Modern.az

Cəncəhim - IV HİSSƏ

Cəncəhim - IV HİSSƏ

Mədəni̇yyət

19 Yanvar 2016, 21:26

Mahir Qabiloğlu

(Davamı)

Birtəhər gəlib şəhərə çatdım. Anamla atam evdə idi. Görüşüb ağladım. Əllərindən öpdüm. Anam əyri-əyri məni süzdü.

- Gülmalı müəllimin qəbrini ziyarət etmisən?

- Yox.

- Birinci məzarının üstünə getməliydin, sonra evə gəlməliydin.

- Yox. Gedə bilmərəm.

- Təki Gülmalı müəllim yox, sən öləydin. İyirmi beş il səndən görmədiyimiz oğulluğu ondan gördük.

  Ay İnkir-Minkir, bu münasibəti gözləmirdim evdəkilərdən. Gülmalı müəllimi türmədə yaxşılığa doğru dəyişdirdikcə, demə, öz azadlığımı, gələcəyimi məhv edibmişəm. Ata-anama bir kəlmə də demədim. Hamama girib çimdim. Paltarımı dəyişdim. Üç il ürəyimdə gəzdirdiyim bir günahı yumaq, üzr istəmək üçün Sadıq müəllimin idarəsinə yollandım.

Qapıya yaxınlaşıb özümü təqdim elədim. Onlar da həmən köməkçiyə xəbər verdilər. Müşayiət edib qəbul otağına gətirdilər.

Gözləmirdim, amma yaxşı qarşıladı məni. “Türmədən çıxmısan, bilirəm əlin aşağıdır” deyərək cibimə pul da basdı. Mən də dönə-dönə üzrxahlıq etdim. Qəzetlərdə məqalə ilə çıxış edib, böyük qələt elədiyimi etiraf edəcəyimi bildirdim. O isə buna lüzum olmadığını bildirərək qəribə bir əhvalat danışdı:

- Ay oğul, Amerikada iki dost varmış. Ailəlikcə yaxınmışlar. Hər ikisi vəkil işləyirmiş. Dostluq eləsələr də amma hərəsi ayrı-ayrı partiyanın üzvüymüş. İş elə gətirir ki, bunlar prezident seçkilərində rəqib olurlar. Sonuncu günədək şansları da bərabər olur. Seçiciləriylə sonuncu görüşdə dostlardan biri cəld tərpənərək tribunaya birinci çıxır və “Ay seçicilər, siz buna yox, mənə səs verin. Bunun iki qızı var, ikisi də pozğun, qəhbə. Bu, öz ailəsini idarə edə bilmir, bu boyda dövləti necə idarə edəcək?” deyir. Camaat da danışan namizədin rəqibini fitə basır. Heç danışmağa da qoymurlar. Görüşün axırınacan gözləyən namizəd foyedə dostunun boğazından tutub divara dirəyir. “Mən sənə neçə illər dost demişəm. Ailəlikcə bir olmuşuq. Ağır günümüzü birgə bölüşmüşük. İndi bu nə sözdür xalqın qarşısında danışırsan? Bu nə deməkdir ki, “mənim iki qızım var, ikisi də qəhbə.” Bunu məni tanımayan başqa birisi desəydi, yandırmazdı. Axı, sən məni yaxşı tanıyırsan. Özü də yaxşı bilirsən ki, mənim ümumiyyətlə qızım yoxdur, iki oğlum var” deyir. Bilirsənmi, Qanlıgün müəllim, dostu nə cavab verir: “Sən bunu mənə yox, get xalqa başa sal”.

İndi üç ildir ki, mən də bu xalqa başa sala bilmirəm ki, bəs mənim qızım yoxdur. Mən oğraş deyiləm. Bütün işimi-gücümü atıb bircə bununla məşğulam ki, sənin böhtanını üstümdən yuyum. Alınmır ki, alınmır. Heç kimi başa sala bilmirəm ki, mənim qızım yox, iki oğlum var. Oğraş adını adımdan silə bilmirəm ki, bilmirəm.

- Bəs nə əcəb vaxtında məni məhkəməyə vermədiniz? Başqa tədbirlər tökmədiniz?

- Qanlıgün müəllim, mən bilirdim ki, sənin mənimlə şəxsi qərəzliyin yoxdur. Məni heç tanımırsan da. Reketçiliyin də yoxdur ki, pul çəkəsən. Yoxsa yazını verməmişdən qabaq qapımı kəsdirərdin. Bu mənim düşmənlərimin işiydi. Mən səni məhkəməyə versəydim, iş daha da böyüyəcəkdi. Sənin yazını oxumayanlar da xəbər tutacaqdı ki, mən “oğraş”am. Məhkəməni şouya çevirəcəkdiniz. Bir dənə fahişəyə pul verib qızım adıyla müsahibə alıb, şəklini çəkib qəzetə də verəcəkdiniz. Sən də qızışıb, hər vəchlə özünü müdafiə edəcəkdin. Bu məlumatı sənə ötürənin adını açıqlayacaqdın. Yazı sənin məhsulun ola-ola özünü təmizə çıxaracaqdın. Amma heç vaxt başa düşməyəcəkdin ki, pis iş görmüsən. Əməllərini davam etdirəcəkdin. Mən sənə daha ağır cəza, daha doğrusu, dərs vermək qərarına gəldim. Səhv məlumat ötürən jurnalist dostunu üzə çıxartdım. Qabağına iri şampan şüşəsi qoyaraq, “ya səni bunun üstünə otuzduracağam, ya da ki, Qanlıgünün cibinə nəşə atıb, polisə xəbər verəcəksən” şərti qoydum. O da buna getdi. Nəinki cibinə nəşə atdı, hətta təbii alınsın deyə, çəkdiyin siqaret qutusunu da nəşə qatılmış qutuyla əvəzlədi. Nəticədə qanından da narkotikin izləri tapıldı. Sən mənə şər, böhtan atdın, qarşılığında da bununla rastlaşdın. Sənə bu acını daddırdım ki, məni başa düşəsən. Üç ildir ki, mən “oğraş”am, sən də “nəşəxor”. Nə sən, nə də mən bunun əksini sübut etmək iqtidarında deyilik. Get, nəşəxor Qanlıgün, get.

  Ay İnkir-Minkir, otaqdan çıxdım. Söz verdim ki, bir də belə hərəkət etməyəcəyəm. İnsanların şəxsi işlərinə, ailə həyatına qarışmayacağam - informasiya lap düz olsa belə. Kişi qurşaqdan aşağı zərbə vurmaz. Söz verdim ki, vəzifəli, varlı-hallı insanlardan ümumiyyətlə yazmayacağam. Çünki onların mənəvi dünyasını az da olsa bilirdim. Gülmalı müəllim, polkovnik, nazir müavini, türmədə keçdiyim üç illik məktəb bunu mənə öyrətmişdi. Vəzifəli adamlar mənəviyyatlıdırlar, daha doğrusu, mənəviyyatlarının əsiridirlər.

    Yenidən qəzetdə işə düzəldim. Ara-sıra məqalələrlə çıxış edirdim. Mənimlə dostluq etmək istəyənlərin sayı azalmışdı. Kim yaxın gəlirdisə, o saat valideynləri zəng vurudular ki, “bax, özünü bədbəxt eləmisən, bizim uşağı da öz gününə salma”. Sonda da “nəşəxorun biri nəşəxor” xitabını əlavə edəndə yanıb tökülürdüm.

Bir müddətdən sonra atam-anam məni evləndirdi ki, bəs “düz yola qayıt. Narkotika böyük bəladır”. Valideynlərimi də inandıra bilmirdim ki, məni şərə salıblar. Qız evdə qarıyıb qalmasaydı, bəlkə onun da “həri”sini verməzdilər. Toyumuz oldu. Qayınatam, qayınanam normal cehiz də vermədilər. Bəhanələri də “niyə cehiz verək? Oğlan narkomanın biridir. Nə olsun ki, tərgidib. Amma bu yoldan heç kim qayıtmayıb. Əvvəl-axır cehizi də satıb verəcək bu zəhirmara. Pulumuzu boş-boşuna niyə göyə sovurmalıyıq ki?” oldu. Arvadım da onlardan geri qalmırdı. Hər gün işə gedəndə “Qanlıgün, əzizim, uzaq dur o zəhirmardan. Məni bədbəxt eləmə” deməsəydi özümü birtəhər hiss edirdim.

İnkir-Minkir, söz verdim ki, savab işlə məşğul olum ki, bəlkə bu adı üstümdən ata bilim. Qərara aldım ki, gündəlik həyatlarında haqsızlıqlarla üzləşənlərə kömək edim, yardım göstərim.

Qeyri-hökumət təşkilatı yaratdım. Adını da “Keyfiyyətli səhiyyə xidməti uğrunda” qoydum. Qrant almaq üçün beynəlxalq təşkilatlara müraciət etdim. Hay verəni olmadı. Bu işlə çoxdan məşğul olan bir tanışım dedi ki, bu nə addır e.... qoymusan? Adını qoy “İnsan haqları uğrunda mübarizə”, yaxud da “Korrupsiyaya qarşı mücadilə”, nə isə bu formada bir şey, gör beynəlxalq təşkilatlar nə qədər pul verəcəklər sənə. Dedim ki, yox. Mən bunu bacarmaram. Nəslimizdə satqın olmayıb, o ki qaldı xarici təşkilatlara sukalıq edim. QHT yaratmaqda məqsədim camaata xidmət etmək, onların hüquqlarını qorumaq olacaq.

   İnkir-Minkir, bəlkə kifayətdir. İstəmirəm yaşadıqlarımı bir də göz önünə gətirim. Sizin də başınızı ağrıdıram.

- Yox, danış. Çox maraqlıdır. Gör nə oyunlardan çıxmısınız fani dünyada. Xəbərimiz yox imiş.

- İnkir-Minkir, beləcə, başladım şikayət axtarışına. Nə qədər elədimsə tapmadım. Günlərin bir günü dayım qızı dövlət xəstəxanalarından birində doğmuşdu. Mən də gül, mer-meyvə alıb getdim yoldaşımla ona dəyməyə. Gətirdiklərimizi qapıda verdik ki, çatdırsınlar. Dayıqızına da zəng elədim ki, bəs çıx pəncərəyə, biz aşağıdayıq.

Bir də gördüm ki, içəridə səs-küy qopdu. On saniyədən sonra qapı açıldı. Bir cavan kişiylə yaşlı qadın ağ xalatlı bir qadının saçından tutub sürüdülər bayıra:

-Ay qancıq, ay savadsız, bacarmayacaqdınsa doğuzdurmağı, niyə boynuna götürürdün? Öldürməkçün?

   Öldürmək sözünü eşidən kimi telefonumu çıxartdım. Kamerasını işə saldım. Başladım çəkməyə. Kişi həkimi saçından dartır, yaşlı qadın isə ona zərbələr endirirdi. Qıraqdakılar da ala bilmirdilər əllərindən.

-Sən öldürdün qızımızı. O uşağı sən yetim qoydun. Çıxart o ağ xalatı əynindən. Gör səni indi tutdururuq, ya yox. Sən həkim adına layiq deyilsən. -  deyə qoca arvad həkimin üzünü dırnaqlarıyla cırmağa başladı.

   Həkimsə dinmirdi, sanki huşunu itirmişdi. Amma gözləri açıq idi. Çətin də olsa həkimi oğlanla yaşlı qadının cəngindən xilas edib, xəstəxananın içinə salıb dəmir qapını bağladılar. Oğlan isə sakitləşmək bilmirdi. Qapını təpiklə vurur, “açın! açın!” deyirdi. Bununla soyumayan oğlan əlinə keçən dəmir parçasıyla xəstəxananın şüşələrini sındırmağa başladı. Səsə polislər də özlərini çatdırdılar. Oğlanın qolunu burub maşına basdılar. Yaşlı qadın isə  asfaltın üstündə oturub, saçlarını yolub ətrafa səpələyirdi. Gözləri bərəlmişdi. Heç nə demirdi. Qohumlarından da heç kim ona yaxınlaşmırdı. Tez su aldım. Yanında dizimi yerə qoyub çöməldim. Həyat yoldaşım da onu qucaqlayıb, kürəyini ovmağa başladı. Bir az su içirtdik:

-Ana, möhkəm ol. Hər şey düzələcək. Heç olmasa nəvə nişanən qalıb. Onu böyütməlisən, boya-başa çatdırmalısan.

-Yox, ay bala, bu həkim dağ çəkdi bizə. Buna ginekoloq deyənin... Söz verdi, boynuna götürdü.

- Pul aldı. - deyə mən tez əlavə elədim.

- Yox, ay bala, pul almadı. Nə qədər elədik də götürmədi.

- Nə əcəb?

- Bilmirəm. Başımın üstündə Allah var. Amma nə olsun ki, oğlumu dul, məni də nəvəmlə tək qoydu.

- Qızın anası yoxdur ki?

- Var, ay bala, var. Ode “besedka”da sakitcə oturub ağlayır. Onun dərdi lap böyükdür. Həkim ona bala dağı çəkib.

   Qadını ayağa durğuzub “besedka”ya gətirdik. Oturacaqda əyləşdirdik. Ölənin anası çənəsini ovcuna alıb sakitcə oturmuşdu. Sanki donmuşdu. Ürək eləyib bir söz soruşa bilmədim. Qayınanadan həkimin adını alıb kənara çəkildim. Ən xod gedən saytlardan birinə zəng edib məlumatı diqtə etməyə başladım: “ Bu gün 66 saylı doğum evində həkimin səhlənkarlığı ucbatından ana ölümü qeydə alınıb. “Keyfiyyətli səhiyyə xidməti uğrunda” QHT-nin sədri olaraq biz zərərçəkənlərin yanındayıq. Onların dərdinə şərikik. Tədqiqatın sonuna qədər bu biabırçı olayı nəzarətdə saxlayacaq, ictimaiyyəti məlumatlandıracağıq. “Keyfiyyətli səhiyyə xidməti uğrunda” QHT olaraq həkim səhlənkarlığı, özbaşınalığı ilə üzləşən hər bir Azərbaycan vətəndaşının yanında olmaqdan qürur duyuruq”.

  Elə bu xəbəri verəndən sonra ara qarışdı. Səhiyyə Nazirliyi xüsusi komissiya yaratdı. Məni də o komissiyaya saldılar. Bütün qəzet, saytlarda şəkillərim getməyə başladı. Yerli QHT forumu mənə qrant ayırdı. Başladım fəaliyyətə. Birinci növbədə tədqiqat bitənəcən həkimin vəzifəsindən uzaqlaşdırılmasına nail oldum. Müstəntiqlə tez-tez görüşürdüm. O da “heç bir irəliləyiş yoxdur. Həkim də and-aman edir ki, məndə taqsır yoxdur” sözlərindən əlavə bir məlumat vermirdi. Ailəsi gəlini yardırmağa qoymamışdı. Amma cərrahiyyə otağındakı kameralarıın yaddaşına və xəstəlik tarixçəsinə görə komissiya rəyini vermişdi. Hamısı da təsdiq edirdi ki, həkim-ginekoloq əlindən gələni edib. Onun bu ölüm hadisəsində taqsırı yoxdur. Bunu eşitməmişdim? Tez saytlara xəbər verdim ki, bəs Səhiyyə Nazirliyi ananın qanını batırmaq istəyir. Ona görə də özlərinin tabeçiliyində tibb-ekspertlərə təzyiq ediblər. Aləm dəydi bir-birinə. Məhkəmə səs-küyə son qoysun deyə eksqumasiya ilə bağlı qərar qəbul etdi. Mərhumənin anası nə qədər etiraz etdisə, xeyri olmadı. Hadisələrin baş qəhrəmanı artıq mən idim. İctimai rəy də mənim tərəfimdə idi.

El dilində desək,  gəlini gorbagor elədik. Onu qəbirdən çıxardanda məni də dəvət elədilər. Cəsəd şişmişdi. Xərəyə qoyanda partladı. Suyu mənim də üstümə çiləndi. Diksinib qorxdum. Amma büruzə vermədim. Axı mən “Keyfiyyətli səhiyyə xidməti uğrunda” mübariz sayılırdım. Artıq nəşəxor adını üstümdən atmışdım. Evdə də hörmətim qalxmışdı. Həm savab iş görürdüm, həm də evə pul gətirirdim. Sonrakı fəaliyyətim də məhz bu işi necə başa çatdırmağımdan asılı idi. Tutdurmalıydım həkimi. Mənə bir pisliyi keçməmişdi həkimin, amma sanki qanına susamışdım. Xarici donor təşkilatlarından qrant gözlədiyim halda özümüzkülər dövlət xəttiylə mənə pul yardımı edirdilər. Məsələnin sonuna çıxmalıydım. Özü də qalib çıxmalıydım.

Həkim haqqında məlumatlar da toplamışdım. Pisliyinə heç nə demirdilər. Savadlı, təcrübəli ginekoloq kimi tərifləyirdilər. Amma dəxli yox idi. Ortada ana ölümü vardı. Təkrar ekspertizanın cavabı gələnəcən  bir ay da keçdi. Müstəntiq məni otağına çağırdı.

-Qanlıgün müəllim, cavab gəldi. Amma rəydə heç bir dəyişiklik yoxdur.

- Necə yəni yoxdur?

- Yoxdur, Qanlıgün müəllim. İşə xitam vermək üçün məsələ qaldırmalıyam. Həkimin taqsırı yoxdur.

- Belə olmaz. Burda nəsə bir əmma var. İt itin ayağını basdalamaz deyiblər. Həkimlər də bir-birinə qahmar çıxır yəqin. Bu gün bu haqda bir məlumat verərəm.

- Xeyri yoxdur, Qanlıgün müəllim. Ortada heç şikayət də yoxdur. Ölənin anası da heç şikayət verməyib. Qayınanayla ər isə ümumiyyətlə çağırışlarımıza məhəl qoymurlar.

- Siz tələsməyin, icazə verin araşdırım. Ailəyə yəqin ki, təzyiq var. Ya da ki, həkim pul verib ələ alıb onları. Mən belə şeyləri çox görmüşəm.

   Prokurorluqdan çıxdım. Düzü, müstəntiqdən də şübhələnməyə başladım. Deyəsən, o da həkimlə əlbirdir. Bunun da payı çatıb. Tez maşına minib ölənin anasıgilə gəldim. Qapının arxasından çağa səsi gəlirdi. Qapını döydüm. Gəlinin anası qucağında körpə qapını açdı.

-Gəl, a bala. Elə mən də səni axtarırdım. Uşağı yatızdırım, gəlim rahat danışaq.

   Mənzilə baxdım. İki otaqdan ibarət “Xruşşovka” mənzil idi. Allah bilir, axırıncı dəfə nə vaxt təmir olunmuşdu. Oboylar adamın üstünə gəlirdi. Divan-kreslonun örtüyü süzülmüşdü. Evdən kif iyi gəlirdi. Handan-hana qızın anası uşağı yatızdırıb mətbəxə keçdi. Fincana çay süzüb gətirib qabağıma qoydu. Qənddanın qapağını açdı.

- Prokurorluqdan gəlirəm. Dedilər ki, işə xitam veririk. Siz də ki, şikayət ərizəsi belə yazmamısınız. Niyə? Bəlkə sizə təzyiqlər olub. Pul verib ələ alıblar? Belədirsə başa düşərəm. Day arxasınca getmərəm.

- Yox. Sən nə danışırsan? Mən qızımın qanını satarammı? Sadəcə, həkimin taqsırı yoxdur. Ara yerdə onun da adı biabır oldu. Mənim ucbatımdan.

- Ay xala, bir başa sal da... Qızınız cərrahiyyə stolunda ölüb. Həkim çox pul qazansın deyə təbii şəkildə doğuşa buraxmayıb onu. Keysəriyyə əməliyyatına qaldırıb. Nəticə də bu. Sizdə nə taqsır var ki?

- Ay bala, olan oldu, keçən keçdi. Mən öz payımı aldım. Özü də artıqlamasıyla. Bu bəsimdir. Sən də sağ ol ki, sonacan getdin. Təmiz adamsan. Yaxşılıq eləmək istədin. Bizə qahmar çıxdın. Daha bəsdir. Səndən xahiş edirəm, daha bu işin başını burax. İş bağlandı. Mənim dərdim özümə bəsdir. Çıx get.

  Evdən çıxdım. Nə edəcəyimi bilmirdim. Məsələni ictimailəşdirmişdim. İctimai rəyə əsaslansaq həkimi diri-diri yandırmağa, daş-qalaq etməyə hazır idilər. Bəs onlara nə cavab verim? Desəm ki, həkimin taqsırı yoxdur, soruşacaqlar ki, bəs kimdir günahkar? Cavab versəm ki, ölənin anası, onda da deyəcəklər ki, bəs bir aydır həkimə böhtan atıbmışsan? Bir şəxsiyyət, QHT sədri kimi də hörmətimi itirəcəkdim. Yox, bu məsələnin sonuna çıxmalıydım. Tez xəstəxanaya gedib, həkimin telefonunu öyrəndim. Zəng etdim. Telefonu qapalı idi. Ünvanını aldım. Yaşadığı evə getdim. Qapının zəngini basdım. Özü açdı.

-Sizə nə lazımdır? Çıxın gedin. Bir aydır sizin ucbatınızdan həyatım korlanıb. İşimdən olmuşam. Otuz ildir həkim kimi hörmət qazanmışdım, onu da itirmişəm. Taqsırım olmaya-olmaya. İndi nə istəyirsiniz? Bilmək istəyirsinizsə, sizə əvvəlcədən də demişdim. Mən günahsızam. Mən həkiməm, amma Allah deyiləm. Allahın əmrinə qarşı da gedə bilmərəm. Əvvəlcədən anasını da xəbərdar etmişdim. Mənim vicdanım təmizdir. Yazdığınız kimi heç pul da almamışam. Ara yerdə döyüldüm, saçımdan tutub sürüdülər. Kollektivin içində biabır oldum. Bütün xəstələrim qaçdı məndən. Polisin, prokurorluğun qapısında süləndim bu bir ayı. Daha nə istəyirsən məndən, hə? Mənim bircə taqsırım var, o da ana olmağımdır. Vəssalam. Rədd olun gedin burdan.

   Həkim qapını üzümə çırpdı. Amma yenə də dediklərindən bir şey anlamadım. Bunları ictimaiyyətə açıqlasaydım, belə çıxacaqdı ki, burda bircə dənə taqsırkar var, o da elə özüməm. Amma hansısa sirrin olduğunu bilirdim.

  Özümə yer tapmırdım. İçimdə qovrulurdum. Gecələr yata bilmirdim. Qıvrılırdım yatağımda səhərəcən. Bu cür davam edə bilməzdi. Saytlar, qəzetlər də əl çəkmirdilər. Sualı-sual dalıyca yağdırırdılar. Mən “təhqiqatım davam edir. Günahkarlar öz layiqli cəzasını alacaq” deyib birtəhər başımdan edirdim.

 Beləcə, beş gün keçdi. Dözmədim, yenidən qızın anasıgilə getdim. Qapını açmağına açdı. Amma içəri buraxmadı. Get məsələyə son qoy, sonra danışarıq. Onun dediyi kimi də etdim. Məlumat yaydım ki, “istintaq sona çatıb. Həkimin taqsırı yoxdur. Allahın hökmü beləymiş”. Vəssalam-şüttamam. Yenidən qızın anasıgilə qayıtdım. İçəri dəvət elədi. Çay süzüb qabağıma qoydu:

-Ay bala, danışıram. Amma bunları heç yerdə demə. İstəmirəm ki, bu sirr səni də içindən yesin. Ona görə danışıram. Allah eləməmiş sənin də başına gəlsə, nə edəcəyini əvvəldən biləsən.

Ana mətbəxə keçib çay süzdü. Gətirib ortaya qoydu. Qənddanın qapağını açdı.

-Sən çayını iç, mən də əvvəldən danışım. Ay oğul, ali məktəbdə oxuyanda bir oğlanla bir-birimizi sevirdik. Təhsilimizi başa vuran ili evləndik. İnstitutların birində elmi işçi kimi çalışırdıq. Qayınatam-qayınanamdan bizə qalan bu evdə yaşayırdıq. Bir müddətdən sonra Allah bizə bir qız payı verdi. Gözəl qız idi. Amma anadan olandan ayağımız qaldı həkimlərdə. Bir müddətdən sonra aydın oldu ki, bəs qız şəkər xəstəsidir. Uçota götürdülər. Amma ərimlə məndən başqa bunu heç kim bilmirdi. Gizli saxlayırdıq. Həkimlər onu da demişdilər ki, bu qızın gələcəkdə doğması çox risklidir. Məni xəbərdar etmişdilər. Amma qıza deyə bilmirdim. Qızımın on yaşı olanda ərim yol qəzasında həlak oldu. Qaldım tək. Uşaq on səkkiz yaşına çatanda elçilər qapını kəsdirdilər. Amma mən razılıq vermirdim. Qızım inadkarlıq göstərsə də, sevgisini gözündə qoyurdum. Nəhayət, dözmədim: “Ay qızım, başa düş, sən şəkər xəstəsi olduğun üçün doğa bilməzsən. Sənə bir şey olsa mən nə edərəm? Axı mənim səndən başqa heç kimim yoxdur”. O gündən bu, qızımda kompleksə çevrildi. Şəkəri daha da artmağa başladı. İstədiyi var idi. İki dəfə elçi göndərsə də, razılıq verməmişdim. Nəhayət, qızım məni məcbur elədi ki, “həri”sini verim. Dedi ki, ölsəm də o oğlana gedəcəyəm. Beləcə, istədiyinə nail oldu. Amma nə oğlana, nə də qayınanasına bu haqda demədik. Gizlətdik. Qızımın bu sirri faş olmasın deyə belə razılaşdıq ki, toydan sonra oğlan da bizə köçsün. Bir yerdə qalaq. Həm də imkansız idim. Verməyə cehizim yox idi. Beləcə, toyu yola verdik. Yaxşı yaşayırdıq. Oğlan insulini özü alıb gətirirdi. Demişdim ki, mənəm şəkər xəstəsi. O evdə olmayanda gizlicə qızın iynəsini vururdum. Nəhayət, qorxduğum şey baş verdi. Qızım hamilə qaldı. Elə sevinirdi ki, uçmağa bircə qanadı yox idi. Əri də həmçinin. Qaynananın da sevincinin həddi-hüdudu yox idi. O da oğlunu yetimçiliklə böyütmüşdü. Çox əziyyət çəkmişdi. Üç ayı olanda tanış ginekoloq vardı, yanına apardım. İlk növbədə analizə göndərdi. Biləndə ki, qızım şəkərdir, çox pis oldu:

- Bəs sizə deməyiblər ki, doğuş riski var? Mən şəxsən boynuma götürə bilmərəm.

 Çox dil tökdüm. Yalvardım. Dilimdən kağız da yazdım ki, nə olsa mənlikdir. Amma qızıma sən bax. Çox insan adam idi. Demə, o da mən dərddəymiş. Qızı diabet xəstəsiymiş. Bir ana kimi məni başa düşüb, dərdimə acıdı. Beləcə, doqquzuncu aya çatdıq. Həkim dilindən bir söz də qaçırtmadı. Oğlana da, anasına da yalan söylədi ki, hər şey qaydasındadır. Nə qədər pul da verirdilər götürmürdü. Bir həkim kimi xəstənin sirrini açmadı. Keysəriyyə əməliyyatına da pulu çox almaq üçün yox, məcbur olub qaldırmışdı. Sonrasını isə bilirsiniz.

- İndi necə? Oğlanın xəbəri varmı?

- Məcbur olub özüm açıb dedim. Gördüm ki, soyumayacaq. Həkimi döyüb öldürəcək. Dilimdən aldığı kağızı da həkimdən götürüb müstəntiqə aparıb özüm təqdim etdim. Ondan xahiş elədim ki, heç kimə, jurnalistlərə də xəbər verməsin. Həkimlə də işi olmasın. Taqsır məndədir. Günahım da elədir ki, Cinayət Məcəlləsində buna aid maddə yoxdur. Oğlanın anasının isə hələ də xəbəri yoxdur. Nəvəmə də özüm baxıram. Oğlan da pampersini, yeməyini alıb gətirir. Hərdən bir də gəlib dəyir. Uşağa baxanda az qalır ki, ürəyi partlasın.

- Niyə?

- Çünki bunu günahkar bilir arvadının ölümündə.

- Gül kimi uşaqdır, gözəl, ay sifətli, toppuş-mompuş.

- Nə toppuş, nə mompuş. Mənə xəstəxanada dedilər ki, şəkər xəstəsi olan anaların doğduğu uşaqların çəkisi dörd-beş kilo olur. Ona görə ağırdır. Həm də gözəl olurlar. Özü də ki, ay oğul, qızımın yadigarı nəvəm də anadangəlmə şəkər xəstəsidir.

 İnkir-Minkir, əlavə heç bir sual vermədim. Mənzili tərk etdim. QHT yaratmağıma, bu işə baş qoşmağıma peşman idim. Türmədəki həyatdan uzaqlaşıb, türmədən də beşbetər bir həyata düşmüşdüm. Türmədə cəzanın bir müddəti vardı. Qızı şəkər xəstəsi doğulan, cavan yaşında ölən, nəvəsi də bu xəstəliyə düçar bir qadının həbs müddəti, görəsən, nə vaxt başa çatacaqdı? Ömürlük cəza almışdı bu ana. Ordan birbaşa həkimin evinə getdim. Qapını açmadı. Qışqırdı “Rədd ol burdan!”. Mən də qapının arxasından ona “Bağışlayın. Üzr istəyirəm. Təki vaxtında mənə deyəydiniz” söyləyib ordan uzaqlaşdım. Bir vaxtlar oğraş çıxardığım Sadıq müəllimin kabinetində yaşadıqlarımı bir də yaşadım.

 Evə gəldim. Ürəyimi boşaltmağa bir adam axtarırdım. Gülmalı müəllim sağ olsaydı ona deyərdim. O,  bəlkə bir əncam çəkərdi. Amma lap anaya kömək göstərsə də, karyerasına son qoyduğum həkimə necə kömək edəcəkdi ki? Döyülsə də, alçalsa da sonacan xəstənin sirrini faş etməyən həkimə. Bunu bilmirdim. Bu haqda yazıb, həkimə bəraət qazandıra da bilməzdim. Anaya söz vermişdim.

Evdə çox dura bilmədim. Nəşriyyatın yanındakı çayxanaya gəldim. Köhnə dostlarla oturub bir stəkan çay içdim. Biri başladı ki, bu cür xəbərlər olanda birinci mənə göndər, o biri dedi ki, qayıt təzədən qəzetə. Amma içimdəkini onlara da aça bilmədim. Qorxdum ki, götürüb yazarlar. Qəribə bir hala düşmüşdüm. Jurnalist ola-ola jurnalistlərdən qorxurdum. Doğurdan e... nə qorxulu tayfa imişik biz jurnalistlər. Amma yenə də sağ olsunlar, hörmətimi saxlayırdılar. Nə deyirdimsə, nə yazı göndərirdimsə, həmən səhifəyə qoyurdular. Xeyli söhbətləşdik. Bu vaxt jurnalist dostlarımdan birinə zəng gəldi:

-Nə! Ola bilməz! Bu dəqiqə gəlirəm. - deyib üzünü mənə tutdu. - Qanlıgün, qurban olum gedək mənimlə. Arvad zəng edib ki, bəs uşağı aparıb peyvənd elətdirib. Peyvənd də reaksiya verib, uşaq ölüb.

  İnkir-Minkir, nə başınızı ağrıdım. Tez maşına oturub dostumgilə getdik. Ağlaşma səsindən içəri girə bilmədim. Bir azdan başqa qohumları da gəldi. Dəfni təşkil elədilər. Amma dostum sakitləşə bilmirdi. Elə hey “tutduracağam həkimi” deyirdi. Biz də sakitləşdirirdik. Başsağlığına gələn dostlara da danışır, kömək umurdu. Səhəri bütün qəzetlər jurnalistimizin dərdinə şərik olub başsağlığı verməklə yanaşı həkim səhvini də önə çəkdilər: “Jurnalist dostumuzun həyat yoldaşı bir yaş yarımlıq oğlunu peyvənd vurdurmaq üçün həkimə aparıb. Sonra evə qayıdıb. İçəri girən kimi  peyvənd reaksiya verib. Uşaq ölüb”. Yenə də aləm dəydi bir-birinə. Jurnalist dostum da “Keyfiyyətli səhiyyə xidməti uğrunda” QHT-nin sədri kimi taqsırkarın cəzalandırılmasını məndən xahiş etdi. Özü qabağa dursaydı bu, məqsədli görünə bilərdi. Çünki maraqlı tərəf sayılırdı. Subyektivliyə varacaqdı.

   Bu dəfə işimi ehtiyatlı tutdum. Birinci həkimlə danışmağa qərar verdim. Gəldim uşaq poliklinikasına. Girdim baş həkimin yanına. Özümü təqdim etdim. Demə, baş həkim məni doğum evindəki hadisəylə bağlı yaxşı tanıyırmış. Başladı titrəməyə.

-Bilirsinizmi, Qanlıgün müəllim. Bizim həkimlər çox savadlıdırlar. Əlindən xata çıxan həkim isə burdakıların hamısından savadlıdır. O, ömründə səhv buraxa bilməz. Sadəcə burda bir yanlışlıq olub ki, uşağı tez aparıb basdırmısınız. Gərək yardıraydınız.

- Nə? – deyə ayağa durdum. -  Deməli, meyiti yardırmamışıq deyə, siz bizi borclu çıxarmaq istəyirsiniz? Düz deyirsiniz. Gərək polisə şikayət verərdik. Onsuz da xəbərdardırlar, özləri təhqiqat aparacaqlar. Amma mən sizə hörmət əlaməti olaraq bura gəldim. Görünür, düz eləməmişəm. Mən gərək əvvəlcə Səhiyyə Nazirliyinə gedəydim. Komissiyayla birgə bura gələydim. Onda görüm nə deyəcəkdiniz?

- Yox, Qanlıgün müəllim,- deyə baş həkim daha da əsməyə başladı, - düz eləmisiniz ki, birinci bura gəlmisiniz. Bu dəqiqə çağırım həkimi özü sizə izah etsin. Amma o da yaman gərgindir. Özünə yer tapmır dünəndən. Bütün qəzetlər adını hallandırır. Reputasiyasına ziyan dəyib. Amma onu deyim ki, həqiqətən də savadlı həkimdir Gülzar xanım.

- Çağırın, görək mənim suallarımın qabağında necə tab gətirəcək?

   Baş həkim telefonun dəstəyini götürüb Gülzar xanımı otağına çağırdı. Otağa gözləri qızarmış, əsəbi vəziyyətdə bir həkim girdi. Baş həkim:

- Gülzar xanım, bu yoldaş “Keyfiyyətli səhiyyə xidməti uğrunda” QHT-nin sədri, jurnalist Qanlıgün müəllimdir. Dünənki hadisəylə bağlı gəlib. Sizə sualı var.

- Buyurun, - deyə Gülzar xanım stolu çəkib mənimlə üzbəüz oturdu, amiranə şəkildə - verin suallarınızı, - dedi.

- Bizim həmkarımız  oğlunun ölümündə sizin vurduğunuz peyvəndi səbəb kimi gətirir. Siz nə deyə bilərdiniz bu haqda?

- Mən iki yüz faiz əminəm ki, o uşaq AKDS-dən ölməyib.

- Başa düşmədim. - deyə soruşdum.

- Nəyi?

- AKDS sözünün mənasını.

- AKDS, yəni ki, VGDT.

- Bəs VGDT nə deməkdir?

- VGDT vaksinin adı.

- Açıqlaya bilərsinizmi?

- Ay qlavvraç, - deyə Gülzar xanım baş həkimə dilləndi, - bu şəxs AKDS nədir bilmir, VGDT nədir bilmir, vaksin nədir qanmır. Mənimlə nə söhbət etmək istəyir axı? Səhiyyədən başı çıxan yox idi ki, bu savadsızı göndəriblər üstümüzə?

Mən ağzımı açıb həkimi acılamaq istəyirdim ki:

- Gülzar xanım, - deyə baş həkim əlini stola vurub ayağa qalxdı, - Qanlıgün müəllim hörmətli yoldaşdır. Həddinizi keçməyin. Nə soruşur cavab verin.

- Başüstə. – deyə Gülzar xanım barmaqlarını cütləşdirib gicgahına aparıb hərbiçilər kimi təzim etdi. – Qanlıgün müəllim, AKDS ruscadır. Yəni ki, Anatoksin, Koklyuş, Difteriya, Stolbnyak sözlərinin baş hərfi. Başa düşdüz?

- Rus dilini yaxşı bilmirəm. Bəs onda VGDT nədir?

- VGDT da onun tərcüməsidir. Yəni ki, Vaksin, Göy öskürək, Difteriya, Tetanus. Bu vaksin üç xəstəliyə qarşı vurulur. Üç dəfə vaksinasiya olur, bir dəfə də revaksinasiya.

- Həkim vaksinasiya başa düşdüm, bəs revaksinasiya nə deməkdir?

- Yox, belə olmaz. Qlavvraç, bu lap məni əsəbləşdirir. Mən buna dərs keçməyə gəlmişəm, yoxsa izahat verməyə. İzahat verirəmsə, bunu deyə bilərəm ki, təqsirim yoxdur. Gedib hara istəyir şikayət etsin. Qorxum yoxdur. Çox hoppanıb düşsəniz özüm şikayət edəcəyəm sizdən prokurorluğa. Əgər mənim həkimliyimə şübhəniz varsa gedin pataloji-anatomik təşrih etdirin.

 - Gülzar xanım, təşrih nə deməkdir?

  Gülzar xanım üzümə baxıb daha heç nə demədi. Bircə “boje moy” deyib qapını  bərkdən çırpıb otaqdan çıxdı. Baş həkim də pərtliyindən bilmirdi ki, nə etsin.

- Qanlıgün müəllim, fikir verməyin. Səhərdən çox stress keçirib qəzetdə yazılanlarla bağlı. Ona görə belə danışdı. Əslində çox mülayim, əsası isə çox savadlı həkimdir. Sualınıza gəldikdə isə icazə verin mən cavab verim. Mən də maraqlı tərəfəm. İstəməzdim ki, başçılıq etdiyim tibb müəssisəsinin adı hallansın mətbuatda.

- Buyurun. – deyə baş həkimə müraciət etdim.

- Birinci təşrihi deyim. “Təşrih” loru dildə desək, ölünü yardırmaq deməkdir. Peyvəndə gəldikdə isə AKDS-lə üç dəfə vaksinasiya aparırıq – körpənin iki, dörd, altı aylığında. Bir yaş yarımında isə revaksinasiya aparılır. Yəni ki, təkrar vaksinasiya. Dünənki uşaq da qəzetlərin yazdığına inansaq, revaksinasiyadan sonra ölüb. Amma ortada heç bir sübut yoxdur. Ehtimal var. O da bir faizə bərabərdir.

  Təmkinimi qoruyub saxlayırdım. İstəmirdim ki, doğum evindəki hadisədən sonra səhvlərimi təkrarlayım. Amma həkimin hərəkəti məni qəzəbləndirmişdi. Nə olsun ki, tibbdən başım çıxmır, amma jurnalist qanım hələ ki, damarlarımda axırdı. Ona görə də qayıdıb Gülzar həkimin qaba münasibətini özümə uyğun şəkildə ironiyayla qələmə aldım. Uşaqlardan da xahiş etdim ki, məhz bu münasibətinə görə həkimi cəzalandırmaq lazımdır. Qoy hər gün qəzeti açanda stress keçirsin, əsəbiləşsin. Elə də oldu. İşin ictimailəşdirildiyini görən Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları da işə başladılar. Mən yenə də diqqət mərkəzindəydim. Bu, həm mənim işim idi, həm də ki, jurnalist dostuma həmrəylik nümayiş etdirirdim. Daha doğrusu, həmrəylik nümayiş etdirirdik. Nəhayət, dostumun həyat yoldaşının ifadəsi əsasında təhqiqat başlandı. İfadə də iki-üç cümlədən ibarət idi. “Uşağı binamızın  yaxınlığındakı poliklinikaya apardım. Uşaq həkimi Gülzar xanım yoxlayıb müayinə etdikdən sonra dedi ki, peyvənd vurula bilər. Mən də düşdüm birinci mərtəbəyə peyvənd elətdirdim. Sonra uşaq qucağımda heç yana dönmədən düz evə gəldim. İçəri girdim. Uşağı xalçanın üstünə qoydum. Qayıdıb gödəkçəmi çıxartdım. Çöndüm gördüm ki, yerə yıxılıb, xırıldayır. Beləcə öldü. Peyvənddəndir. İki yüz faiz peyvənddəndir”. Gülzar həkim də təslim olmurdu. Ayağını dirəmişdi ki, meyit eksqumasiya olunsun, pataloji-anatomik təşrih edilsin. Jurnalist dostum, arvadı isə razı olmurdu. Amma Gülzar xanımın da geri çəkilmək fikri yox idi. Birinci, öz həkim imicini bərpa etməli, ikincisi də, bu söz-söhbətlərə son qoymalıydı. Beləliklə, eksqumasiya qərarı çıxarıldı. Məni də dəvət etdilər. Amma getmədim. Birinci eksqumasiyada yaşadıqlarım hələ də gecələr yuxuma girirdi. Uşağın meyitini qəbirdən çıxarıb ekspertiziyaya göndərdilər. Yardılar. Cavab da gəldi. İnkir-Minkir, təki bu addımı atmayaydı Gülzar həkim.

- Nə oldu ki, səhvi üzə çıxdı?

- Yox. Həkimin haqlı olduğu təsdiq olundu. Demə, dostumun həyat yoldaşı uşağı xalçanın üstünə qoyub, üzünü çevirib gödəkçəsini çıxardığı anda körpə də yerə düşən gilas tumunu götürüb basıb ağzına. O da gedib düşüb nəfəs borusuna. Nəticədə boğulub ölüb.

- Yaxşı. Ölümün əsl səbəbləri bilindi. Siz də əmin oldunuz ki, ölüm necə baş verib. Onda nəyə heyfslənirsən ki? – deyə İnkir-Minkir soruşdu.

- Həkim sakitləşməyinə sakitləşdi. Amma dostumun həyat yoldaşı öz səhlənkarlığı ucbatından uşağının ölməsini bilib havalandı. Dəlixanaya düşdü.

Bu qədər, İnkir-Minkir. Mənim QHT sədri kimi ikinci cəhdim də uğursuz başa çatdı.

-Bəs nə əcəb həkimləri pul alan yerdə videosunu çəkmirdin? Bunu ki, eləmək asan idi?

- Mən, ay İnkir-Minkir, “Keyfiyyətli səhiyyə xidməti uğrunda” çalışırdım. Məni elə şeylər maraqlandırmırdı. Çünki həkimlər cüzi maaş alırdılar. Haqq qazandırırdım onlara. Həm də başa düşürdüm ki, həkimlik çox məsuliyyətli sahədir. Bir ayağı o, bir ayağı da bu dünyada olanlarla əlləşirlər. Məni mənəvi tərəfi daha çox maraqlandırırdı. Türmədə bu sahədə qalib gəlsəm də, bayırda hələ ki, məğlub olurdum. Səhiyyənin dərinliklərinə vardıqca başa düşürdüm ki, həkimlik nə deməkdir.

Amma yenə də ümidimi üzmürdüm. Bu yolda uğur qazanacağıma inanırdım. Günlərin bir günü cib telefonuma zəng gəldi. Bir kişi xeylağıydı. Ağlayırdı. “Arvadımı həkimlər öldürdü” deyib ağlayırdı. Xəstəxananın yerini dedi. Getdim ora. Demə, arvadı hamiləymiş. Dörd aydan sonra doğacaqmış. Həmişə də həkim nəzarətində olubmuş. Qəflətən ağrısı tutub. Çatdırıblar doğum evinə. Qız elə cərrahiyyə stolunda keçinib. Oğlan da , anası da özlərini öldürürdülər. Ayağımı qucaqlayıb “kömək elə! Öldürüblər, indi də ölümüzü vermirlər ki, aparıb basdıraq. Yasımızı keçirək” deyə yalvarırdılar. Bu dəfə də işimi ehtiyatlı tutub həkimləri sorğu-sualla başladım. Heç mənimlə danışmaq istəmədilər.

-Sizi yaxşı tanıyırıq. Qanlıgün müəllimsiniz. Bundan əvvəlki təhqiqatlarınızı izləmişik. Ona görə də işimizi ehtiyatlı tutduq. Meyiti yardırmağa göndərdik. Ailəsi qışqır-bağır salsa da.

- Lap əcəb elədiniz. Sizə kim nə deyir ki? Mən soruşuram ki, qadın nədən ölüb.

- Hamilə qadın bizdə uçotda idi. Hamiləliyi nəzarətimizdə idi. Beş aydır ki, vaxtlı-vaxtında müayinəsindən də keçib. Dünən də ağrısı tutub. Gətiriblər. Qaldırdıq stola ki, müayinə edək. Baxdıq ki, çifti ayrılıb. Uşaq da boğulub ölüb. Ana da qan itirdiyindən xilas edə bilmədik.

- Bu hansı səbəbdən baş verə bilərdi ki?

- Burda nəsə başqa səbəb var. Ona görə də “medekspertiza”nın cavabını gözləsək yaxşıdır.

  Həyətə çıxdım. Oğlanla anası qabağıma qaçdılar.

- Verirlər ölümüzü? Apara bilərik?- deyə ana birinci soruşdu.

- Bir azdan. Yardırmağa göndəriblər ki, ölüm səbəbini bilsinlər.

   Bunu eşidən ana “Vay evim yıxıldı” deyib səkinin üstünə oturdu. Oğlanın da rəngi qaçdı. Əsməyə başladı. Qollarından tutub “besedka”ya apardım. Su alıb gətirdim. Üstündən bir-iki saat keçdi. Mən hələ ana-balanın yanındaydım. Artıq saytlara, qəzetlərə  hay vurmuşdum. Hamısı “Azərbaycanda daha bir ana ölümü”, “Həkim səhlənkarlığı ana ilə uşağının həyatına son qoydu” başlıqlı yazılarla hay salmışdılar. Bu haya əvvəlki kimi Səhiyyə Nazirliyi reaksiya da vermədi. Bir də gördüm ki, qəbul şöbəsinin yanında polis maşını dayandı. İçəri keçdilər. Az sonra ginekoloqla bayıra çıxdılar. Ginekoloq barmağını bizə tərəf uzatdı. Polislər yanımıza gəldilər.

- Ölənin adamları sizsiniz?

- Bəli.

- Nəyisiniz?

- Mən əriyəm, bu da anamdır. Bu yoldaş da QHT  sədridir – Qanlıgün müəllim.

- Ölüm hadisəsi olduğuna görə bizim polis şöbəsində təhqiqat aparılır. Bizimlə getməlisiniz.

   Beləcə, ana-balanın qoluna girib polis maşınına mindirdilər. Mən isə xəstəxanada qaldım. Ekspertizanın cavabı gəlmişdi. Amma nə qədər çalışırdımsa, nəticəsini mənə demirdilər. Məcbur olub polis şöbəsinə getdim. Müstəntiqin üstünə yönəltdilər məni. Otağına girəndə polislər oğlanı otaqdan çıxarırdılar. Amma əllərində qandal vardı. Çıxanda oğlan bircə “bağışlayın bizi, Qanlıgün müəllim” dedi. Amma heç nə başa düşmədim. Otağa girdim. Yaşlı qadın oturub, başını aşağı salmışdı.

-Bilirsinizmi, Qanlıgün müəllim, - deyə müstəntiq mənim nigarançılığıma son qoymağa başladı, - ekspertizanın cavabı gəldi. Gəlinin üzərində zorakılıq əlamətlərinin olduğu açıq-aydın görsənirdi. Həkimlər də nə yaxşı ki, sayıqlıq göstərib meyiti yiyələrinə verməyiblər, birbaşa morqa göndəriblər. Oğlan günahını boynuna aldı. Dedi ki, “günahkar mənəm. Döymüşəm qızı. Boynuma alıram”. Amma nə qədər elədimsə təfsilatını demədi. Ana isə danışmaq istəmir.

    Otaqdan çıxıb saytlara zəng elədim. İlkin səbəbləri dedim. Dilxor oldular. “Yenə də həkimlər sudan quru çıxdı? Bu nə oldu e? Gül kimi bomba xəbəri zibil elədin” dedilər. Polis şöbəsinin həyətindəki oturacaqda oturdum. Bir azdan ana da  çıxdı. Məni görüb gəlib oturdu yanımda. Deyəsən, danışmağa, ürəyini boşaltmağa bir adam axtarırdı.

- Ay oğul, günah oğlumda deyil, məndədir. Mən bais oldum onun bədbəxtçiliyinə. Mənim ana qısqanclığım. Amma bilməzdim ki, sonu faciəylə qurtaracaq. Hamını itirdim. Oğlumu, gəlinimi, gələcək nəvəmi.

- Necə oldu axı? Mənə danışa bilərsinizmi?

- Danışaram. Amma sən Allah heç kimə demə.

- Narahat olma, ay xala. Heç kimə demərəm. Danış.

- Ay bala, bu, mənim tək övladımdır. Tək böyütmüşəm onu, oxutdurmuşam. Əlini çörəyə çatdırmışam. Arzum olub ki, elçi gedim, nişan aparım, toy eləyim. Bu isə nə elədi? Gedib yetim evində böyüyən birini gətirib arvad elədi. Üstəlik  anasını da yaddan çıxartdı. Onu əzizləyəndə, xoş söz deyəndə az qalırdım ki, havalanım.  Bir yerdə qaldığımıza baxmayaraq qazanımı ayırdım. Soyuducuya qıfıl qoydurdum. Dedim ki, canın çıxaydı cehiz gətirəydin. Qız da insafən cavab qaytarmırdı. Tərbiyəli uşaq idi. Hiss edirdim ki, oğlumu da həqiqətən sevir. Bu, məni sevindirməkdən, daha da cırnadırdı. Hamiləliyi isə lap yığmışdı boğaza. Pis keçirirdi. Bütün günü öyüyürdü. Yemək də bişirə bilmirdi. Yeməyin iyi gələndə belə öyüyürdü. Oğlum da əsirdi üstündə. O gün yadımdan çıxıb soyuducu açıq qalıb, qıfılını vurmamışam. Bu da bilmədən qapısını açıb, xamanı görüb. Ürəyi istəyib götürüb yeyib. Qayıdıb bunu bilmədim?! Başladım qızı söyməyə. Otağına girib uzandı. Cınqırını da çıxarmadı. Oğlum gəldi. Başladım ona da şikayətə ki, bəs xolodilnikimdən oğurluq edib qız. Smetanımı oğurlayıb. Qız da day dözməyib cavab qaytardı. Oğlumdan da çıxmayan iş. Silləni çəkdi ağzının üstündən. Qız zərblə yerə sərələndi. Uşaq dözməyib hələ bir dənə təpik də vurdu. Ləzzət elədi mənə oğlumun bu hərəkəti. Sonra siqaret çəkmək üçün balkona çıxdı. Qızın səsi evi götürdü. Elə bildim ki, aferistlik edir. Mən isə qələbə çalan biri kimi mətbəxə keçdim. Hardan biləydim ki, gəlin can verirmiş. Oğlum siqaretini çəkib evə girəndə gəlinin də səsi kəsilmişdi. Birdən uşaq “ana, ana, bura gəl. Kömək elə” dedi. Mən də gəldim. Qadının paltarı qan içində idi. Tez skorıya zəng...

   Ananın yanından durub  ayrıldım. Sözünü  ağzında qoydum. İnkir-Minkir, türmədə dərdini danışıb kömək diləyənlərə yardım göstərəndə eynim açılırdı. Azadlıqda isə hamı dərdini danışırdı. Kömək də istəmirdilər. Özləri yaratmışdılar bu problemləri özləriyçün. Özləri yıxıldıqları üçün ağlamırdılar. Amma şərt qoymaqları - “danışdıqlarımı heç kimə demə” söyləmələri məni özümdən çıxarırdı. Öz dərdim özümə bəs idi. Bunlar da bir yandan. Elə bil ki, bunlarçun sirr dağarçığıydım, nə idim, bilmirəm.

Üstəlik də olan-qalan hörmətimi itirirdim. Səhiyyə Nazirliyindən də xəbərdarlıq gəlmişdi ki, bir də təsdiqini tapmayan informasiyaları yaysam məhkəməyə müraciət edəcəklər. Həkimləri yaxından tanımağa başlamışdım. Əzrayılla həkimin fərqini bilirdim. Ay İnkir-Minkir, özün fikirləş. Hansı həkim istər ki, ona pənah gətirən xəstəsi ölsün, hə?! Heç biri. Biz isə onları sanki Allahlaşdırmışdıq. Elektrikşəbəkə cərəyanı kəsirdi, süni nəfəs verən aparat həmən dayanırdı – xəstə ölürdü. İşığı söndürürdülər – cərrahiyyə əməliyyatı dayanırdı – xəstə ölürdü. Dərman tapılmırdı – xəstə ölürdü. Qan tapılmırdı – xəstə ölürdü. O qədər şeylə rastlaşdım ki, sayı-hesabı yox. Hamısında da biz jurnalistlər həkimi taqsırkar çıxarırdıq. Onlar isə dinmirdilər, danışmırdılar, dözürdülər. Bizim yalanımızı özümüzə yedizdirmirdilər. Əksinə, sonradan onlara müraciət edəndə bizi heç nə olmamış kimi qarşılayırdılar. Hər şeyə - toya salmağa, dodağımızı şişirtməyə, burnumuzu kəsdirməyə, araq, siqaret almağa, telefona, kompüterə, kontura, gəzməyə çıxmağa – pul tapırdıq, amma həkimə pul verəndə bütün aləmə car çəkirdik. Bütün gecəni bizi yatmağa qoymayan dişimizi çəkib bu ağrıdan xilas edən həkimə sağ ol əvəzinə “borcundur” deyib çıxıb gedirdik. Əvvəlcədən demirdik, məhz dişimizi çəkəndən sonra xoruzlanırdıq. “Qaynar xətt”lə, hətta polislə, prokurorla, məhkəməylə hədələməyimizi demirəm.

İnkir-Minkir, beləcə “Keyfiyyətli səhiyyə xidməti uğrunda” qeyri-hökumət təşkilatımın işinə xitam verdim. Bu sahə alınmadı məndə. Bu həyat çox qəliz bir şey idi. Gözə görünməyənlər gözə görünənlərə qalib gəlirdi. İttiham etmək asan idi, cəzalandırmaq çətin. Hər bir cinayətin arxasında cəmiyyətin buraxdığı səhvlər dururdu. Cəmiyyəti ruhlar idarə edirdi. İnsanlar da hamısı ruhən xəstəydilər. Daxili rahatlıq tapa bilmirdilər. Vəzifəlisi də, varlısı da, kasıbı da, ortababı da. Varlının içi özünü, bayırı özgəsini yandırırdı. Kasıbın isə həm içi, həm də bayırı özünü yandırırdı.

   Ay İnkir-Minkir, nə başınızı ağrıdım, profilimi dəyişdim. Nəsə bir işlə məşğul olmalıydım, ya yox? Jurnalistikaya isə qayıtmaq istəmirdim, jurnalistlikdən başqa da əlimdən bir iş gəlmirdi. Yenə də hara getsəm işim onlardan yan ötmürdü. Çünki jurnalistliyim - rəsmi olaraq QHT sədri olsam belə - deyən dilim, vuran qolum idi.

   Qərar verdim ki, yol-qəza hadisələrində zərər çəkənlərə yardım göstərim. Ona görə də yeni QHT yaratdım. Adını da “Yol qəzalarında ölənlərin ailəsinə yardım”  qoydum. İlk sensasiyalı qəza özünü çox da gözlətmədi. Biri xarici maşınıyla “Jiquli”ni əzib üstündən keçmişdi. Heç həkim müayinəsini gözləmədən birinci yaydığım xəbərim bu oldu ki, sürücü sərxoş imiş. Çünki özünü sərxoş, hallı kimi aparırdı. Çoşurdu, polislər onu güclə ram edirdilər. Heç kimi vurmurdu, əzmirdi. Bəlkə də qəzanın şokundan bu haldaydı. Mən də olanları telefonun kamerasına çəkirdim. Xarici maşının sürücüsü bağırdıqca gözləri hədəqəsindən çıxırdı. Əslində sərxoş adam təsəvvürü də bağışlamırdı. Nə idi bu? Anlamırdım.

   Nəhayət, polislər onu maşına basıb apardılar. Sonra məlum oldu ki, “Jiquli”nin sərnişinlərindən biri ölüb. Bu mənim gücümə bir az da güc qatdı. Xarici maşının sürücüsünün vəzifəli oğlu olması bilinəndə isə artıq sevincimin həddi-hüdudu yox idi. Ona görə yox ki, pul qazanmaq imkanlarım artmışdı. Əsla. Mən adi bir qəza hadisəsini ictimai hadisəyə - siniflərin mübarizəsinə çevirəcəkdim. “Jiquli”də ölən və yaralananlar maraqlı deyildilər mənimçün. “Jiquli” sürən kim olacaq ki? Kasıbın, lütün biri. Müstəvidə məmur uşaqlarının qudurğanlığı problemi və bunun cəmiyyətə vurduğu ziyanlar dururdu. İctimai fikri formalaşdırmağa ehtiyac da yox idi. Artıq qütbləşmə son həddə idi. Nə desəydim arxamda dayanacaqdılar. Hələ məni yumşaq davranmaqda, ifadələrimi ehtiyatla seçməkdə ittiham da edəcəkdilər.

   Zərərçəkən tərəf çox kasıb idi. Ata, ana yaralanmış, uşaqları isə həlak olmuşdu. Xəstəxanaya gedib yaralılara dəydim. Söhbət etdim. Başlarının üstündə növbə çəkənlər də vardı. Soruşdum ki, kimdir bunlar? Dedilər ki, yaxşı insanlar xali deyilmiş. Eşidiblər ki, ağır vəziyyətə düşmüşük gəliblər köməyə. Dilimi dişlədim. Bu avamlar başa düşməsə də, gün kimi aydın idi ki, bu vəzifəli şəxsin adamlarıydı. Bu şəxslər yaxşı baxırdılar övladını itirmiş atayla anaya. Dəfn, yas xərclərini də öz boyunlarına götürmüşdülər. Duyuq düşməyək deyə gözə kül üfürməkçün məmur oğlunu, vəzifəli şəxsi söyürdülər də. Amma məni aldada bilməzdilər. Nə olsun ki, “belələrini tutmaq yox, camaatın gözü qabağında diri-diri yandırmaq lazımdır ki, o biri qudurğan vəzifəli uşaqlarına da örnək olsun. Möhkəm olun. Bağışlamayın bu oğraşları” deyirdilər. Biri var idi - məni görəndə lap coşub-daşırdı, QHT-mizi tərifləyirdi. Hətta bankdakı hesabımıza pul da köçürtdürmək istəyirdi. Amma mən hesab nömrəmi vermirdim. Beləcə, günlər bir-birini əvəz edirdi. Ata-ana xəstəxanadan çıxmışdı. Vəzifəli məmurun oğlunu da həbs etmişdilər. Bütün mətbuat onların addımını qarışbaqarış izləyirdi. Məmurun əleyhinə atılan hər bir addımı ədalətin təntənəsi kimi qiymətləndirirdilər. “Övladına tərbiyə verə bilməyən bu cür məmurlar yüksək vəzifə tutmamalıdırlar” deyirdilər. Amma ki, məmur öz vəzifəsinin icrasını davam etdirirdi.

   Mən isə öz ampluamdaydım. Müsahibələr verir, övladını qəzada itirmiş ata-anaya qahmar çıxırdım. Axı, mənim QHT-min də məram-məqsədi bundan ibarət idi. İki qrant da almışdım. İşləri sona çatdırıb hesabat hazırlamalıydım. Yolumda heç bir maneə yox idi.

    Keçmiş vəzifəli isə məni görən kimi qabağımı kəsir, hey “ Qanlıgün müəllim, vallah mənim oğlumun taqsırı yoxdur” deyirdi. Soruşanda ki, “bəs taqsır kimdədir?” üzünü çevirib gedirdi. Sanki danışmaqdan qorxurdu.

Aylar ötdü, istintaq tamamlandı, iş məhkəməyə verildi. Məhkəmə zalından da maraqlı məlumatlar ötürürdüm. Övladını itirmiş anayla qatil arasındakı dialoqlara təsirli olsun deyə xüsusi bir rəng də qatırdım. İctimaiyyəti tam şəkildə nəinki müttəhimin, bütün ailəsinin əleyhinə qaldırmışdım. Özlərinə qapılıb dayanmışdılar. Cınqırları da çıxmırdı. Heç kim onlarla danışmaq belə istəmirdi. Hərdən övladını itirmiş anayla ataya yaxınlaşıb nəsə demək istəyirdi. Onlar da rədd edirdilər. Xəstəxanada gördüyüm şəxslər məhkəməyə də gəlirdilər. Ata-anaya ürək-dirək verirdilər. “Möhkəm olun!” deyirdilər. Amma nə qədər çalışsam da kimliklərini öyrənə bilmirdim. Beləcə, sonuncu gün gəlib çatdı. Vəzifəli balasına 11 il iş oxundu. Hamı övladını itirmiş atayla anaya gözaydınlığı verirdi. Onlar isə ağlayırdı. Sevinc göz yaşlarıydı bu. Balalarının qatili, daha doğrusu səbəbkar cəzasını almışdı. Elə həmin gün axşam vəzifəli atanın da sərəncamı oxundu. Oğlunun taqsırı sübuta yetirildiyi üçün onun da yüksək vəzifədə qalması məqsədəuyğun sayılmamışdı.

Günlər ötdü. Mən də hesabatımı hazırladım. Qəza hadisələri çox idi. Haqsızlıqla üzləşəndə mənə də pənah gətirəni olurdu. Kömək edirdim. İşimdən həzz alırdım. Amma məmur balasıyla bağlı hadisə yadımdan çıxmırdı. Daha doğrusu, atasının “Qanlıgün müəllim, vallah mənim uşağımın taqsırı yoxdur” sözləri. Bəs taqsır kimdəydi? Yəni məhkəmə, bütünlükdə ictimaiyyət onun oğlunu cəzalandırmaqda yanlışlığamı yol vermişdi?

   İnkir-Minkir, bu söz nəsə məni rahat buraxmırdı. Günlərin bir günü həmin keçmiş məmura zəng etdim. Görüşmək istədiyimi bildirdim. Bu suala cavab alıb daxilən rahatlıq tapmaq üçün. Razı oldu. Amma bir şərtlə. Qəzada övladını itirmiş ata da bu söhbətdə iştirak etməliydi. Ona da zəng elədim. Etiraz etmədi. Razılaşdığımız kimi kafelərin birində görüşdük. Hər ikisi sanki heç nə baş verməyibmiş kimi əl verib görüşdülər. Söhbətə də elə zərərçəkən başladı.

- Sağ olun müəllim, gizli də olsa dayaq durdunuz bizə. Çoxdan demək istəyirdim. Ətrafımdakılar isə imkan vermirdilər. Bircə “bağışlama, cəzalandır” deyirdilər. Sanki bu sözlərdən başqa heç nə bilmirdilər. Sağ olun ki, köməksiz qoymadınız bizi. Kasıb ailəyik. Gücümüz çatmayacaqdı nə müalicəyə, nə də uşağı yerdən götürməyə, başdaşını qoymağa.

- Düz deyir, mən də gördüm. Bütün günü xəstəxanada başlarının üstündəydilər. Mən elə bildim ki, ağsaqqal başa düşmür. Demə o da duyuq düşübmüş. Heç nəyə baxmayaraq yaxşılığınızı əsirgəmədiniz,- deyə mən də söhbətə qarışdım.

- Hansı yaxşılıq? Mən heç bir yaxşılıq eləməmişəm.

- Bəs xəstəxanadakılar sizin adamlar deyildi? Məhkəməyə də gəlirdilər. Ağsaqqalın yanında oturub ürək-dirək verirdilər. – deyə bir də soruşdum.

- Yox.

- Bəs onlar kim idilər?

- Mən də sizi elə ona görə birlikdə dəvət edim ki, olanları danışım.  Axırını deyim, yoxsa ki, əvvəldən danışım?

- Elə əvvəldən danışın.

Bu an çayçı samovarı gətirib yanımıza qoydu. Kəklikotunun ətri aləmi götürdü. Hərəmizə bir armudu çay süzdü. Mürəbbə çəkib qabağımıza qoydu. “Nə lazım olsa burdayam. Çağırarsınız” deyib kabinetdən çıxdı.

-Ay ağsaqqal, ay Qanlıgün müəllim, mən də sizin kimi sadə, kasıb bir ailənin övladıyam. Ehtiyac içində böyümüşəm. Həmişə də çalışmışam ki, dövlətli olum. Varlılara həsədlə baxmışam. Özümə söz vermişəm ki, uşaqlarım mənim kimi əziyyət çəkməyəcəklər, hər şeyləri olacaq. Nəinki övladlarım, istəmişəm ki, qohumlarım, dostlarım da keyf içində yaşasınlar. Amma nə hay edirdimsə alınmırdı. İşim, maaşım yaxşı idi. Amma arzularımın həyata keçməsinə çatmırdı.

  Rəisimiz arxalı adam idi. Rəsmən bir kreslosu olsa da, iki idarəyə nəzarət edirdi. O biri təşkilatın rəhbəri isə işləri yarıtmırdı. O da dilxor olan kimi, məni yanına çağırar, hirsini tökər, ürəyini mənə açardı. Növbəti belə söhbətlərdə zarafatla dedim ki, çıxart onu, qoy məni onun yerinə. Düzünü desəm, heç fikrim də yox idi o vəzifəyə keçim. Gözüm də yox idi o kresloda. Mənimçün əlçatmaz bir şey idi. Ağlıma gətirə bilməzdim bunu. Sadəcə zarafat kimi dedim. Rəisim bu sözü eşitcək duruxdu.

- Doğru sözündür?

- Hə.

- Bacararsan?

- Hə.

- Yaxşı. Get otağına. Mənim gedəsi yerim var.

   Mən otağıma keçdim. Yazı-pozu işlərimlə məşğul olmağa başladım. Üstündən iki saat keçmişdi ki, bir də gördüm ki, qapı taybtay açıldı. Rəis içəri girdi.

- Alə, tez elə, qaç evə kostyum-qalstuk geyin gəl. Qəbula gedirik. Danışdım. Razıdırlar.

- Nəyə?

- Sənin göndərirəm o biri idarəyə rəis. Bacarmayasan a... canıvu alaram.

- Mən zarafat edirdim.

- Nə zarafat? Başın xarabdır? Bizi gözləyirlər. Get tez kostyumunu geyin gəl.

- Nə kostyum? Kostyumum yoxdur, axı?

- İşə düşdük də. Getdik.

   Rəis məni idarənin qabağındakı dükana gətirdi. Tez bir dəst kostyum seçdi, balağını kəsdirdi. Ayaqqabı, qalstuk, köynək də öz yerində. Pulunu da ödədi. Elə bil ki, təzə bəy idim. Heç kim mənə ömrümdə belə bahalı hədiyyə almamışdı.

- Bax, bu başqa məsələ. Əsl vəzifəyə layiq adama oxşadın. Getdik.

   Getdik nazirliyə. Xülasə, həmin gündən oldum vəzifə adamı. İnsafən pul dalıyca qaçmadım. İşləri tam yoluna qoydum. Üç aydan sonra idarə xeyirlə işləməyə başladı. Yeni layihələr hazırladım. Bu sahənin mütəxəssisiydim. Beynimdə nə var idisə, qoydum ortalığa. Keçmiş rəisim də seçimində yanılmadığını görüb fərəhlənirdi. Nəhayət, pulun başı açıldı, nə açıldı. Dediyim kimi, birinci növbədə arvad-uşağa əyin-baş aldım, evi təmir elətdirdim. Uşaqlıq dostlarımı başıma yığdım. Hər axşam kafelərin birində qonaq edirdim onları. Qış vaxtı da ki, xaş qonaqlığım əskik olmurdu. Düz iyirmi kilo kökəlmişdim. Qarnım çıxmışdı. Nərmə-nazik oğlandan əsər-əlamət qalmamışdı.

İşim də ki, öz qaydasında davam edirdi. Kəsirlə işləyən bir sahəni gəlirli sahəyə çevirmişdim. İşçilərim də razılıq edirdi. Aylıq mükafat yazırdım onlara. Bir ildən sonra şəhərin mərkəzində ev aldım. Əsaslı təmir elətdirdim. Sonra keçdim köhnə bağıma. Təməldən müasir bir villa tikdirdim. Günlərin bir günü işdə halım pisləşdi, yerə yıxıldım. Gözümü açanda gördüm ki, xəstəxanadayam. Demə, ürəyim tutubmuş. Nə qədər kabab, xaş yemək, araq içmək olar axı. Heç ömrüm boyu son bir il yarım ərzində bu qədər təamlar qəbul etməmişdim. Sanki görməmiş idim. Nəticədə isə ürəyi piyləndirmişdim. Təcili cərrahi müdaxilə lazım idi. Beləcə, 47 yaşımda bıçaq altına düşdüm. Arağa, yağlı yeməklərə əlvida dedim. Ancaq xüsusi, bahalı italyan çaxırı içməyə icazə vermişdilər. O da ki, hərdən. Amma dostları yaddan çıxarmırdım. Əsas vaxtımı təmiz havası olduğu üçün bağda keçirirdim. Köhnə dostlarım da ətrafımda. Arağı, çaxırı, pivəni yeşiklə aldırırdım. Yemək də öz yerində. Kafeyə getmirdik. Xaşı qazanda taksiylə gətirirdilər. Dostlar yeyib-içirdilər, mən isə ləzzət alırdım. Uşaqlar da böyüyürdü. Artıq institutu qurtarırdılar. Hər ikisinin evi  hazır idi. Gələcək gəlinlərin cehizinə heç ehtiyac da yox idi. Bağ da tikdirirdim hərəsiyçün. Ağıllı uşaqlar idi. Ana tərbiyəsi gördükləri üçün çoxu onları “maminkin sınoçek” çağırırdılar. Sanki bu ad onlarda bir kompleksə çevrilmişdi. Evləndirdim hər ikisini, oğul-uşaq sahibi oldular. Var-dövlətim artdıqca rəqiblərim də artırdı. Amma açıq mübarizəyə qalxa bilmirdilər. Yaxşı adam olduğuma görə utanırdılar. Çünki çörəkverən adam idim. Pisliklə aram yox idi. Gəlinlərə də yaxşı baxırdım. Hərəsinə ayrıca maşın ayırmışdım. Həm nümunəvi müdir, həm də ailə başçısı, baba, qohum, dost idim. Çünki özüm də kasıbçılıq görmüşdüm. İnsanları yaxşı başa düşürdüm. Elədiyim yaxşılıqlar hər addımda qarşıma çıxırdı. Amma yerimə göz dikənlər də çoxalırdı. Dinc oturmurdular. Uzun danışıb başınızı ağrıtmaq istəmirəm. Birinci ailəmə əl uzatdılar, gəlinlərimi yoldan çıxartdılar. Boşatdırıb uzaqlaşdırdım hər ikisini. Oğlanlarıma da “maminkin sınoçekdir bunlar. Bunlardan arvad saxlayan olar?” dedilər. Onlar da bu kompleksi üstlərindən atmaq üçün qoşuldular tay-tuşlarına. Özləri kimi varlı uşaqlara qoşulsaydılar, yandırmazdı məni. Hamısı imkansız adamlar idi. Bunları qazlayır, hesab verdirirdilər. Sizin tanıdığınız, indi həbsdə olan oğlum isə ümumiyyətlə nə çəkən, nə də içən idi. İçəndə də hacı pivəsi içərdi. Neçə dəfə demişdim ki, uzaq gəz o avaralardan. O qaçsa da, bundan əl çəkmirdilər. Bara, restorana getmək istəməyəndə də, ““maminkin sınoçek”sən, get evdə süd iç” deyə cırnadırdılar. O da bu kompleksinə görə yanlarına düşüb gedirdi.

   Günlərin bir günü struktur dəyişiklikləri aparıldı. Köhnə rəisimi, xeyirxahımı çıxartdılar. Yerimə göz dikənlər hərəkətə keçdilər. Pensiya yaşım da çatmışdı artıq. Mən özüm də işdən uzaqlaşıb, dincəlmək istəyirdim. Amma ertəsi günü tərs kimi köhnə rəisin yerinə gətirib mənim keçmiş işçimi qoydular. O da birinci məni yanına çağırdı. Ərizəmi yazıb hazır qoydum qovluğa. Bildim ki, nəyə görə çağırıb. Bəsdir daha, getməliydim. Bir də ki, vəzifə boyuma ölçülməyib ki? Girdim otağına. Ərizəmi qoydum qabağına. Cırıb atdı zibil yeşiyinə. Dedi ki, “necə var, elə də davam etməlidir. Siz həmişə mənim xeyirxahım olmusunuz, bu gün də mənə arxa olmalısınız. Sizi heç yana buraxan deyiləm”. Yerimə göz dikənlərin əli boşa çıxdı. Əmrim yenicə veriləndən iki gün sonra bu hadisə baş verdi. “Dost”ları da kiminsə diqtəsiylə uşağın hacı pivəsinə nə atıblar, nə atmayıblar bilmirəm. Sonra da mərc qoşublar ki, sən maşını 200-lə sürə bilməzsən. Bu maminkin sınoçek də nəyinsə təsirindən dönüb olub şir. Sonda da gəlib toqquşub sizin maşınla. Maşın, hər şey cəhənnəmə. Ara yerdə sizə övlad dağı çəkdilər, mənə də övlad dərdi verdilər. Bircə vəzifəyə görə.

- Bəs xəstəxanadakı adamlar kimlər imiş.

- O mənim yerimə keçmək istəyənin adamlarıydı. Qorxurdular ki, birdən sizinlə razılığa gələrəm, qan bahasını verərəm, əsl səbəbi deyərəm. Ona görə də yanınızdan çəkilmədilər. Həm maddi cəhətdən ehtiyaclarınızı qarşıladılar, həm də psixoloji olaraq sizi mənə qarşı qaldırdılar. O cümlədən, mətbuatı da, Qanlıgün müəllim kimi hüquq müdafiəçilərini də. İstədiklərinə də nail oldular.

- Bəs nə əcəb məhkəmədə durub bunları demədiniz?

- Məhkəmə sübut istəyəcəkdi. Mənim isə sübutum yox idi. İzləri itirmişdilər. Yaxud da hansı axmaq durub etiraf edər ki, oğlumun stəkanına nəsə atıb, sonra da gedib türmədə yatsın. Fakt isə faktlığında qalırdı. Ortada yüksək sürət, ölüm vardı. Sübutlar gətirsəydim  belə, bu, başqa bir cinayət işinin mövzusu olacaqdı. Oğlumu onsuz da tutacaqdılar. Bu hadisədə isə bir günahkar vardı. O da mən idim. Mən və mənim vəzifəm. Heyf deyildi kasıb vaxtlarım. Hər şeyimi itirdim – sağlamlığımı da, ürəyimi də, ailəmi də, təmiz adımı da. Bu qədər. Qanlıgün müəllim, bilirsinizmi sizə niyə dedim ki, ağsaqqalı da dəvət edəsiniz? Çünki artıq məhkəmə başa çatıb. Birinci, hər şeyi olduğu kimi qəbul etməyini istədim. İkincisi də, bir məsələ ürəyimdə qalıb. Bilirsiniz də, maşınlar şil-küt olub. Nə mən onun oğlunu geri qaytara bilərəm, nə də mənim oğluma türmədən dönüş var. Ev uşağıdır, kolonda çərrədib öldürəcəklər. Ağsaqqal icazə versin, heç olmasa maşının pulunu ödəyim. Bəlkə bir daxili rahatlıq tapam.

   Vəzifəli şəxs ayağa durdu. Zərəçəkmişin razılıq və ya imtina cavabını da gözləmədi. Cibindən içi dolu zərf çıxarıb ortaya qoydu. Sağollaşıb getdi. Bununla da neçə ay davam edən qəza hadisəsinə son qoydu. Elə mənim bu sahədəki fəaliyyətimə də...

   İnkir-Minkir, məəttəl qalmışdım. Bilmirdim ki, nə işlə məşğul olum. Kimə kömək edim. Hər bir hadisənin arxasından elə mənəvi iztirablar baş qaldırırdı ki, məni əzirdi, diri-diri öldürürdü, basdırırdı. Yox idi bu iztirabların izahı. Kasıbı bir cür bədbəxt idi, varlısı isə ondan da bədbəxt.    Mətbuatı izləməyə başladım. İnkir-Minkir, bilirsənmi ən çox tirajlanan xəbər hansıdır?

- Hansı?

- Tərbiyəsizliklə, fahişələrlə bağlı xəbərlər. Əgər istəyirsənsə yazını yaxşı oxusunlar, ora intim, erotik bir söz yaz. O saat oxuyacaqlar.

- Tərbiyəsiz-tərbiyəsiz sözlər danışma.

- Tərbiyəsiz niyə? Lap “qısa ətək” sözü yazsan da bəs edər. Yaxud da “sinəsi açıq”. Oxucu elə bil ki, susayıb bu cür yazılara. Gözü alıcı quş kimi alır bu informasiyaları. Hələ bədii əsərləri demirəm. “Qızın dodağı ehtirasdan od tutub yanırdı. Bədəni uçunur, göbəyi atırdı. Dodağı çat vermiş, hətta qanamışdı da... oğlan da dodaqlarını onun dodaqlarına yaxınlaşdırıb, diliylə islatmağa...”

- Bəsdir, axmağın biri, axmaq. Görmürsən arvad-uşaq var. Səni adam bilib danışmağa imkan verdik. Day demədik ki, gic-gic danış burda.

ARDI VAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır