Modern.az

İsveçdə gördüklərimiz...

İsveçdə gördüklərimiz...

24 Noyabr 2010, 12:18

Dünyada ən çox oxuyan millətlər sırasında isveçlilər dördüncü yerdədir. Burada qəzetlərin gündəlik tirajı 3 milyonu keçir. Hər səhər qəzet oxumaq sadə İsveç ailəsində adətə çevrilib. Azərbaycanlı jurnalistləri İsveçdə yerli mətbuatla tanış edən Veronika Menjunun dediyi kimi, qəzet isveçlilər üçün  “səhər yeməyində yağ-çörəyə zəruri əlavə”dir. Ona görə də səhər qəzetlərinin tirajının 93 faizi abunə yolu ilə paylanır. Çünki insanlar qəzetin səhər qapılarına gəlməsini istəyirlər.

Emiqrantlar qəzet almır – tiraj aşağı düşür

Amma İsveçdə də qəzetlərin tirajları aşağı düşməyə başlayır. Məsələn, ölkənin  bir nömrəli qəzetlərindən olan “Aftonbladet”in gündəlik tirajı ötən ilə nisbətən 30 min azalıb. İndi bu qəzetin gündəlik tirajı 330 mindir. (İsveçin əhalisi 10 milyonu aşmır). Bunun səbəblərindən biri ölkədə sayı artan emiqrantların qəzetə abunə olmamasıdır. İkinci səbəb isə təbii ki, İnternetin inkişafı ilə bağlıdır.

Yeni doğulan uşaqlar haqda xəbəri daha çox oxuyurlar

İsveçdə əhali qəzetlərdə sensasiya, siyasi xarakterli materiallar axtarmır. İnandırıcı görünməsə də, onların ən çox bəyəndiyi səhifə yeni doğulan uşaqlar və dünyasını dəyişən insanlar haqqında elanlar səhifəsidir. Qəzetin fotoqrafı bir-bir doğum evlərini gəzərək yeni doğulan uşaqların şəkillərini çəkir. Sonradan bu fotoları pulsuz olaraq qəzetə yerləşdirirlər. Məhz bu səhifə çox populyardır.

İsveçin yerli vilayətlərinin hər birində ən çoxu 2 iri qəzet olur. Özü də tirajına görə 2-ci yerdə olan qəzet dövlətdən subsidiya ala bilər. Amma istənilən halda bu yardımın miqdarı onun istehsal xərclərinin 30 faizini aşa bilməz. Yəni, əgər qəzet ziyanla işləyirsə, onda bu subsidiya onun yaralarını sağaltmayacaq.

Hökumət qəzetdə elan vermək üçün pul ödəyir

Dövlət mətbuata maddi yardım göstərsə də, İsveç qəzetləri hökumətin elanlarını pulsuz dərc etmir. Əgər dövlət qurumlarının hansısa elan, bildiriş vermək istəsə, gərək bunun üçün pul xərcləsin və qəzetdə reklam kimi çap etdirsin. Bəzən yerli icra hakimiyyətləri  bələdiyyələr öz elanları dərc edib sadəcə vərəqələr paylayırlar.

Amma azərbaycanlı jurnalistləri qəzetlərin mövzu dairəsi daha çox təəccübləndirdi. Belə təsəvvür yaranırdı ki, İsveç ictimaiyyətini xüsusi maraqlandıran mövzu dairəsi yoxdur. Heç seçki də onları o qədər maraqlandırmayıb. Seçki ərəfəsində ölkənin ən böyük qəzeti – “Aftonbladet” gündə yalnız 1 səhifə materialını həsr edib. Özü də bu səhifədə bizə görə o qədər də maraq doğurmayan məlumatlar yer alıb.

Siyasətçinin yalan deyib-demədiyini bilmək mümkündür

Amma əvəzində qəzetin saytında xeyli layihələr reallaşdırılıb. Bunlardan biri – qəzetin saytındakı “Yalan detektoru” idi. Bu detektorla siyasətçilərin seçkiqabağı çıxışlarda səsləndirdiyi bəyanatların düzgün olub-olmadığını yoxlamaq olurdu. Tutaq ki, baş nazir postuna namizəd şəxs enerjinin qiymət haqqında hansısa fikir deyir. Oxucu həmin sitatı tapıb detektora qoyur və bu bəyanatın düzgün, ya yalan olduğunu bilmək mümkündür.

Seçki kompası adlanan digər bir layihədə isə istənilən İnternet oxucusu ölkənin həyatı ilə bağlı 30 suala cavab verir və nəticədə sistemin özü onun baxışlarının hansı partiyanın platformasına yaxın olduğunu müəyyənləşdirir.

Partiya lideri 1000 avroluq çantaya görə seçilmədi

İsveçin ikinci ən böyük qəzeti – “Dagens Nyheter” seçki günü parlament seçkilərinə qatlan 8 əsas partiya liderlərini bir araya gətirib yanaşı şəkillərini çəkdirib. Həmin şəkildə yalnız ölkənin ikinci əsas partiyası sayılan sosial-demokratların lideri Mona Salinin qarşısında iri qırmızı çanta var idi. Sən demə, xanım bunu hamının acığına edibmiş. Çünki 5-6 ay əvvəl xanım Salinin özüylə gəzdirdiyi bu çantaya görə yaman mətbuatda yaman qalmaqal qopubmuş. Məlum olub ki, bu çanta “Lui Vitton” markasından imiş və qiyməti 1000 avrodur. Xanım çantanın ona hədiyyə olduğunu desə də, onun nüfuzuna ciddi xələl dəyib. Çanta mövzusu ilə bağlı mediada xeyli mübahisələr gedib. Amma seçki günü xanımın hövsələsi daralıb və çantanı hələ də gəzdirdiyini sübut edən şəkil çəkdirib. Nəticə - seçkidə bu partiya öz mövcudluğu tarixində ilk dəfə ən az səs toplayıb və xanım Salin baş nazir seçilə bilməyib...

Baş nazirin sevgilisindən yazmaq olar, kralın yox

İsveçdə kral ailəsindən yazmağı sarı mətbuatın işi kimi qəbul edirlər. Amma bəzi siyasi məsələlər gündəmə gələndə kraldan yazırlar. “Fokus” jurnalının şef-redaktoru Engzell Karss deyir ki, kral ailəsi ilə bağlı yalnız bir tabu var: “O da kralın sevgi macəralarıdır. Hesab edirik ki, bunun ictimai əhəmiyyəti yoxdur. Əgər baş nazirin sevgilisi olsaydı, bundan yazmaq lazım olardı. Çünki bu, həm də milli təhlükəsizlik  məsələsidir. Nə bilirsən ki, baş nazirin sevgilisi kimdir? Amma kralın siyasi qərarlar vermək səlahiyyəti yoxdur, ona görə bu barədə yazmağın anlamı yoxdur”.

Azərbaycan Media Mərkəzinin təşəbbüsü ilə baş tutan səfər zamanı Stokholmda çox görüş keçirdik. Bu zaman bir şeydə tam əmin ola bildik -  İsveçdə söz azadlığı sözün əsl mənasından mövcuddur. Burada jurnalist istənilə məlumata çox asanlıqla əldə edə  bilir. Bu ölkədə siyasətçilərin özləri jurnalistlərlə dostluqda maraqlıdırlar. Və hətta medianın marağını cəlb etmək üçün o həddə gəlib çatıb ki, medianın marağını cəlb etmək üçün müxtəlif pozalarda şəkillər də çəkdiriblər. Məsələn, parlamentdəki partiyalardan birinin sədri Karl Bildt kostyumla dənizin içinə girib şəkil çəkdirib. Başqa bir partiyanın qadın lideri isə dəniz qırağında çimərlik paltarında poza verib.

İsveçlilərin nə KİV haqqında, nə də İfadə azaldığı haqqında ayrıca qanunları yoxdur. Bu hüquqlar elə Konstitusiya ilə onlara verilib. Amma buna baxmayaraq, bu ölkədə jurnalistlərə qarşı demək olar məhkəmə iddiaları olmur. İldə uzağı 5-6 media nümayəndəsinə qarşı məhkəmə işinə baxıla bilər. Bunda da çox vaxt jurnalistlərə bəraətverici qərarlar çıxarılır.

 

“Aftonbladet”in üç mərtəbəli möhtəşəm redaksiyası fnunda şəkil çəkdirməmək mümkün deyildi .

 

“Aftonbladet”in redaktoru seçki dövründəki fəaliyyətlərindən danışır. 

 

Veronika Menjun: “İsveç ailəsi səhər yeməyində mütləq qəzet də oxuyur” .

 

İsveçdə bu cür səhifələri daha çox xoşlayırlar.

 

Karl Bildt jurnalistlərin diqqətini çəkmək üçün kostyumla dənizdə çimib.


Fərəh Sabirqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir