Modern.az

Səbir

Səbir

14 Yanvar 2016, 15:30


Könül AYDIN NƏHMƏTOVA                                         

Eh... Mövlana... Eh... Səni Pir olasan... Yenə...

Yenə azdırdın məni yolumdan. “İçərişəhər”ə gedirdim, “Sahil”də düşdüm. Geri dönmək, illərlə gəlməli olduğum, amma hər zaman da təxirə saldığım bu ünvana gedən yolun sahilindən qayıtmaq istədim yenə. Amma yadıma düşdü:  “Yanlış da bir naxışdır”. Getdim...

Arxadan bir tək səbir:

- Aaapçiii!...

Yenə ümidsizliyin sahilində dayandım, durdum.. Geri dönmək istədim... Axı mənim “Sahil”də nə işim vardı, “İçərişəhər” deyilmi hər gün getdiyim ünvan.

Amma yenə yadıma düşdü:

“Ta gəlirik biz də bir az anlayaq,
Məzhəri-irfanda vurur tək səbir.
Ya deyirik işləri sahmanlayaq, -
Məclisi əyanda vurur tək səbir.”

Gülməyim tutdu: Sən də danışmağa söz tapmısan də, rəhmətliyin oğlu!

Yadıma düşdü ki, mən də tək səbirə inanmağa məcbur olanlardanam. Tək səbir özünü çoxdan sübut edib mənə. Bir iş dalınca gedəndə mütləq əli boş qayıtmışam... Yaxşısı budur gec olmamış dönüm geri. Bir addım irəli, iki addım geri... Amma birdən elə bil qəfildən başıma “danq!” elədi.

Gülməyim tutdu: Evimizdə duz dağılanda anam bizə acıqlanardı:

- Tez üstünə qənd qoy! Dava düşər...

Duz dağılanda anam da, biz də mütləq inanırdıq ki, dava düşəcək. Bu, qədərin özü qədər qaçılmaz idi evimizdə.

Sonra ağlım kəsəndə anladım ki, evimizdə nə zaman dava olmurdu ki?!... Amma anam, bəlkə, hələ də elə o inamla yaşamaqdadır...

Gülməyim tutdu: Mən nə zaman bir iş dalınca gedəndə əli dolu qayıtmışam ki?!... Səbir neyləsin buna, rəhmətliyin oğlu? Gərək bu ölkədə iş görən ola ki, bir iş dalınca da gedəndə əli dolu qayıdasan...

“Sonunu düşünən qəhrəman olmaz!” Amma deyəsən, mən qəhrəman olmaq istəyənlərdənəm.

Yadıma düşdü, gülməyim tutdu: Orta məktəbdə direktor mənə deməmişdimi:

- Sən özünü nə zənn edirsən? Qaliley olacaqsanmı?

Ya universitetdə dekan:

- Sən fenomensən məgər?...

Bilmirəm... Heç onda da cavab tapmamışdım. Amma yenə irəli!....

Pilləkənləri qalxdım... Binanın səssizliyi, kimsəzizliyi qarşıladı məni. Burada sanki dirilərin bir işi yoxmuş kimi... Səməd Vurğun əli ilə göydə salamlayaraq məni saf-saf üzümə baxıb gülümsəyirdi: Sən elə həmişə belə olmusan, deyəsən... Geniş foyedə dörd divar ruhların məclisi kimi üstümə gəldi. Sağ divarın dibi ilə birinci portretin altında səssiz-səmirsiz, bəlkə hətta yalan olmaz, ayağımın ucunda ötüb keçdim bir addım irəli: Sən mənlik deyilsən, deyə...

İkinci portret... yenə gözünü yayındırıdı üzümdən... Axı nə qədər olacaq? Bitmədimi? Mən Dilbər deyiləm, əfəndim. Bilirdi Dilbər deyiləm, amma portret sanki yenə pıçıldayırdı. Bəlkə artıq bütün qadınlara dilbər kimi baxır bu portret:

“Qara saçlar,
Həzin, qəmli baxışlar,
Bir də ...
O saçların kölgəsində titrəyən,
səni oxşayan
əllər.”

Elə o zamandan gözünü çəkdi adamlardan bəlkə bu portret, susdu:

“Çökdü aralığa
dərin bir sükut.
Ax!..
Bu sükutun dili yansın!”

Yansın, şair! Mən də o sükutu qalayıb illərlə köksümə, indi üstünə gəldim. Sən yenə də susacaqsanmı?

“Doğrudur,
Ona namərd gülləsi kimi
Vurulan imzalar içində
Sənin imzan olmadı.”

... “lakin, necə sakit deyərsən ki, səsin gəldikcə bağırmadın”?..

Yadıma düşdü:

“Aşağıda, zirzəmidə
Cuvarlı dustaq,
Anaşkin dustaq.
Seyid Hüseyn dustaq....”

Bax gəl burada susaq yenə, şair! Seyid Hüseyn dustaq!...



Mən elə ona görə gəldim, şair. Seyid Hüseynə görə... Hələ də dustaq... İçimizdə... Yaddaşımızda... Qanımıza dustaq kəsildi Seyid Hüseyn, şair...

Dustaq deyil, deyib bağıracaqlar. İnanma, şair... Çıx şəhərə, gör azad olunubsa, xatırlayan varmı?... 

- Seyid Hüseyn... – deyəcəksən.

- O hansı Seyid Hüseyndir? – deyib yaddaşlarında axtaranlar olacaq, şair... Amma axtardıqca ürəyini ağrıdacaqlar. Dinləmə, şair... Bəlkə, elə yaxşısı budur susaq?!.

Mən də başımı saldım aşağı, ötdüm portretin önündən... Dönüb baxmadım, bəlkə o, gözlərini yumdu, boğdu göz giləsini göz yaşlarında?!..

Qapının o tayındakılara gözümün ucu ilə baxıb ötdüm... Onlar da elə... Biri lap üzünü turşutmuşdu: Sən yenə gəldin?...

Baxdım... Səməd Vurğuna onun üzündəki təbəssümlə... Əl elədim... Lap selfi çəkdirməlidir, şair...

Saata baxdım... yenə yadıma düşdü tək səbir.

Düşündüm gülməyim gəldi: İndi mən də yerimdə yoxam. Yerində olmalıları gözləməli olduğum üçün indi məni də yerimdə axtarsalar, yoxam...

Gülməlidir də... Görəsən, indi bütün yerində olmayanlar hansı yerində olmayanın qəbul otağının qapısı önündədir?!... Bir zəncir uzandı nəzərlərimdə. Aşağıdan yuxarıya qədər... Başımı qaldırdım... Çilçıraq güldü üzümə.

Aha!... Səs gəlir... Özü də mənə tanış gəlir... Yenə də səbir!...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub