Modern.az

İqtisadçıdan həyəcan təbili: “Orta təbəqə yox ola bilər”

İqtisadçıdan həyəcan təbili: “Orta təbəqə yox ola bilər”

İqtisadiyyat

28 Dekabr 2015, 18:47


“Orta təbəqə hər bir ölkənin bel sütunudur. Hər bir ölkədə stabilliyin, sabitliyin və inkişafın əsas qoruyucusu  məhz orta sinif olub. Orta təbəqə bir müddət Azərbaycanda çox yaxşı formalaşmışdı. İnsanlar  özlərinə ev, maşın ala bilir, xaricdə istirahətə də gedirdilər. Yəni bu təbəqə özünü formalaşdıra bilmişdi. Amma indiki devalvasiyadan, manatın ucuzlaşmasından sonra orta təbəqəyə çox ağır zərbə dəyəcək. İqtisadiyyatın zəifləməsi, aktivliyin azalması, iş yerlərinin ixtisar edilməsi orta təbəqəni xeyli zəiflədəcək”.  

Bunu Modern.az saytına açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli  manatın ucuzlaşmasından  sonra ölkədə yaranan böhran nəticəsində orta təbəqənin üzləşəcəyi fəsadlardan danışarkən qeyd edib. Xatırladaq ki, bu günlərdə orta təbəqənin yararlandığı “Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanma təhlükəsi ilə üzləşməsi bu sinfin yaşam tərzinə vuracaq zərbələrin ilk siqnalları idi.

N.Cəfərli ölkə iqtisadiyyatının bel sütunu olan orta sinfin zəifləməsinin çox ağır fəsadlar yaradacağını bildirib:

“Orta təbəqənin bu cür sürətlə zəifləməsi, yoxsullaşması ölkə iqtisadiyyatı üçün heç də yaxşı nəsə vəd etmir. Çünki ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsi orta təbəqədir. Bir çox ölkələrdə zəif təəssürat yaranır ki, guya iqtisadiyyatın əsas xəttini kasıb təbəqə təşkil edir. Bu heç də belə deyil. Orta sinif üçün müəyyən imkanlar yaradılmalıdır ki, onlar da öz işlərini görə bilsinlər. Çünki orta sinif nə qədər yaxşı inkişaf etsə, bu, ölkənin iqtisadiyyatı üçün bir o qədər xeyirdir. Orta təbəqə nə qədər çox pul qazansa, bir o qədər xeyirdir. Çünki onlar nə qədər çox qazansalar, bir o qədər də çox vergi verəcəklər. Ona görə də bu məsələyə diqqət edilməlidir. Çox təəssüf ki, ölkənin antiböhran proqramı yoxdur. Əgər nə zamansa hazırlansa, düşünürəm ki, ora mütləq orta təbəqəyə aid müəyyən bəndlər əlavə edilməlidir”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!