Modern.az

İqtisadçı gözlənilən üçüncü devalvasiyadan danışdı

İqtisadçı gözlənilən üçüncü devalvasiyadan danışdı

28 Dekabr 2015, 16:01

 

“Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın addımı ötən həftə sonu Bakıda, eləcə də rayonlarda uzun illərdən sonra yenidən “qara bazar” formalaşdırdı”.

Modern.az saytı xəbər verir ki, iqtisadçı Vüqar Bayramov üzən valyuta siyasətinə keçən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub: “Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi.

Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən adıçəkilən bankın bazardan çəkiləcəyi halda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırmaq çətin deyil. Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işlərini bərpa etməyib. Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb”.

Vüqar Bayramov bildirib ki, üçüncü devalvasiyanın baş verməsi bank sektorunun çökməsinə gətirib çıxara bilər

“Qarşıdan bayram günlərinin gəldiyini nəzərə alsaq, Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Çünki əgər bayram günlərində Mərkəzi Bank bazara çıxmazsa, o zaman 2 manata belə 1 dollara tapmaq mümkün olmayacaq və bu milli valyutanın “qara bazar”da kəskin ucuzlaşmasına səbəb olacaq.

Buna görə də indiki halda ən məqbul yol xarici borclanmaya getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır.

Valyuta ehtiyatları 17 milyard dollardan 5 milyard dollaradək azalan Mərkəzi Bankın bazara müdaxilə imkanları getdikcə məhdudlaşır.

Buna görə də Mərkəzi Bank əlavə rezervlər cəlb etməlidir. Mərkəzi Bank öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəllərində bazarın dollarla təminatını davam etdirməlidir. Əks halda, bayram günləri istənilən inzibati metodlar ilə “qara bazarın”, o cümlədən dolların bahalaşmasının qarşısını almaq mümkün olmayacaq”.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?