Modern.az

AZAL təyyarələrində qəyanaltının pullu olub-olmadığına AYDINLIQ GƏTİRDİ

AZAL təyyarələrində qəyanaltının pullu olub-olmadığına AYDINLIQ GƏTİRDİ

İqtisadiyyat

8 Yanvar 2016, 17:40


Fevralın 1-dən etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası  - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq.
Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a açıqlamasında bildirib ki, “Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir.

“Yəni sərnişin kassada bilet aldığı zaman əvvəlcədən ona bildirilir ki, baqaj olacaqsa və isti yemək istəyirsə, bunun ödənişini əvvəlcədən etsin. Əvvəl isə yemək yeyib yeməməsindən asılı olmayaraq ondan bu pul çıxılırdı. Artıq bu, sərnişinin öz öhdəsinə buraxılacaq. Sərnişin əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin, sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər. Bunun üçün yenə onlar ödəniş etmək məcburiyyətində qalacaqlar. Əvvəlcədən sifariş vermədikləri üçün onlar təyyarə göyərtəsində isti yemək sifariş edə bilməyəcəklər”.

“Budget” tarifinin istiqamətləri üzrə biletlərin qiymətləri 69 avro ilə 139 avro arasında dəyişir. Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq.

 “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir.

“Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür