Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, noyabr ayı ərzində ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,9 faiz bahalaşıb.
Ötən ay ərzaq məhsullarından düyünün, buğda ununun, manna və qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, narın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb.
Dövlət Statistika Komitəsi bildirir ki, bahalaşan mallarla yanaşı, ucuzlaşanlar da olub: bu əsasən təzə balığın, limonun, portağal və naringinin, almanın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınıb.
Noyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.
Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 8,2 faiz, arpanın 0,4 faiz, lobyanın 0,7 faiz, kələmin 7,2 faiz, xiyarın 17,4 faiz, yerkökünün 1,9 faiz, soğanın 0,3 faiz, göy soğanın 4,2 faiz, kartofun 0,8 faiz bahalaşıb
Qarğıdalının qiyməti 12,3 faiz, pomidorun 0,8 faiz, balqabağın istehsalçı qiymətləri isə 6,3 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən əzgilin istehsalçı qiymətləri 2,3 faiz, limonun 1,6 faiz, naringinin 15,1 faiz, almanın 2,5 faiz, armudun 8,2 faiz, şabalıdın 0,7 faiz, qozun 1,9 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb, üzümün 0,9 faiz, xurmanın 5,2 faiz, narın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal-ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,2 faiz, inək südünün 0,2 faiz, camış südünün 0,1 faiz, diri qoyun və keçilərin 0,3 faiz, ana qoyunun 1,5 faiz, qoyun südünün 4,4 faiz, qoyun ətinin (diri çəkidə) 5,0 faiz, diri qazların 20 faiz, ördəyin qiymətləri 14,2 faiz bahalaşıb.
Hind toyuğunun qiymətləri 1,5 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 1,5 faiz ucuzlaşma müşahidə olunub.
Modern.az