Modern.az

Bakıda vətəndaş cəmiyyəinin inkişafına dair beyəlxalq tədbir keçirilir

Bakıda vətəndaş cəmiyyəinin inkişafına dair beyəlxalq tədbir keçirilir

25 Noyabr 2010, 16:13

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

25 ölkə və bir sıra beynəlxalq təşkilat təmsilçilərinin qatıldığı tədbir Bakıdakı “Park İnn” hotelinin “Dan ulduzu” zalında təşkil olunub. Mərasim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin, Counterpart İnternational Təşkilatının, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun  və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin yaxından iştirakı və dəstəyilə həyata keçirilir.

Konfransda Şuranın sədri Azay Quliyev çıxış edib. O, beynəlxalq konfransın Azərbaycanda vətəndaş cəmiyyətinin davamlı inkişafı, QHT-lərin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılmasını, eləcə də qəbul olunması gözlənilən “Bakı Bəyannaməsi”nin vacibliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə koordinatoru Keith Simmons, Counterpart İnternasional təşkilatının vitse-prezidenti xanım Arlene Lear, ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilge Cankorel və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun icraçı direktoru Fərda Əsədov açılış nitqi söyləyiblər. Onlar bildiriblər ki, belə bir konfransın Azərbaycanda keçirilməsi son illər ölkənin sürətlə artan iqtisadi qüdrətinin və cəmiyyətdə gedən demokratik proseslərin daha da dərinləşməsinin nəticəsi olaraq, vətəndaş cəmiyyəti institutlarının inkişafına da böyük təkan verir.

Konfransın məqsədi vətəndaş cəmiyyətinin inkişafına çalışan hökumət, QHT və beynəlxalq donor təşkilatlarla birgə QHT sektorunun inkişafı ilə bağlı nəzəri və praktiki məsələlərin müzakirə edilməsi, qabaqcıl ölkələrdə QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsinin öyrənilməsi və yayılması, habelə QHT-hökumət əməkdaşlığının səmərəsinin artırılmasında effektli vasitə və işlək mexanizmlərin aşkarlanmasından ibarətdir.

Qeyd edək ki, sabah da davam edəcək konfransda məruzələr ediləcək, yekun sənədlərdən biri olaraq, “Bakı Bəyannaməsi” qəbul ediləcək. Bəyannamədə vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şəraitin yaradılması üçün hüquqi bazanın təkmilləşdirilməsində regional və beynəlxalq əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, QHT-lərə dəstək verən dövlət qurumları və fondların təcrübəsinin öyrənilməsi, qarşılıqlı informasiya və təcrübə mübadiləsi məqsədilə onların beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması, region və beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirakçılığın təmin olunması və sair mühüm məsələlər öz əksini tapacaq.









Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi