Modern.az

Mədəniyyət Komitəsi telekanallardakı problemləri müzakirəyə çıxaracaq

Mədəniyyət Komitəsi telekanallardakı problemləri müzakirəyə çıxaracaq

8 Yanvar 2016, 15:50


Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. Buna qədər isə komitələrdə yaz sessiyasının gündəliyinə salınacaq məsələlər müzakirə ediləcək. Parlamentin komitələrində iş yanvarın 15-dən başlayacaq. Modern.az saytı ayrı-ayrı komitələrdən yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri və digər məsələlər barədə məlumat öyrənməyə çalışıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, onlar 2016-ci il boyu yalnız qanun layihələri ilə əlaqədar deyil, eyni zamanda bir sıra başqa məsələlərlə bağlı geniş toplantılar keçirmək istəyirlər. Deputat qeyd edib ki, ölkənin qabaqcıl mütəxəssislərinin iştirakı ilə Azərbaycan mətbuatının, dilinin, efirinin ayrı-ayrı problemləri mövzusunda dəyirmi masalar olacaq.

Komitə sədri 2016-cı ildə üzərində işləyib, müzakirələr aparacaqları yeni qanun layihəsinin yazılı abidələrlə bağlı olduğunu vurğulayıb.

“Yazılı abidələr deyərkən səs, əlyazma kitab, daş üzərində yazılı abidələr nəzərdə tutulub. Bu elə sahədir ki, onun yalnız mədəni, tarixi deyil, həm siyasi əhəmiyyəti var. Çünki Azərbaycanın yazılı abidələrinin müəyyən qismi ölkə xaricindədir, əlyazma irsimiz ayrı-ayrı ölkələrdədir. Onları toplamaq, mövcudluğunun mükəmməl xəritəsini tərtib etmək lazımdır ki, harada nəyimizin mövcud olduğunu bilək. Digər tərəfdən adi məzar daşı, Qobustan qayasının üzərindəki rəsmlər, Gəmiqaya üzərindəki qədim insanların ayrı-ayrı cizgiləri, şəkillər də özlüyündə yazılı abidədir, tariximin əks olunduğu aynadır”.

R.Hüseynov daş üzərindəki yazılı abidələrlə ciddi maraqlanmağın vacib olduğunu bildirib.

“Qanun layihəsini artıq qarşıdakı aylarda ilkin variantda komitədə müzakirə edəcəyik, ayrı-ayrı istiqamətləri üzrə mütəxəssislər dəvət olunacaq, alimlərin iştirakı ilə təkmilləşdirməyə çalışacağıq. Hesab edirəm ki, mükəmməl qanun layihəsi olacaq. İşləri yekunlaşdırsaq, 2016-cı ilin sonlarına doğru geniş şəkildə parlamentin müzakirəsinə təqdim edə biləcəyik”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir