Modern.az

“Dövlət büdcəsinə yenidən baxılmalıdır”

“Dövlət büdcəsinə yenidən baxılmalıdır”

İqtisadiyyat

7 Yanvar 2016, 12:39


3-cü devalvasiya təhlükəsi, bahalaşma, iş yerlərinin qapadılması, ixtisarlar fonunda çətin vəziyyətə düşən əhali, artan sosial gərginliyin aradan qaldırılması üçün ən azından əmək haqlarının artırılmasına ümid edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında bu sahədə narahatlığını dilə gətirərək,  hökumətdən hər hansı xəbər olmadığını deyib:

“Problemlərlə bağlı bizim də çağırışlarımız olub, bir sıra təkliflər vermişik, amma hökumətdən səs yoxdur. Hazırda Mərkəzi Bank tərəfindən atılan addımlar manatın stabilləşməsinə yönəlikdir. Neftin dünya bazarlarında qiymətinin kəskin aşağı düşməsi bunu diqtə edir. Mən hesab edirəm ki, əsas sözü hökumət deməlidir”.

Deputat deyib ki, indiki halda dövlət büdcəsinə baxılması vacibdir:

“İlk olaraq dövlət büdcəsinə baxılmalıdır, sosial layihələr, dollarla olan kreditlərin aqibəti, əmanətlər, idxal-ixrac məsələləri həll olunmalıdır. Baxmayaraq ki, idxal prosesində monopoliyanın aradan qaldırılması üçün addımlar atılır, bütün problemlər kompleks həll edilməlidir”.

V.Əhmədov bildirib ki, əmək haqlarının artırılması üçün vəsait lazımdır:

“Vəsaiti vermək üçün isə mənbəyi tapmaq lazımdır. Manat devalvasiyaya uğrayandan sonra neft hətta 35 dollar səviyyəsində olanda da dövlət büdcəsinə təsiri olmur. Amma qiymət 35 dollardan düşəndə artıq dövlət büdcəsinə baxılması labüddür. Bir daha deyirəm ki, maaş artımı üçün əlavə vəsait olmalıdır. Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev hökumətə tədbirlər planı hazırlanması üçün göstəriş verib. Yəqin ki, hökumət bu tədbirlərini açıqlayacaq. Amma hələ ki, xəbər yoxdur..”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı