Modern.az

Jurnalistlərin aksiyayası: «Əlinizi ayılardan və qəzetlərdən çəkin!» şüarı ilə

Jurnalistlərin aksiyayası: «Əlinizi ayılardan və qəzetlərdən çəkin!» şüarı ilə

27 Noyabr 2010, 17:09


«Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin jurnalistləri «ZQAN holdinq»in prezidenti Anar Məmmədov və onun atası, nəqliyyat naziri Ziya Məmmədovun iş yerlərinin qarşısında aksiyalar keçirməyə qərar veriblər.

Bu barədə "Azadlıq" radiosuna «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

Aksiyada «Ayılardan və qəzetlərdən əlinizi çəkin!», «Nazir oğlu, çörəyimizə bais olma!», «Ayını yeyib hesabını qəzetlərə ödətməyin!», «Dünya, bizi ayıyeyənlərdən qoru!» kimi şüarlar səsləndirəcəklər. Razılığa gəlinsə, aksiyalarda ayı şəkillərindən də istifadə olunacaq.

Rauf Arifoğlu: «Ölkə və dünya ictimaiyyətinə müraciətlər edəcəyik. Bu və digər üsullarla müdafiəmizi təşkil edəcəyik. Hesab edirəm ki, hakimiyyət qəzetlərin üzərinə gəlirsə, prosesi Anar Məmmədovla başlatma seçimi yanlışdır. Yox, bu, Anar Məmmədovun şəxsi təşəbbüsüdürsə, qəzetlərin sıradan çıxarılması tapşırığı siyasi hakimiyyət tərəfindən verilməyibsə, onda iddiaya son qoyulmalıdır».

Rauf Arifoğlu deyir ki, ən azı, cərimə məbləğləri elə məhkəmənin hazırlıq iclasında iddia ərizəsindən götürülməlidir. Məqsəd ayı yemək iddiasını üzərindən götürməkdirsə, bunu təkzib vermək və ya hansısa açıqlama yaymaqla da etmək mümkündür.

Bundan başqa, Rauf Arifoğlu deyir ki, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə ATƏT-in Bakı ofisinin rəhbəri və ATƏT ölkələrinin səfirləri ilə görüşlər keçirməyi də planlaşdırırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub