Modern.az

Deputat: “İran Ermənistanla münasibətlərini ləngitməli və bunu müəyyən çərçivəyə salmalıdır”

Deputat: “İran Ermənistanla münasibətlərini ləngitməli və bunu müəyyən çərçivəyə salmalıdır”

29 Noyabr 2010, 14:24

«Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı istifadənin əleyhinədir. Şəxsən mən bu fikirdəyəm ki, Azərbaycan İranla münasibətlərində daxili işlərə qarışmamaq və mehriban qonşuluq prinsipinə əməl etməlidir. Qərb dövlətlərinin İrana qarşı bu və digər formada həyata keçirdiyi təzyiq siyasətinə Azərbaycan hansısa formada qarışmamalıdır. Doğrudur, BMT Təhlükəsizlik Şurasının bu və ya digər qətnamələri var, bu qətnamələrə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq riayət edir və etməlidir. Lakin Azərbaycan hansısa bir dövlətin ölkə ərazisindən istifadə edərək İrana iqtisad, siyasi, hərbi və sair təzyiqlər etməsinə şərait yaratmamalıdır və yaratmır».
Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın burada mövqeyi bəllidir, onun bu mövqeyi başadüşüləndir: «Biz İranla qonşu dövlətik və qonşu dövlət olduğumuza görə İranla münasibətlərimizi qonşuluq münasibətləri əsasında qurmalıyıq. Yadda saxlamalıyıq ki, İranda azərbaycanlılar İran dövlətinin qurulmasında, idarə olunmasında yaxından iştirak edirlər. İran əslində zaman-zaman azərbaycanlılar və farsların birgə idarə etdiyi bir ərazidir. Burada hansısa bir etnosun üstün olması mümkün deyil. Kim nə deyirsə-desin, İranda idarəçilik farslarla azərbaycanlıların birgəyaşayışı şəraitində mümkündür və bunun başqa yolu da yoxdur. Azərbaycan müstəqil dövlətdir, onun İran siyasəti də düzgün bir siyasətdir. Prezident İlham Əliyevin də dəfələrlə bununla bağlı fikirləri səslənib və bu fikirlər də Azərbaycanın milli maraqlarına uyğundur».

İranın Qarabağ probeminə münasibətinə gəlincə, deputat deyib ki, İran prezidenti Mahmud Əhmədinejad bir müddət öncə Azərbaycanda səfərdə olarkən Qarabağ məsələsi ilə bağlı növbəti dəfə açıqlama verib. O, bu məsələnin nizama salınmasında İranın da iştirakında maraqlı, o cümlədən, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu bildirib. Ümumiyyətlə, İran tərəfi həmişə bu cür bəyanatlar verib: «İran İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində Ermənistanın təcavüzünü pisləyən qətnamələrə səs verib, İran Azərbaycanla imzaladığı bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünü bəyan edib, tanıyıb».

Bununla belə millət vəkili onu da qeyd edib ki, İran Ermənistanla münasibətlərini ləngitməli və bunu müəyyən çərçivəyə salmalıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı