayisədə ilin sonuna dollara nisbətən manat 2 dəfə ucuzlaşdı”.

Azər Mehtiyev deyib ki, neftin qiyməti aşağı düşdükcə və ölkənin neft gəlirləri azaldıqca, müstəqil ekspertlər manatın devalvasiyasının qaçılmaz olduğunu söyləyəndə hökumət onları “əhali arasında panika yaymaqda” suçlayırdı:

“Hətta fevral devalvasiyasından sonra da manatın məzənnəsinin 1,05 səviyyəsində saxlanılmasının başadüşülən olmadığını dəfələrlə bildirmişik. Mərkəzi Bank və hökumət isə israrla bildirirdi ki, hər şey nəzarət altındadır, heç bir devalvasiya olmayacaq. Hökumətin bu qədər israrları nəticəsində, habelə fevralda atılan addımdan sonra ölkə iqtisadiyyatının, xüsusilə bank sektorunun hələ özünə gələ bilmədiyini nəzərə alıb hökumətin qısa bir müddətdə ikinci bir ağır addım ataçağından, yəni kəskin devalvasiyaya gedəcəyindən çəkinəcəyini düşünürdük. Bu addımın ən tezi yanvarda olacağı gözlənilən idi. Amma bu qərar bir daha göstərdi ki, hökumət komandasının fəaliyyəti proqnoza gəlmir”.

Ekspert Mərkəzi Bankı insanları aldatmaqda ittiham edib: “ABŞ-da FES uçot dərəcəsini qaldırmağa hazırlaşdığını tam 1 il əvvəldən bəyan edir, araşdırmalar və müzakirələr aparır və cəmiyyəti buna hazırlayır. Uçot dərəcəsinin qaldırılması isə tədricən, addım-addım, məqsədyönlü həyata keçirilir. Heç bir panikaya imkan verilmir. Buna cəmiyyəti idarə etmək deyirlər. 
Ölkəmizdə isə tamamilə fərqli yanaşma hökm sürür: siyasət qapalı aparılır, cəmiyyət aldadılır, ən yüksək səviyyədə hər şeyin nəzarət altında olduğu, heç bir problemlərin olmadığı bəyan edilir, əhali iqtisadi savadsızlıqda və yersiz panikaya düşməkdə ittiham olunur, sonra isə birdən kəskin addımlar atılır... 

Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1,05-dən 1,55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1,15, yaxud 1,35 yox, məhz 1,55. Bu məzənnə haradan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi? 

Deyirsiniz ki, “üzən məzənnəyə keçirik”, onda manatın “cilov”unu buraxın, manat özü tədricən kursunu tapsın. Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə “üzən kurs” adlandırırsınız ki?”. 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır