Modern.az

Manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verilməyəcək

 Manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verilməyəcək

İqtisadiyyat

21 Dekabr 2015, 21:08

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verməyəcək. Modern.az saytı xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, valyuta bazarına və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin sürətlə aşağı düşməsi deyil, hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz.

AMB sədri bildirib ki, ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin artmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirildi. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Lakin yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətləri ilə uyğunlaşmasını zəruri edir.

Bundan əlavə, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən bu gün üzən məzənnə rejiminə keçid barədə qərar qəbul olunub: "Üzən məzənnə nədir? Fundamental olaraq, bütövlükdə valyutada əmtəədir, ona tələb və təklif var, dünya bazarlarında onun qiyməti tələb və təklif arasında formalaşır. Buna idarə olunan üzən məzənnə deyirlər".

E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə əhəmiyyətli dərəcədə üzməsinə imkan verməyəcək: "Biz bunu idarə edəcəyik, çünki bugünkü məzənnədən əhəmiyyətli kənarlaşma bazar üçün çox ciddi çaşqınlıq yarada bilər. Biz bazardayıq, bu gün ilk auksionumuzu təşkil etdik, yəni biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik".

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?