Modern.az

Bahalı dollar parfümeriya şəbəkəsini də çökdürür

Bahalı dollar parfümeriya şəbəkəsini də çökdürür

İqtisadiyyat

6 Yanvar 2016, 15:19

Dolların manatı ciddi şəkildə üstələməsi Azərbaycanın ətriyyat satışı şəbəkələrinə də mənfi təsir göstərib. Bu isə o deməkdir ki, xanımlar əvvəlki kimi hər kosmetika növündən istədikləri kimi istifadə edə bilməyəcək, gənc oğlanlar isə xanımların ətrindən bihuş olmayacaqlar.

“Binə” və “Sədərək” kimi ən iri ticarət mərkəzlərinin ardından brend mağazalarla yanaşı, iri parfümeriya dükanları olan “İdeal”, “Sabina”, “Parfume De France”, “La Parfumerie” mağazalar şəbəkəsi də ağır durumdadır.

Bunu hiss etmək üçün həmin mağazalara baş çəkmək kifayətdir. Bayram ərəfəsində boşalan vitrinlər daha əvvəlki kimi zəngin deyil.

Görünür, əhalinin alıcılıq qabiliyyətinin həddindən çox aşağı düşdüyünü nəzərə alan sahibkarlar riskə getmir. Çarəni obyektlərinin qapısına qıfıl vurmaqda görürlər... Nəzərə alaq ki, böhran dövrlərində insanlar əlindəki vəsaiti gündəlik tələbat mallarına verməyi vacib sayır, o zaman geyim, parfümeriya, ev avadanlığı kimi əşyalar arxa plana keçir.

Azərbaycana Fransa, İtaliya, Dubay, Çin və bir çox Avropa ölkələrindən ətriyyat məhsulları idxal edilir. Dubay və Çindən idxal edilən parfümeriya məhsulları nisbətən ucuz qiymətə satılır.

Bundan başqa, Çin və Dubay Avropa ölkələrində istehsal edilən məhsulların saxta variantını da istehsal edirlər ki, alıcılar saxta ilə orijinal məhsulu seçməkdə çətinlik çəkirlər. Devalvasiyadan istifadə edən fürsətçilər isə ağına-bozuna baxmadan bütün məhsulları baha qiymətə satmağa çalışır, təbii ki, alan olsa...

Modern.az saytı alıcılıq qabiliyyətinin aşağı düşdüyü müşahidə edilən mağazaların rəsmi şəxsləri ilə əlaqə saxlayıb. Lakin onlardan heç biri bu barədə mətbuata açıqlama vermək istəməyib. Görünən odur ki, böhran bu şəbəkəni əməlli-başlı vurub, hətta açıqlama vermək iqtidarında belə deyillər...  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü