Modern.az

“Sən sus, danışma! Mən danışacam!” - Cəmiyyətdə saymazyanalıq niyə artıb?..

“Sən sus, danışma! Mən danışacam!” - Cəmiyyətdə saymazyanalıq niyə artıb?..

Mədəni̇yyət

14 Yanvar 2016, 16:41


İnsan məfhumu və anlayışı cəmiyyətdə formalaşır, yetişir. Yəni insan tip və xarakter olaraq cəmiyyətin məhsulu hesab oluna bilər. Təbii ki, elə cəmiyyət özü də bioloji olaraq deyil, sosioloji və insani dəyərlər baxımından insanların xasiyyət və xarakterinin formalaşmasında çox böyük rol oynayır. Daha doğrusu, şəxsiyyət zamanla toplumun situasiyasında əmələ gəlir və formalaşır.

Son dönəmlər cəmiyyyətimizdə sanki insanlar arasında, kütlədə bir-birinin fikirlərini qəbul və həzm etməmək, sanki saymazyanalıq, məsləhətə, sözə qulaq asmamaq kimi tendensiyalar formalaşmaqda, daha da yayılmaqdadır.
Bəs görəsən bu gün cəmiyyətimizin sosial və digər sferalarındankı insanların qarşılıqlı olaraq bu cür davranış sərgiləmələrinə səbəblər nədir? Yəni toplum insanlarını bunları etməsinə nə məcbur edir?

Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu insanlar arasındakı bu cür davranış tərzlərinin cəmiyyətdə xoşagəlməz simptomlar kimi qiymətləndirib:

“Cəmiyyətdə belə halların artması yaxşı hal deyil. Tibbi dildə desək, xoşagəlməz simptomlardır. Bunun bir sıra səbələri var. Cəmiyyətdə inqilabi xarakterli dəyişiklikər olduqda əhalinin daha çox danışmaq qabiliyyətli insanları ön mövqeyə çıxır. Bir qayda olaraq, sosial sistemin xarakterinə uyğun şəkildə belə adamların əksəriyyətinin bilik, məlumat bazası o qədər də zəngin olmur. Amma həmin adamlarda cəmiyyətdə mühüm adamlar olduqlarını ətrafdakılara inandırmaq təlabatı yaranır. Özləri də buna inanır. Buna uyğun olaraq da hərəkət edirlər”.

Sosioloq bu kimi yanaşmaların ötən əsrin 80-ci illərindən başlayaraq daha çox yayıldığını və əsas səbəbin savadsızlıq olduğunu bildirib: “1980-ci ilin axırlarından başlayaraq ölkədə bu cür davranış forması daha çox formalaşmağa başladı. Hələ də əksər insanlar o ovqatın təsiri altındadır.  Cəmiyyətdə üzdə olan adamların bir qisminin bilik, düşüncə səviyyəsi aşağı olanda bu ətrafdakılarda da özündən müştəbehlik kompleksi yaradır. Onlar fikirləşir ki, “bax, əslində mən filan tanınmış, ön mövqedə olan adamdan daha yaxşı düşünürəm. Deməli ətrafımdakı insanlara ağıl da verə bilərəm”. Cəmiyyətdə bilik, təhsil baxımından natamamalıq kompleksi güclənəndə. belə insanlar öz natamamalıqlarını kompensasiya edirlər. Özünüz fikir verin, savadlı bir adamla söhbət edəndə, o eşitdiyi yanlış bir fikr barədə də düşünür, o yanlışlıq onda yeni bir ideya da yarada bilər. Həmin adam həmsöhbətinə təmkinlə cavab verir, qarşısında bu yanlışlıqdan çıxmağa kömək etməyi özünün bir mənəvi borcu hesab edir”.



Əhməd Qəşəmoğlu bugünkü Azərbaycan cəmiyyətini dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edərək, geri qaldığımız düşünür: “Mən uzun illər dünyanın ən qabaqcıl elmi mərkəzlərindən birində aspirant olmuş, elmi dərəcə almış, fəaliyyət göstərmişəm. Mən orada siz dediyiniz tipdə adamların olduğunu xatırlamıram. Əksinə, hər kəs öz intellektual potensialına uyğun olaraq biri-birinə kömək etməkdən zövq alırdı.
Təəsüf ki, təhsil sistemimizdəki problemlər davam etdikcə, cəmiyyətdə belə insanlar çoxalacaq. Bu səbəbləri yenə sadalamaq olar. Amma sonunda onu demək istərdim ki, bütün belə hallar əhalinin keyfiyyət göstəriciləridir.  Dahi Nizami və daha yüzlərcə yüksək zəkalı yetişdirən mədəniyyətimizin, müstəqil dövlətimizin belə halların ortadan götürülməsi üçün böyük potensialı var. İndi o potensialı hərəkətə gətirmək zamanıdır”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı