Modern.az

Fövqəladə Hallar Nazirliyi müsabiqə keçirir

Fövqəladə Hallar Nazirliyi müsabiqə keçirir

26 Noyabr 2010, 18:46

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzinin noyabrın 13-dən elan etdiyi "Həyatının təhlükəsizliyi sənin öz əlindədir!" adlı sosial reklam müsabiqəsi dekabr ayının 10-də yekunlaşacaq. Müsabiqə FHN-nin yaradılmasının 5-ci ildönümünə həsr olunub.
Müsabiqə ictimaiyyətin diqqətinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərinə cəlb edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı ilkin zəruri tədbirlər üzrə əhalinin maarifləndirilməsi məqsədilə keçirilir.

Müsabiqəyə təqdim olunacaq sosial reklamlar aşağıdakı mövzulara həsr edilməlidir: 
Məişətdə və istehsalatda yanğın və partlayışların qarşısının alınması;
Elektrik, təbii qaz və su ilə ehtiyatlı davranış;
Tikintidə, iş yerində (obyektlərdə) və mənzillərdə ümumi təhlükəsizlik; 
Nəqliyyatda təhlükəsizlik;
Kimyəvi, radioaktiv və bioloji təhlükələrdən mühafizə;
Təbii fəlakətlər zamanı davranış qaydaları;
Əhalidə, xüsusilə də uşaqlarda vətəndaş sayıqlığının, baş vermiş fövqəladə hallar barədə FHN xidmətlərinin çevik məlumatlandırılması, "112" qaynar xəttindən düzgün istifadə etmək vərdişlərinin formalaşdırılması;
Fərdi vətəndaş məsuliyyəti və təhlükədə olan insanlara könüllü olaraq köməyə gəlmək hissinin aşılanması;
Fövqəladə hallar orqanları əməkdaşlarının gərgin və xeyirxah əməyinin təbliği.

Müsabiqədə fərdi müəlliflər, reklam agentlikləri, nəşriyyatlar, tele-radioşirkətlər və digər kütləvi informasiya vasitələri, müvafiq təhsil müəssisələri, dizayner studiyaları və digər yaradıcı kollektivlər aşağıdakı 9 nominasiya üzrə  iştirak edə bilərlər:

1. Küçə reklamı (elektron ekranlar, adi və jalüz tipli bilbordlar, küçə üzərindən dartma plakatlar və s.);
2. Videoreklam (televiziya reklamı, videoçarx, virtual-cizgi, animasiya, "qaçan sətir", teleelan və s.);
3. Radio reklamı (diktor mətnləri, radioçarxlar və s.);
4. Nəqliyyatda reklam (avtobus və taksilərin banında, avtobus dayanacaqlarında, avtobus və metro vaqonlarının salonlarında və metro stansiyalarında);
5. Lokal reklam (fitnes-klublarda, kinoteatrlarda, stadionlarda, supermarketlərdə, poçt şöbələrində, minik avtomobilləri dayanacaqlarında, insanların sıx toplaşdığı digər yerlərdə);
6. İnternetdə və mobil telefonlarda reklam (bannerlər, internet şəbəkəsində müvafiq mövzulu sosial layihələr, sirkulyar SMS-lər və s.);
7. Reklam sloqanı;
8. Sosial foto;
9. Qeyri-standart reklamlar (yuxarıda sadalanan reklam formatlarının heç birinə aid edilə bilməyən reklamlar).

Müsabiqəyə işlər dekabr ayının 10-u saat 17.00-dək qəbul ediləcək. Müsabiqənin qalibləri 2010-cu il dekabr ayının 13-dək müəyyən ediləcəkr. Qaliblər FHN-nin yaradılmasının 5 illiyi ərəfəsində mükafatlandırılacaqlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü