Modern.az

Papirosum yana-yana...Deputatlar nə vaxtdan, hansı markadan siqaret çəkirlər?

Papirosum yana-yana...Deputatlar nə vaxtdan, hansı markadan siqaret çəkirlər?

Parlament

26 Noyabr 2010, 17:27


Siqaretin zərərini hamı bilir, onu çəkməyənlər də, çəkənlər də...  Hamının bildiyi zərərli vərdişə qarşı təbliğat hələki nəticəsiz qalır, siqarat çəkənlərin sayı ilbəil çoxalır. Bu vərdişə aludə olanlar arasında hər bir təbəqədən olan insanlar var...

Bu günlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) siqareti atmaqla bağlı maraqlı aksiya keçirilib. Aksiya nəticəsində siqareti tərgidən 15 millət vəkilinə bu addımlarına görə sertifikat verilib.

Azərbaycan Milli Məclisində siqaret çəkən deputatlar az deyil. Modern.az deputatları sorğu-suala çəkərək onlardan bu zərərli vərdişə nə zaman başladıqlarını, hansı markadan olan siqaret çəkdiklərini, onu niyə tərgidə bilmədiklərini soruşub.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı
bildirib ki, o, 1969-cu ildən 2002-ci ilə qədər siqaret çəkib: “Siqaret çəkməyə hələ tələbə olduğum zaman - üçüncu kursdan başladım. O vaxta qədər siqaret çəkməmişdim. Tələbə vaxtı bəzi dostlara qoşularaq onların təxribatına uyub aradabir çəkməyə başladım. Yavaş-yavaş mənə üstün gələn bu maraq sonda peşəkar siqaretçəkənə çevrilməyimə səbəb oldu . Mən ömrümün 33 ilini siqaretlə keçirmişəm. Hətta elə olurdu ki, gündə 2 qutu bəs etmirdi. 2002-ci ildə özüm siqareti tərgitdim”.

F.Ağamalının siqaret çəkənlərə tövsiyəsi də var: “Siqaret çəkənlər düşünsünlər, özlərinə yazığı gəlsin. Siqaret insanın sağlamlığına zərərdir, Siqaret insanın ətrafında pis imic, pis aura formalaşdırır, onu atsalar, yaxşıdır…”.
“İlk dəfə çəkməyə hansı siqaretlə bağlamısınız” sualına Fəzail Ağamalı belə cavab verib: “Ən birinci “Kazbek”dən başlamşam. Daha sonra ilk filterli siqaret olan “Arzu”, onun ardınca isə “Avrora”, “Bolqar”  siqaretləri ilə dostluq etmişəm. 1980-ci ildən 2002-ci ilə qədər isə Amerika siqaretləri ilə yoldaşlıq etmişəm. Elə onalarla da siqareti birdəfəlik buraxmışam”.

Demokratik İslahatçılar Partiyasının sədri, millət vəkili Asim Molazadə deyir ki, o da siqaretin dadına hələ tələbə olarkən baxıb:
“1970-ci ildən indiyədək çəkirəm. Ümumiyətlə, bu mövzu mənim üçün maraq kəsb etmir. İndi siqareti birdəfəlik atmaq barədə düşünürəm. Siqaret çəkənlərə də məsləhət görərdim ki, bundan uzaq olsunlar...”.

Asim bəy ilk dəfə barmaqlarının hansı markadan olan siqaretə dəydiyini, indi hansından çəkdiyini açıqlamaq istəməyib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “Siqaretə orta məktəbdən başlamışam. O zaman uşaqlıq dostları yığışırdıq bir yerə, bir saatda bir qutu siqareti boşaldırdıq. Özümüzü siqaret çəkməyi bacaran kimi göstərməyə çalışırdıq. Beləcə, bu, bir vərdişə çevrildi. Amma beş ildir siqareti tam tərgitmişəm. Deyim ki, siqaret çəkəndə bunu mütəmadi etmişəm, yox...  Dörd ay çəkmişəm, 8 ay tərgitmişəm. Ən çox siqaret çəkdiyim zaman Milli Hərəkat dövrünə düşüb. Ən çox xoşladığım siqaret isə “Camel” olub - “dəvəli siqaret”.
Fazil Mustafa siqaret çəkməkdən qurtulmağa dair bir lətifə danışıb və bunu siqaret çəkənlərin bilməsini vacib sayıb:
“Bir papiros çəkən xan olur, siqareti tərgidə bilmirmiş. Hətta ona kömək edə bilmədiyinə görə adlı-sanlı həkimlərin boynunu vurdurur. Bütün dünyaya car çəkdirir ki, kim ona siqareti tərgidə bilsə, istədiyini verəcək.
Bunu eşidən bir kəndli arvadının tumanını götürüb gedir xanın  yanına. Ona deyir ki, “mən sənə siqareti tərgidə bilərəm”. Şərt də qoyur ki, bütün əyan-əşrəf yığılsın və xan da onun dediyinə əməl etsin. Razılıq əldə olunur.
Bütün əyan-əşrəf bir tərəfdə gözləyir. İnsanlar bir azdan bu kəndlinin də boynunun vurulacağını gözləyirlər. Birdən kəndli torbasından arvadının tumanını çıxarır və xana deyir ki, onu geyinsin. Xan əvvəldən söz veribmiş ki, siqareti atmaq üçün istənilən şərtə əməl edəcək. Amma kəndlinin sözlərini eşidəndə cin vurur başına, əyan-əşrəfi önündə tuman geymək olarmı? Odur ki, kəndliyə deyir ki, mən kişiyəm, bunu necə geyinim, hazırlaş sənin də boynun vurulacaq. Kəndli ondan soruşur ki, “doğrudanmı sən kişisən?”. Xan cavab verur ki “bəli”. Onda kəndli deyir “kişisənsə, tumanı geyinmə, siqareti tərgit”.
Xan da ondan sonra siqareti tərgidir”.

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev də əvvəllər siqaret çəkən olub: “Siqareti 1999-cu ildə tərgitmişəm. Bu pis vərdişə ali məktəbdən başlamışdım. O zaman siqaret çəkməyə elə-belə yanaşırdım. Amma sonra əməlli-başlı öyrəşdim ona. Onu da deyim ki, arada tərgitdiyim zamanlar da olub.

Birdəfəlik tərgitməyimə səbəb bilirsiniz nə olub? Bir dəfə atamın şəklini əlimə almışdım. Birdən yadıma düşdü ki, atam hər zaman siqaret çəkməyimin əleyhinə olub. Mən də heç vaxt onun yanında siqaret çəkməmişəm, amma gizlində çəkmişəm. Əlqərəz, onun ruhuna söz verdim ki, daha siqaret çəkməyəcəm. Bununla da hər şey qurtardı. Bəzən deyirlər ki, siqaret adamı stressdən qurtarır. Mən düşünürəm ki, bu, bir pis vərdişdir.
Siqaret çəkənlərə də tövsiyyəm odur ki, siqaretdən uzaq olsunlar, onun kimsəyə xeyri yoxdur”.

Ümid Partiyasının sədri, deputat İqbal Agazadə isə həmkarlarından fərqli düşünür. Aktiv siqaretçəkən olan millət vəkili zərərli vərdişə 1986-cı ilin 13 avqustunda başlayıb:
“Həmin tarixin yadımda qalmasının elə bir səbəbi olmayıb, sadəcə, zaman yadımda qalıb. Deyim ki, bütün siqaretlərdən çəkmişəm. “Kazbek”dən tutmuş Amerika siqaretlərinə qədər. Bunu tərgitmək fikrim yoxdur. Çünki mən siqareti sevərək çəkirəm. Siqareti çəkənlərə isə tövsiyyəm budur ki, onu sevərək çəksinlər”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır