Modern.az

Türkmənistan Azərbaycanın təcrübəsini öyrənir

Türkmənistan Azərbaycanın təcrübəsini öyrənir

30 Noyabr 2010, 14:35

Türkmənistan Respublikasının Maliyyə Nazirliyinin idarə rəisi Babacan Çarıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, habelə Milli Mühasibat Uçotu Standartlarına keçidlə bağlı təcrübə mübadiləsi aparılıb.

Türkmənistan Maliyyə Nazirliyinin əməkdaşları bildirib ki, MDB ölkələri arasında mühasibat uçotu sahəsində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlər daha uğurlu hesab olunduğundan təcrübə mübadiləsi məqsədilə respublikamız seçilib. Qonaqlar qeyd edib ki, bu səbəbdən hazırda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında Türkmənistanın “Mühasibat uçotu haqqında” Qanun layihəsi hazırlanıb və təsdiq olunmaq üçün Türkmənistan Milli Məclisinə təqdim edilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, həmçinin Milli Mühasibat Uçotu Standartlarına keçidlə bağlı qəbul edilmiş qanunvericilik aktları ilə Türkmənistan Maliyyə Nazirliyinin nümayəndələrini tanış etmiş və Türmənistanda mühasibat uçotu sahəsində qanunvericilik bazasının yaradılması üçün müvafiq materiallarla təmin ediblər.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına keçid prosesi uzunmüddətli və mərhələli olduğundan, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən gələcəkdə bu sahədə Türkmənistan Maliyyə Nazirliyi ilə əməkdaşlığın davam etdirilməsi və onlara bütün lazımi köməklik göstəriləcəyi bildirilib. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə