Modern.az

QHT-lərin beynalxalq konfransında Bakı Bəyannaməsi qəbul edilib

QHT-lərin beynalxalq konfransında Bakı Bəyannaməsi qəbul edilib

Qarabağ

26 Noyabr 2010, 20:20


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Konfransın ikinci günü plenar iclası açan Şura sədri Azay Quliyev ötən gün ərzində sessiyalarda aparılmış müzakirələr haqqında  danışaraq qeyd edib ki, hər üç sessiyada vətəndaş cəmiyyətinin inkişafı, QHT qanunvericiliyi, beynəlxalq və regional əməkdaşlıq, eləcə də QHT-lərin maliyyələşdirilməsilə bağlı əhəmiyyətli təklif və tövsiyələr irəli sürülüb. A. Quliyev bu təklif və tövsiyələri yüksək qiymətləndirdi və onları iştirakçı ölkələr üçün faydalı olacağını  vurğulayıb.

Müzakirələrin nəticələri haqqında danışan sessiya moderatorları, eləcə də konfrans iştirakçıları və yerli QHT rəhbərləri onların vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər və beynəlxalq əməkdaşlıq çərçivəsində belə müzakirələrin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Bugünkü plenar iclasda konfransın yekun sənədi olan Bəyannamə geniş müzakirə edilib. Sənədi təqdim edən Şura sədri A.Quliyev onun əsasən sessiya müzakirələrində səslənmiş çıxışlar, tövsiyə və təkliflər nəticəsində formalaşdırıldığını qeyd edib. Bəyannamənin müzakirəsində çıxış edən Polşa nümayəndəsi Boquslav Stanislavski, ATƏT-in Bakı Ofisinin təmsilçisi Vüsal Behbudov, XİN idarə rəisi Əlimirzamin Əsgərov, Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin təmsilçisi Jan Pol Lavrov, Latviya nümayəndəsi Zinta Miezaine, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Ülvi İsmayılov, Macarıstan təmsilçisi Suzanna Piko, “Konstitusiya” Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev  və başqaları mətn üzrə redaktə xarakteri daşıyan qeyd və təkliflərini irəli sürüblər. Bu düzəlişlər nəzərə alınmaqla, Bəyannamə mətni bəyənilib.

Bununla beynəlxalq konfrans öz işini yekunlaşdırıb.         

***

“Vətəndaş cəmiyyətinin inkişafı və qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfransın

B Ə Y A N N A M Ə S İ

Biz, milli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, həmçinin QHT-lərlə işləyən dövlət qurumlarının təmsilçiləri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə “Vətəndaş cəmiyyətinin inkişafı və qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçıları olaraq,

QHT-Hökumət əməkdaşlığının vətəndaş cəmiyyətinin gücləndirilməsində, demokratiyanın və insan hüquqlarının inkişafında, habelə, vətəndaşların ictimai həyatda fəallığının artırılmasında əvəzsiz rolunu qeyd edərək,

Vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatlarının davamlı inkişafını, QHT idarəçiliyi sahəsində qabaqcıl təcrübənin əldə edilməsini, milli QHT-lərin beynəlxalq koalisiyalarda iştirakını və dünya ictimai məkanında özünəməxsus yer tutmasında beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq,

Üçüncü sektorla özəl sektor arasında əməkdaşlıq əlaqələrinin qurulması, özəl sektorda sosial öhdəliklərin və hesabatlılığın təşviqi, özəl və QHT sektoru üçün insan resurslarının formalaşmasında sosial tərəfdaşlığın və bu sahədə qabaqcıl ölkələrin nümunəvi təcrübəsindən faydalanmağın vacibliyini bildirərək,

Demokratik inkişaf yolunu tutan dövlətlərin vətəndaş cəmiyyətinin gücləndirilməsini özünün əsas prioritetlərindən biri hesab edərək, aşağıdakılar barədə razılıq əldə etdiyimizi bəyan edirik:

Vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şəraitin yaradılması üçün hüquqi bazanın təkmilləşdirilməsində regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
QHT-lərə dəstək verən dövlət qurumlarının və Fondların təcrübəsinin öyrənilməsi,  qarşılıqlı informasiya və təcrübə mübadiləsi məqsədilə onların beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması;
Sosial tərəfdaşlıq naminə QHT - özəl sektor və QHT- Bələdiyyə  münasibətlərinin təşviq olunması, bu məsələlərdə dövlət tərəfindən münbit şəraitin yaradılması və bu sahədə qazanılmış ən yaxşı beynəlxalq təcrübənin yayılması;
Region və beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirakçılığın təmin olunması;
Vətəndaş cəmiyyətinin inkişafı sahəsində qazanılmış təcrübənin və yeni imkanların öyrənilməsi üçün bu formatda Konfransların növbəti illərdə də keçirilməsi.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir