Modern.az

“Wikileaks”-ə cavab: “İlham Əliyevin leksikonunda jarqon ifadələr, emosional dəyərləndirmələr mövcud deyil”

“Wikileaks”-ə cavab: “İlham Əliyevin leksikonunda jarqon ifadələr, emosional dəyərləndirmələr mövcud deyil”

Təhsil

30 Noyabr 2010, 14:26

Azərbaycan bu qalmaqallı saytın yaydığı informasiyaları rəsmən təkzib etdi və bunu “təxribat” adlandırdı

“Wikileaks” internet saytında ABŞ rəsmilərinə istinadən yayılan məxfi sənədlərdə Azərbaycan prezidentinin adının hallanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti açıqlama yayıb. Açıqlamada deyilir:

“Bu günlərdə “Wikileaks” internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya “bəzi gizli məqamlarını” əks etdirən materiallar yayılmışdır. Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunmuşdur.
Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyildir.
Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir