Modern.az

Azərbaycanda bahalı villalardan əmlak vergisi alına bilərmi?

Azərbaycanda bahalı villalardan əmlak vergisi alına bilərmi?

İqtisadiyyat

21 Dekabr 2015, 15:40

 

Azərbaycan Mərkəzi Bankının üzən valyuta məzənnəsi rejiminə keçməsi ilə dolların kursu rəsmi olaraq 1 manat 55 qəpik oldu. Dünya neft birjalarında isə “Brent” markalı neftin 1 bareli 36,48 dollara satılıb. Deməli, artıq bundan sonra neftdən büdcəyə daxilolmalar da azalacaq. Bundan əlavə, artıq tətbiq olunan üzən məzənnə rejimi də ümumən istehsal və digər xidmət sahələrində də qiymət artımının olacağını istisna etmir.

Görəsən, belə kritik və gərgin maliyyə-iqtisadi şəraitdə Azərbaycanda müəyyən insanlara məxsus lüks mallara, bahalı villalara, avtomobillərə, qızıl-zinət əşyalarına əlavə gəlir vergisinin qoyulması baş verə bilərmi?

Maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov Modern.az-a açıqlamasında dünya maliyyə və iqtisadi təcrübəsində belə bir addımın mövcud olduğunu bildirib:

“Lakin Azərbaycanda bu gün belə lüks malların alınmasının rəsmi dövriyyə rəqəmləri yox səviyyəsindədir. Məncə, belə bir addım atılsa, təbii ki, çox yaxşı olar. Çünki müxtəlif yollarla əlavə gəlirlər, pullar əldə edib belə lüks həyat yaşayan şəxslərin bu məhsullarına vergilər qoyulsa, dövlət büdcəsinə əlavə vəsait daxil ola bilər”.

Ekspertin fikrincə, belə qayda tətbiq olunarsa, həmin insanların bu cür bahalı lüks əşyaları necə və hansı yollarla aldıqları da müəyyən olunar: “Digər tərəfdən, bahalı lüks əşyalara vergi tətbiq edilsə, ən azından, həmin insanların, həmin bahalı lüks əşyaları hansı pulla aldıqları ortaya çıxacaq. Əgər neftin qiymətinin düşdüyü, manatın devalvasiyaya uğradığı bir şəraitdə bu addım atılsa, o qədər də öz effekt verməz. Çünki onsuz da müflisləşmə şəraitində belə lüks malları almaq heç kəsin marağında olmaz”.

İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədov isə düşünür ki, bu üsulla büdcə kəsirinin qarşısının alınması mümkün deyil: “Mən bu yolla vergi kəsirlərinin bağlanmasının mümkün olmayacağı qənaətindəyəm. Vergilərin müxtəlif əmsalları proqressiv dərəcə ilə götürülməlidir.

Yəni adamın 1 əmlakı varsa, ona 1 vergi dərəcəsi, yox əgər 1 adamın 10 əmlakı varsa, ona proqressiv dərəcə ilə vergi tətbiq olunmalıdır. Bu, həm tamahkarlığın qarşısını alar, həm də bəzi insanların öz qohumlarının, yaxınlarının adlarına yazdırdığı mülklər ortaya çıxa bilər. Bunun üçün əslində iqtisadiyyat şəffaf olmalıdır. Məmur və daha çox imkanlı şəxslər vergi bəyannamələri verməlidirlər”.    

Ağa Akifoğlu    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir