Prezident İlham Əliyev noyabrın 24-də Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda keçiriləcək Azərbaycan-Polşa hökumətlərarası birgə komissiyanın iclasına toxunan Prezident İlham Əliyev dedi ki, bu iclas münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran məsələlərə yenidən baxmaq üçün yaxşı fürsət yaradacaq. Dövlət başçısı fəal əməkdaşlığımızın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak ölkəmizdə həyata keçirilən nəhəng tikinti-quruculuq işlərinə və əldə edilən dinamik inkişafa görə Prezident İlham Əliyevi təbrik etdi. O, Azərbaycan Prezidentinin Polşaya rəsmi səfərini və səfər zamanı onunla görüşünü məmnunluqla xatırladıB. Valdemar Pavlyak Polşa-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasının əməkdaşlığımızın daha da genişləndirilməsi işinə yeni təkan verəcəyini vurğuladı. İş adamlarının qarşılıqlı fəaliyyəti üçün lazım olan sahələrin müəyyən edilməsinin zəruriliyini qeyd edən qonaq Polşanın özəl biznes nümayəndələrinin Azərbaycanda böyük məmnuniyyətlə işləmək arzusunda olduqlarını dedi.
Polşa iş adamlarının Bakıda keçiriləcək biznes forumundan danışan Prezident İlham Əliyev həmin tədbirdə Azərbaycanda həyata keçiriləcək layihələrlə bağlı məlumatların da təqdim ediləcəyini və bunun polşalı iş adamları üçün çox maraqlı olacağını bildirib.