Modern.az

“Bakıda küçə ticarəti canlanacaq”

“Bakıda küçə ticarəti canlanacaq”

6 Yanvar 2016, 12:18

Müşahidələr göstərir ki, manatın ikinci şok devalvasiyasından sonra ölkədə, xüsusilə paytaxt Bakıda küçə ticarəti canlanmaqdadır. Xüsusilə metro stansiyaların giriş-çıxışında kiçik stol qoyub müxtəlif əşyalar satan insanlara rast gəlmək mümkündür.

Nəzərinizə çatdıraq ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.

İqtisadçı Rövşən Ağayev Modern.az saytına açıqlamasında bunun gözlənilən olduğunu deyib:

“Əslində, əvvəldən hökumətin küçə ticarətinə qarşı çıxmasını qəbul etməmişdim. Mən Avropa ölkələrini kənara qoyuram. Məmurlarımızın da daha çox üz tutduğu yer Türkiyədir. Xüsusilə də İstanbulda küçə ticarəti çox yüksək səviyyədə inkişaf edib. Əlbəttə, ərzaq məhsullarının küçədə satılması təhlükəsizlik baxımından qənaətbəxş deyil. Amma nisbətən aztəminatlı ailələrin də ala biləcəyi geyim və bu kimi əşyaların küçədə satılmasının nəyi pisdir? Küçə ticarəti yoxsulluqla mübarizədə istifadə olunan variantlardandır”.

Ekspert deyir ki, hökumət küçə ticarətinə göz yummağa məhkumdur:

“Bir halda ki, ölkədə yoxsulluq var və insanlar bu yolla öz gəlirlərini, tələbatlarını təmin edirlərsə, hökumət buna göz yummalıdır. Ölkədə yaranan situasiya göstərir ki, hökumət manatın dəyərdən düşməsi, neft gəlirlərinin azalması fonunda büdcə gəlirlərinin ixtisar olunması və büdcə indeksasiyalarının məhdudlaşdırılması şəraitində küçə ticarətinin müəyyən qədər əl-qol açmasına, genişlənməsinə göz yummağa məhkum və məcburdur. Əks halda bu çox ciddi şəkildə sosial narazılıqların artmasına səbəb ola bilər. Hətta yaxın vaxtlarda küçə ticarətinin bir qədər də canlanmasının şahidi olacağıq”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər