Modern.az

Ramil Usubov: "Hər bir polis vətəndaşlarla münasibətdə nəzakətli davranmalıdır"

Ramil Usubov: "Hər bir polis vətəndaşlarla münasibətdə nəzakətli davranmalıdır"

26 Noyabr 2010, 19:15

Noyabrın 26-da Daxili İşlər Nazirliyində daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin, şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, “Təhlükəsiz şəhər” və “102” xidmətlərində fəaliyyətin, həmçinin keçmiş illərdən bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması üzrə görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər üç məsələnin  aktual və vacib olduğunu xatırladıb,  orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, eləcə də keçmiş illərdən bağlı qalmış qəsdən adamöldürmələrin açılmasının insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi amili ilə bilavasitə əlaqəli olduğundan nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

 Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis polkovniki Arif Rzayev çıxış edib. O qeyd edib ki, Ombudsman təsisatının əməkdaşları, eləcə də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri tərəfindən təkcə cari ilin 9 ayında şəhər, rayon polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının təmini ilə bağlı keçirilmiş 278 monitorinq zamanı insan hüquqlarının pozulması halları müəyyən olunmayıb.

“2008-ci illə müqayisədə 2009-cu ildə aşkarlanmış intizam qaydalarının və qanun pozuntularının sayı bütövlükdə 11,7 faiz, intizam məsuliyyətinə cəlb edilənlərin sayı 10,5 faiz, o cümlədən mənfi motivlərlə xidmətdən xaric olanların sayı 3,1 faiz azalmışdır”.

Şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, "Təhlükəsiz şəhər" və "102" xidmətlərində fəaliyyətin vəziyyəti haqqında DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov çıxış edib. Bildirib ki, hazırda şəhər, rayon polis orqanlarının növbətçi hissələri tələb olunan texniki avadanlıq, yeni kriminalistik çemodanlar, müasir rabitə vasitələri, o cümlədən "Siemens" və "Panasonic" markalı yeni ATS-lərlə təchiz edilib. Hüquqpozma törətmiş şəxslərin polisə gətirilməsi, saxlanılması və inzibati məsuliyyətə cəlb olunması zamanı qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin edilməsi, müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması da diqqət mərkəzində olub. Saxlanılan şəxslərin davranışına, habelə xidmət prosesinə nəzarət məqsədilə 65 müvəqqəti saxlama yerindən 53-də video-monitorlar quraşdırılaraq növbətçi hissələrdə müşahidə imkanı yaradılıb.

 Qeyd olunub ki, “102” xidməti çərçivəsində ilkin mərhələdə Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 57 ərazi polis qurumunun növbətçi hissəsində mərkəzlə birbaşa əlaqə qurulub. Cari ilin 9 ayında zəng-mərkəzinə daxil olmuş məlumatların sayı 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
 Mərkəzdə qeydə alınmış 5499 məlumatın 92,1 faizi araşdırma zamanı təsdiqlənərək onlardan 23,4 faizi üzrə cinayət işi başlanıb, 10,4 faizi müvafiq prosessual qərar qəbul olunması üçün prokurorluq orqanlarına göndərilib. Xidmətin imkanları ilə 303 cinayət “isti izlərlə” açılıb ki, onların da 139-u, o cümlədən 4 qəsdən adam öldürmə, 2 qəsdən adam öldürməyə cəhd,  5 soyğunçuluq, 4 quldurluq, 8 qəsdən sağlamlığa zərər vurma, 26 nəqliyyat vasitəsinin qaçırılması, 43 xuliqanlıq, 29 oğurluq və 18 oğurluğa cəhd faktı cari ilə təsadüf edir.
Həmçinin, məişət zəminində baş vermiş 950 hüquqazidd əməlin qarşısının alınması təmin olunub, müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş 6352 vətəndaşa hüquqi yardım göstərilib və ya müvafiq izahlar verilib. Hazırda sistemin tətbiqinin ikinçi mərhələsi – “102” xidmətinin respublikanın digər rayonlarını əhatə etməsi üzrə işlər başa çatmaqdadır.
«Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması istiqamətində

Bakının müxtəlif ünvanlarda 1104 videokamera quraşdırılıb. İstismar edildiyi müddətdə bu mühüm informasiya resursu əhalinin təhlükəsizliyinin və qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasına, xüsusən də yol hərəkətinin təmini işinə öz töhfəsini verib. Belə ki, təkcə cari ilin 9 ayı ərzində yollarda avtomobillərin hərəkətinə videonəzarətin tətbiqi zamanı 29.266 inzibati xəta, o cümlədən 217 başqa nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanları ilə avtomaşınların idarə edilməsi və s. faktlar müəyyənləşdirilərək zəruri tədbirlər görülüb.

Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski keçmiş illərdən bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması üzrə görülən işlərin vəziyyəti barədə çıxış edib. Qeyd olunub ki, son 5 ildə qəsdən adam öldürmə cinayətlərinin sayı ardıcıl olaraq azalıb, açılması orta hesabla 87 faiz, bu ilin 10 ayında isə 90,8 faiz təşkil edib. Həyata keçirilmiş tədbirlər nəticəsində 2005-2009-cu illərdə və cari ilin 10 ayında qəsdən adam öldürmə cinayətləri törətmiş 1149 nəfər müəyyən  edilib, axtarışda olan 174 təqsirləndirilən şəxs tutulmuş, ümumilikdə 238 nəfərdən ibarət 88 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
“Xüsusi qeyd edilməlidir ki, 2004-2006-cı illərdə və cari ildə Sumqayıt şəhərində geniş ictimai rezonansa səbəb olmuş cinayətlər törətməkdə, o cümlədən polis əməkdaşlarını, valyutadəyişmə məntəqələri işçilərini odlu silahla qətlə yetirməkdə ittiham olunan Elbrus Xəlilov Rusiya Federasiyasının Belqorod şəhərində tutulmuşdur. Prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə 2005-2009-cu illərdə və cari ilin ötən dövründə ölkəmizin paytaxtında və digər şəhər, rayonlarda keçmiş illərdən bağlı qalmış 45 qəsdən adam öldürmə cinayətinin açılması təmin olunmuşdur”.

Kollegiya iclasına yekun vuran nazir  Ramil Usubov gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarını göstərib, tədbir iştirakçılarının diqqətini cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində xüsusilə əhəmiyyətli saydığı bəzi məqamlara yönəldib.
Nazir ilk növbədə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş DİN-in əmr, Kollegiya qərarları və göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını, əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan müraciətlərin vaxtında, keyfiyyətli və obyektiv baxılmasına, cinayət işlərinin istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, cinayət prosesi iştirakçılarının qanunla  qorunan hüquq və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın artırılmasını tələb edib. Qeyd edib ki, "102 xidməti"ndən alınmış məlumatların qəbulu, işlənilməsi, yoxlanılması, cavablandırılması tam və yüksək məsuliyyət hissi ilə yerinə yetirilməli, növbətçi hissələrdə quraşdırılmış texniki avadanlıqlar daim işlək vəziyyətdə saxlanılmalı, "Təhlükəsiz şəhər" xidmətindən daxil olmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üzrə işlər şəxsi nəzarət altında davam etdirilməli, müvafiq xətaları törədənlərin operativ müəyyənləşdirilib məsuliyyətə cəlb olunması və icraatın təmini üçün qanunvericilikdə təsbit edilmiş tədbirlər tam həcmdə tətbiq olunmalıdır. 

Təhlil göstərir ki, respublikada qəsdən adam öldürmələrin 71 faizi  məişət zəminində törədilir. Bu baxımdan məişət zəminli hüquqazidd əməllərə qarşı profilaktiki işin gücləndirilməsi, qabaqlayıcı tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsi qəsdən adam öldürmə cinayətlərinin kəskin azalmasını şərtləndirə bilən əsas amillərdən biri kimi vurğulanıb.

Ramil Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi və daha ciddi tədbirlərin görülməsinə cəlb edib. Xüsusi vurğulayıb ki, hər bir əməkdaş üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı, vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli, polis-vətəndaş münasibətlərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb etdiyi yüksək səviyyədə təmin etməlidir.

Ramil Usubov iclas iştirakçılarının diqqətini səylərin daha da artırılmasına, ağır və xüsusilə ağır cinayətlərin açılmasına, axtarışda olanların tutulmasına bütün qüvvə və imkanların səfərbər olunmasına cəlb edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir