Modern.az

“Telekanallara hərbi-vətənpərvərlik layihələri verdim, səs-soraq çıxmadı” - MÜSAHİBƏ

“Telekanallara hərbi-vətənpərvərlik layihələri verdim, səs-soraq çıxmadı” - MÜSAHİBƏ

4 Fevral 2016, 18:01

Bu gün hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı, bir vaxtlar radio və televiziya efirində təkrarolunmaz səsi ilə məşhur olan, buna görə hətta “Azərbaycanın Levitanı” adlandırılan Şəmistan Əlizamanlının 57 yaşı tamam olub.

Şəmistan Əlizamanlının adı çəkiləndə nəinki hərbçilər, hətta adi insanlar belə, dərhal onun ifasındakı məşhur “Cənab Leytenant” mahnısını xatırlayırlar.

Şəmistan Əlizamanlı ad günü təəssüratlarını Modern.az saytı ilə bölüşüb. Ondan hərbi-vətənpərvərliyə aid digər suallara da cavab almağa çalışdıq.

- Şəmistan müəllim, öncə sizi ad gününüz münasibəti ilə təbrik edirik. 57 yaşda özünüzü necə hiss edirsiniz?

Diqqətinizə görə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Allaha çox şükür, bu gün özümü çox yaxşı, gümrah hiss edirəm. Allahın verdiyi ömrü yaşayırıq. Əlimizdən gəldiyi qədər yaratmağa çalışırıq.

-Hərbi-vətənpərvərlik sahəsindəki fəaliyyətinizi hansı formada davam etdirirsiniz?

-Hazırda “Vətənpərvərliyin təbliğinə dəstək" İctimai Birliyinin sədriyəm. Müharibə haqqında sənədli filmlər çəkirik. QHT Şurasının dəstəyilə vətənpərvərlik sahəsində layihələr gerçəkləşdiririk, mahnılar yazırıq.  Səfərbərlik Xidməti ilə də bir layihəmiz var. “Vətənin müdafiəsinə hazıram” devizi altında regionlarda tədbirlər keçiririk. Hazırda Qaradağ rayon Mədəniyyət evində məşqlər edirik.

- Siz cəmiyyətdə daha çox hərbi-vətənpərvərlik mahnılarının ifaçısı kimi tanınırsınız.  Sanki sizdən sonra bu ənənəni davam etdirənlər yoxdur...

- Bu gün hərbi-vətənpərvərlik sahəsində yetəri qədər mahnılar var. Mənim yazdığım mahnılar Silahlı Qüvvələrdə daim oxunur, istifadə olunur. Məqsədimiz o idi ki, bizim özümüzün mili marşları, vətənpərvərlik mahnılarımız olsun. Biz o zaman onları kaset və disk şəklində orduda yaya bilmişik. Bu gün o baxımdan şikayət edə bilmərik. Həm də hər mahnı da sevilmir axı. Əsgərlərin ürəyincə olan mahnılar var. Yəni artıq milli ordumuzda, silahlı qüvvələrimizdə hərbçilərin sevdiyi mahnılar formalaşıb. “Cənab Leytenant” da belə mahnılardan biridir.

- Hərbi-vətənpərvərlik fəaliyyətinizi nə zamansa mediada, televiziyada bir layihə, veriliş formasına davam etdirməyi düşünmüsünüzmü?

- Bir zamanlar bəzi televiziyalara hərbi vətənpərvərlik layihələri ilə bağlı müraciət etdim. Amma onlardan nədənsə heç bir səs-soraq çıxmadı. Ona görə də işimizi bu gün ictimai şəkildə davam etdiririk. Açığını deyim, elə çox vaxtım da yoxdur. Konsertlərdə, tədbirlərdə, daha çox məktəblərdə fəaliyyətimizi davam etdiririk.

- Bəs jurnalistikanın, medianın hərbi sahədəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu sahədə durum normaldır. Məsələn, “Azərbaycan Ordusu” qəzeti bu gün var, fəaliyyətini davam etdirir. Orada döyüş təcrübəsi keçmiş peşəkar jurnalistlərimiz var. Ümumən, ölkədə hərbi medianın vəziyyəti pis deyil. Qənaətbəxş hesab etmək olar.

- Televiziyalarımızda hansı hərbi-vətənpərvərlik verlişlərini izləyirsiniz?

-ANS -də “Marş” proqramına baxıram. Bu proqram çox xoşuma gəlir. Rahib Qəriblə Müdafiə Nazirliyinin hərbi studiyasında bir yerdə işləmişik. Digər telekanallarda olan vətənpərvərlik verlişlərimiz də maraqlıdır...

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı