Modern.az

“Evə pul gətirə bilməyən kişi arvad-uşağının yanında başıaşağı olur”

“Evə pul gətirə bilməyən kişi arvad-uşağının yanında başıaşağı olur”

İqtisadiyyat

25 Dekabr 2015, 16:12

 

Təxminən 20 il əvvəl, yenicə müstəqillik əldə etdiyimiz illərdə işsizlik ucbatından daha çox orta və yuxarı yaş qrupuna aid kişilərin çayxanalarda vaxt keçirtmək vərdişi geniş yayılmışdı. Təbii ki, belə faktlar indi də az deyil. Digər tərəfdən, artıq bu cür halların çoxalması insanlarda psixo-sosioloji fəsadlar da törətməyə başlayıb.

Yəni artıq işsiz, banka borcu olan, ailəsini dolandıra bilməyənlər çıxış yolnu intiharda axtarırlar. Lakin yaşlıların danışdıqlarından məlum olur ki, sovet hakimiyyəti illərində, ümumiyyətlə, küçədə işsiz adam görünəndə həmin an onu milis bölməsinə, yaxud müvafiq inzibati orqana aparıb iş vaxtı bekar qalmasının səbəbi araşdırılırdı.

İndi Azərbaycanda iş tapmaq bir qədər çətin olduğundan kişilərin əksəriyyəti vaxtını çayxanalarda keçirir, bəzən səhərdən axşama kimi nərd, domino oynayırlar. Küçələrdə gəzişən bekarlar da az deyil və belələrini qınamaq da olmur. Təbii ki, iş yerlərinin azalması bekar adamların sayını çoxaldır.  

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a açıqlamasında deyib ki, iqtisadi vəziyyətin bu cür davam edəcəyi şəraitdə vəziyyət heç də yaxşı olmayacaq: “Sovet hakimiyyəti dağıldıqdan sonra və müstəqilliyin ilk illərində, təbii ki, sosial-iqtisadi vəziyyət ağır idi. Azərbaycanda indi müşahidə olunan böhran səbəbindən də iş yerlərinin sayı bir müddət azalacaq. Deməli, insanlar yeni həyat tərzi tapana qədər bekarçılıqdan çayxanalarda vaxt keçirən kişilərin sayı da artacaq.

Bu, cəmiyyət üçün çox böyük sosioloji təhlükədir. İşsiz kişilər istəsələr belə, evdə otura bilməyəcəklər, həyat yoldaşları onları çölə getməyə məcbur edəcəklər. İqtisadiyyatımız iqtisad elminin qanunlarına zidd olaraq inhisarçılıq üzərində qurulub. Əgər biz ölkəni bu inhisarçıların əlindən qurtara bilsək, vəziyyət düzələcək. İşsizlik indiki templə davam etsə, qorxulu sosial-ictimai vəziyyət də yarana bilər. Maddi, maliyyə amilləri önə çıxan cəmiyyətlərdə mənəviyyatsızlıqlar baş alıb gedir. Biz ilk növbədə qudurğan, yolunu azmış insanlara qarşı mübarizə aparmalıyıq ki, vəziyyəti bu hala çatdırmasınlar.  Yeganə çıxış yolu ciddi iqtisadi-elmi araşdırmalar ortaya qoyulmalıdır.

Psixoloq Dəyanət Rzayev isə hesab edir ki, artıq devalvasiyadan, qiymət artımından, işsizlik hallarının artmasından sonra insanlarda psixi travmalar intihar hallarına keçməkdədir:

“Ölkədəki mövcud iqtisadi-sosial çətinliklər insanları təbii ki, işsizlik və bekarçılıq ucbatından çayxanalara, nərdxanalara üz tutmağa vadar edəcək.  Biz indi həmin insanları qınaya bilmərik. Amma kimsə işi olduğu halda çayxanada boş-bekar oturmaz. Bu gün artıq insanlar fəhləlik etmək üçün iş tapa bilmirlər.

Onlar evdə oturmaqdan da bezib çayxanalara üz tuturlar. Ancaq, bir məsələni də diqqətdən qaçırmayaq, çayxanada çay içməyə də pul lazımdır. Bekar adamlar bir-iki gün gedib çay içəcəklər. Bəs sonra, nə edəcəklər? Belə vəziyyətdə intiharlar çoxala bilər. Kişi evə pul gətirə bilmirsə, arvad-uşağının yanında başıaşağı olur. Nəticədə özünü öldürməkdən başqa yol görmür”.

Psixoloqun fikrincə, dövlət adamları, deputatlar, iqtisadçılar anlaşılmaz mövqe tutmamalı, xalqı düzgün istiqamətləndirməlidirlər: “Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Xarici ölkələrdə belə bir praktika var: hansısa iqtisadi və digər sahələrdə böhranlar, problemlər olanda, hökumətdəkilər, deputatları televiziyalarda problemlərdən çıxış yollarını arayırlar.

Amma çox təəssüf ki, bizdə bunu etmək əvəzinə, bəzi dövlət adamları və deputatlar media və sosial şəbəkələrlə insanlara boş-boş, yalan vədlər verirlər. Yəni insanları reallıqdan uzaqlaşdırırlar.

Təbii ki, bu yolverilməzdir. Belə vədlər insanları daha da depressiyaya, əhval-ruhiyyəsizliyə kökləyir. İnsanlar devalvasiyanı, işsizliyi, qiymət artımını gülə-gülə, lağ edə-edə qarşılayırsa, deməli, müəyyən müddət sonra bunun çox ağır, pis, sosial-psixoloji nəticələri olacaq. Belə deyək, hələ insanlar çaşqınlıq içindədirlər.

Yəni, aldıqları psixoloji zərbə hələ istidir. Ona görə özləri də səbəbini bilmədən gülürlər. Ancaq bir müddət sonra artıq gülməyə yox, ağlamağa başlayacaqlar”.

Psixoloqun sözlərinə görə, devalvasiyadan sonra insanlar aqressivləşiblər, hər şeyə tez reaksiya verirlər: “90-cı illərdə bir insan Bakıda öz ailəsinin bütün üzvlərini və özünü öldürmüşdü. Allah uzaq eləsin, indi də hallar ola bilər.”  

Ağa Akifoğlu    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı