Modern.az

Dollar 1,85 manat oldu - “Manata inamı Mərkəzi Bank öldürdü”

Dollar 1,85 manat oldu  - “Manata inamı Mərkəzi Bank öldürdü”

8 Yanvar 2016, 17:09


“Dolların məzənnəsi 1manat 85 qəpiyədək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyutadəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, “yoxa çıxmasındadır””.  

Modern.az saytının verdiyi xəbərə görə bunu iqtisadçı Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil:

“Əslində, Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verəndə mən bununla manatın ucuzlaşmasına start verildiyini qeyd etmişdim.

Bugünkü məzənnə ikinci devalvasiyadan keçən qısa müddətdə manatın dollara nisbətən 20 faizə yaxın dəyər itirməsi deməkdir. “Üzən məzənnə” rejiminə keçən manat sadəcə dəyər itirməkdədir.

Reallıq bundan ibarətdir ki, Mərkəzi Bankın dekabrın 21-də manatın kursunu kəskin, 50 faiz aşağı salmaqla əslində dollar ajiotajı yaratdı. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbin kəskin artırmalı idi və bu da baş verdi.

Belə görünür ki, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirmək və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb. Bununla, Mərkəzi Bank az dollar ilə çox manat alır. Yəni, əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil, indiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarzasiya prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır”.

Ekspert həftəsonunda bir sıra valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməyəciyini və dollar qıtlığının yaranacağını öncədən proqnozlaşdırıb:

“Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollar satmalıdır. Əks halda, Mərkəzi Bankın istirahət etdiyi növbəti 2 gündə kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satmaq deyil, xarici valyuta satan olacaqsa, almaq haqqında düşünəcəklər”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu