Modern.az

Dünyadakı azərbaycanlı gənclər Almaniyaya toplaşıblar

Dünyadakı azərbaycanlı gənclər Almaniyaya toplaşıblar

27 Noyabr 2010, 18:01


Bu gün Almaniyanın Frankfurt şəhərindəki «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçirilir. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçirilir.

Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Gənclər və İdman naziri Azad Rəhimov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsi müdirinin müavini Quban Əmirov, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Avropa Şurası yanındakı Daimi nümayəndəliyimizin rəhbəri, səfir Arif Məmmədov, Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad

İsgəndərov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, TürkPA-nın baş katibi Ramil Həsənov,  Türkiyədənin Frankfurtdakı baş konsulu İshan Sayqılı, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digər qonaqlar iştirak edirlər.

Ümumilikdə tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edir. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Modern.az-ın məlumatına görə, konqresi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və bütün iştirakçıları salamlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı  ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.

Nazim İbrahimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının imzaladığı «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)», “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur. Dövlət Komitəsi sədrinin sözlərinə görə, xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib.

Nazim İbrahimov onu da deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə onlarla layihə həyata keçirib, tədbirlər təşkil ediblər. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya Federasiyası, Yaponiya, Misir, Koreya və digər ölkələrdə azərbaycanlı gənclər  təşkilatlarının təşkil etdiyi bu tədbirlər Azərbaycan mədəniyyətini, xalqımızı və ölkəmizi tanıtmaq üçün təsirli bir vasitə olduğunu və gənclərimizin bu vasitədən kifayət qədər uğurla faydalandığını təsdiqləyir.

RAGT-nin sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini qurumun icraçı direktoru Emin Haciyev səsləndirib.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın konqresə müraciəti oxunduqdan sonra TürkPA-nın baş katibi Ramil Həsənov, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış edib, konqresin əhəmiyyəti barədə fikirlərini çatdırıblar.
Tədbir öz işini davam etdirir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir