Astanada ATƏT-in sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Güllə görüşüb. (AzərTAc)
Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.
A.Gül İ.Əliyevi parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev və Yunanıstanın Baş naziri George Papandreu arasında da görüş keçirilib.
Azərbaycanla Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
İlham Əliyevin Astanada keçirdiyi digər görüş Niderlandın Baş naziri Mark Ruttenlə olub.
Görüşdə Azərbaycanla Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələr arasında əməkdaşlığa töhfə verir.
Görüşdə Azərbaycanla Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.