Azərbaycanda keçirilən sonuncu parlament seçkisində 109 sayı Balakən Seçki Dairəsindən namizədliyini irəli sürmüş Nooyev Məhəmməd üzv olduğu Yeni Azərbaycan Partiyasından haqsız yerə çıxarıldığını özünə qarşı ədalətsizlik hesab edir. O, bununla bağlı ölkə prezidenti, YAP-ın sədri İlham Əliyevə dörd dəfə məktubla müraciət ünvanlayıb. Məhəmməd Nooyev öz müraciətini ölkə prezidentinə bu dəfə mətbuat vasitəsilə çatdırmaq istəyir. Modern.az-a göndərdiyi məktubda YAP-ın keçmiş üzvü prezidentə bildirir ki, bu parlament seçkisində YAP öz siyahısını açıqlamaqda gecikdiyi üçün, öz namizədliyini müstəqil şəkildə irəli sürüb.
Nooyev yazır ki, ondan bir neçə gün sonra isə YAP öz siyahısını açıqlayıb. Seçki kampaniyası başladığı üçün onun artıq seçim etmək imkanı qalmayıb.
“Buna baxmayaraq elə ilk gündən ciddi təzyiqlərlə üzləşdim. Və YAP-ın mərkəzi aparatında olan bəzi məsul şəxslərin təsiri ilə YAP Səbail rayon təşkilatının idarə heyətində partiya nizamnaməsinin 7-cı maddəsini pozduğuma görə (yəni partiyanın vahid namizədinə alternativ olaraq problem yaratdığıma görə) məni partiya sıralarından kənarlaşdırmaq haqqında qərar qəbul edildi. Halbuki başqa seçki dairələrində də YAP üzvləri mütəqil şəkildə iştirak edib. Konkret olaraq, 111 saylı Zaqatala-Balakən seçki dairəsində partiyanın rəsmi namizədi Namidə Süleymanova olsa da, namizədliyini müstəqil şəkildə irəli sürmüş YAP üzvü Kamilə Əliyeva deputat seçildi və ona heç bir irad bildirilmədi. Əgər partiya qərar qəbul edirsə, bu qərar niyə təkcə mənə tətbiq olunur, lakin digər namizədlərə şamil olunmur? Bu ədalətsizliklə bağlı dəfələrlə Sizə müraciət etməyimə baxmayaraq, bü günə qədər heç bir cavab almamışam”.
Nooyev yazır ki, üzv olduğum partiyadan uzaqlaşdırılandan sonra da ona olan təzyiqlər dayanmayıb. Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsində çalışan, müsabiqə yolu ilə işə qəbul olunan qardaşı oğlu Nooyev Şamil Nurəddin oğlu məzuniyyətdə olduğu halda qanunsuz olaraq işdən azad edilib.
“Mən əminəm ki , xidmətlərimi nəzərə alaraq haqqımda çıxarılan ədalətsiz qərarın dəyışdirilməsinə, mənim partiya siralarına bərpa olmağıma və ailə üzvlərimə olan təzyıqlərin qarşısının alınmasına köməklik qöstərəcəksiniz”-deyə sonda keçmiş namizəd yazır.