Ankarada yerləşən Avrasya Ekonomik İlişkilər Dərnəyi və KKTC Lefkə Avropa Universitetinin təşkilatçılığı ilə Quzey Kıprıs Türk Cümhuriyyətində (KKTC) keçirilən “XXI yüzildə Türk Dünyası” adlı beynəlxalq simpoziumun yekun qətnaməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türk dünyasına, beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara müraciətlər öz əksini tapıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, KKTC, nümayəndə heyətlərinin, habelə Əfqanıstan, Kosova, Makedonya, Kırım, Doğu Türkistan və dünyanın müxtəlif bölgələrində yaşayan Türk toplumunu təmsil edən millət vəkilləri, ictimai-siyasi xadimlər, elm adamlarının qatıldığı simpoziumun sonunda 12 maddədən ibarət “Yekun bəyanat” qəbul edilib, təsbitlər və qərarlar əks olunub.
Simpozium, millət vəkili Qənirə Paşayevanın, Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin (o cümlədən Azərbaycanlıların və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi sədrinin müavini Mübariz Quliyev və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədlinin) təklifləri əsasında respublikamızın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Azərbaycan torpaqlarının 20%-nin işğalı, 1 milyon Azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması kimi faktlara yekun sənəddə geniş yer veriliv. Simpoziumun “Yekun bəyanatın”ın 6 və 7-ci bəndləri biləvasitə bu mövzuya həsr olunub. Həmin maddələrdə deyilir:
6. Simpozium iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini və 15 ildən artıqdır ki, bu işğalı davam etdirməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları və ictimaiyyəti bu problemin həllində daha fəal rol oynamağa, üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çağırır.
Simpozium iştirakçıları Türk Dünyasını Qarabağ problemini özünün problemi kimi görməyə və harada yaşamasından asılı olmayaraq onun ədalətli həlli üçün səylərini artırmağa dəvət edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində öz torpağından, öz ev-eşiyindən didərgin düşmüş 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönə bilməməsini Ən böyük insan haqları pozuntusu kimi qiymətləndirir və beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları 1 milyon insanın Ermənistan tərəfindən pozulmaqda davam edən insan haqlarının bərpası istiqamətində ciddi addımlar atmağa çağırırıq. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, 1milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsi istiqamətində bütün Türkdilli dövlətləri və toplumları hər platformada Azərbaycanda daha fəal dəstək verməyə və bu istiqamətdə daha aktiv çalışmağa çağırırıq.
7. 20-ci əsrin sonlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın bütün dünyaya tanıdılması istiqamətində bütün Türkdilli dövlətləri və toplumları və onların xaricdəki diasporlarını Azərbaycan dövləti və diasporu ilə geniş əməkdaşlığa dəvət edir, bunu törədənlərin öz layiqli cəzalarını alması istiqamətində çalışmağa çağırırıq. Simpozium iştirakçıları 2011-ci ilin Bütün Türk Dünyasında “Qarabağ ili” elan edilməsini təklif edir və Qarabağ həqiqətlərinin həm öz ölkə toplumlarına, həm də beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması istiqamətində aktiv fəaliyyətə dəvət edir.
Modern.az