Modern.az

Azərbaycanda əlillərlə bağlı YENİLİKLƏR olub

Azərbaycanda əlillərlə bağlı YENİLİKLƏR olub

6 Yanvar 2016, 12:50


Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə  “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib.
Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Əsasnaməyə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır.  Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla 3 (üç)  il müddətinə uzadılır: “Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəsissələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur”.

S.Müslümov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. 
Həmçinin ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq:

“Ona görə də bir daha bəyan edirik ki, hazırda həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəsissələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcəkdir”.

Nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib. Qeyd olunanlarla yanaşı, ilkin əlilliyin təyin olunması prosesinə nəzarətin  gücləndirilməsi məqsədilə bu sahədə də ciddi dəyişikliklər edilib. Belə ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-ləri tərəfindən deyil, Nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət  səyyar komissiyalar tərəfindən həyata keçirilir.    Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə  zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və  müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.
   
S.Müslümov diqqətə çatdırıb ki, respublikada əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir. Bu informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, “Elektron hökumət” portalı üzərindən “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətin istifadəyə verilməsinə şərait yaradıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış bütün şəxslər portala daxil olaraq həmin e-xidməti seçməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, habelə bu və ya digər təşkilata təqdim etmək üçün əlilliyini təsdiq edən elektron arayış əldə edə bilərlər. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanına malikdirlər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub