Modern.az

Yeni deputat Kamilə Əliyeva: «Heç bilmirəm deputatın əməkhaqqı nə qədərdi..."

Yeni deputat Kamilə Əliyeva: «Heç bilmirəm deputatın əməkhaqqı nə qədərdi..."

Müsahibə

7 Dekabr 2010, 17:18

YAP-çı millət vəkili deyir ki, o, seçicilərinə heç bir vəd verməyib

Kamilə Əliyeva 1967-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Orta məktəbi qızıl medalla bitirən K.Əliyeva bir imtahandan «əla» qiymət almaqla BDU-nun biologiya fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra isə BDU-da müəllim, baş müəllim, dosent kimi çalışıb. Hazırda BDU-nun professorudur. Eyni zamanda, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının biologiya bölməsi üzrə elmi katibidir. YAP üzvüdür, ailəlidir, 2 övladı var.
Modern.az  saytı parlamentin yeni deputatı ilə müsahibəni təqdim edir.

- Kamilə xanım, siz 4-cü çağırış parlamentin yeni üzvlərindənsiniz. Artıq 4-cü çağırış parlamentin də iki iclası arxada qalıb. Parlamentin yeni üzvü kimi Milli Məclisdə (MM) olmaq, iclaslarda iştirak etmək sizin üçün hansısa narahatçılıq, baryer yaratmadı ki? Belə demək mümkünsə, özünüzü burada tam, rahat hiss etdinizmi?

- Əlbəttə, hər iki iclasda özümü hamı kimi tam, rahat hiss etdim. Hər iki iclas məndə çox müsbət reaksiya doğurdu. Bu baxımdan, mən də çalışacağam ki, ilk dəfə millət vəkili seçilən şəxs kimi qarşımda duran vəzifələrin, o cümlədən, ölkəmizin inkişafı ilə birbaşa bağlı olan qanunların, qərarların qəbul olunması, onların yerinə yetirilməsində fəal surətdə iştirak edim. Eyni zamanda, yeni millət vəkili olmağıma baxmayaraq, qısa bir zamanda parlamentin ən fəal üzvlərindən biri olum.

- Deputatlıq iddiasında olan şəxslərin əksəriyyəti istər namizəd olduqları, istərsə deputat seçildikləri ilk dövrlər ərzində həm  cəmiyyətə, həm də seçicilərinə parlamentdə fəal millət vəkillərindən biri olacağını vəd edirlər. Ancaq sonradan həmin şəxslərin fəaliyyətini izlədikdə çox vaxt onların vədləri ilə əməllərinin heç də üst-üstə düşmədiyinin şahidi oluruq. Bu baxımdan, siz öz söylədiklərinizə, vədlərinizə əməl edəcəksinizmi, yoxsa?..

- Qeyd edim ki, mən seçkilər ərəfəsində seçicilərimlə görüşlərim zamanı onlara əvvəlcədən heç bir vəd verməmişdim. Ümumiyyətlə, vəd verməyi də xoşlamıram. Mən onlara demişdim və bu gün də həmin fikirlərimin üstündə qalıram ki, seçicilərimin qarşısında yalnız hesabatla çıxış etmək istəyirəm. Çox güman ki, bu, belə də olacaq. Bir daha qeyd edirəm ki, mən əvvəlcədən seçicilərimə heç bir vəd verməmişəm, ancaq, Allah qoysa, qarşıdakı 5 il müddətində gördüyüm işlərlə onların qabağına çıxacağam və onların qarşısında hesabat verəcəyəm.

- Seçkilərdən, daha doğrusu, millət vəkili olmağınız tam dəqiqləşəndən sonra seçicilərinizlə heç görüşmüsünüzmü?

- Mən parlamentə 111 saylı Zaqatala -Balakən seçki dairəsindən deputat seçilmişəm. Ancaq seçkilərdən sonra təbii ki, o bölgələrə, konkret olaraq, seçicilərimlə görüşlərə getməmişəm. Eyni zamanda, parlamentin ilk iki iclasında təşkilati məsələlər müzakirə olunduğuna görə, seçicilərlə görüşüm mümkün olmayıb. Gözləyirəm ki, bu təşkilati məsələlər tam həll olunsun, həm də real fəaliyyətə  başlayım, bundan sonra seçicilərimlə görüşüm.

- Hazırda parlamentdə kiminlə yanaşı əyləşirsiniz və ondan razısınızmı?

- Mən hazırda Gədəbəy rayonundan millət vəkili seçilən deputat həmkarım Sevinc xanım Hüseynova ilə yanaşı əyləşirəm və onunla da yanaşı əyləşməyimdən çox razıyam.

- Bu, təsadüfi oldu, yoxsa sizin öz istəyinizlə?

- Bu, təsadüfi oldu. Bizim kiminlə yanaşı əyləşəcəyimizi, sıra yoldaşımızın kim olacağını parlament aparatının əməkdaşları özləri əvvəlcədən müəyyənləşdirmişdilər. Ancaq bununla belə, mən öz sıra yoldaşımdan çox razıyam.

- Kamilə xanım, siz həm milli, həm dini baxımdan çox həssas bölgələri- Zaqatala və Balakəni parlamentdə təmsil edirsiniz. Sizə də məlumdur ki, zaman-zaman Azərbaycanı istəməyən qüvvələr bu bölgələrə istər milli, istərsə də dini zəmində qarşıdurmalar yaratmağa cəhd göstəriblər. Belə olan təqdirdə, bilmək istərdik ki, hazırda hər iki bölgədə milli, dini baxımdan durum necədir?

- Düzdür, mənim millət vəkili seçildiyim regionlar - Zaqatala və Balakən etnik baxımdan çox zəngindirlər, bu iki bölgədə 20-dən çox millətin nümayəndələri yaşayırlar, ancaq bu bölgələrlə daim əlaqəli bir insan kimi deyə bilərəm ki, onlar çox sakit, əmin-amanlıq şəraitində öz həyatlarını sürürürlər.  Bu bölgələrdə nə etnik, nə də dini zəmində hansısa qarşıdurma hallarına rast gəlmişəm, təsadüf etmişəm. Onlar arasında heç zaman nə dini, nə də milli zəmində hansısa qarşıdurmalar olub.  İnanıram ki, bundan sonra da Azərbaycanın digər bölgələrində olduğu kimi, Zaqatala-Balakən bölgələrində də dini, etnik baxımdan əmin-amanlıq, birgə yaşayış mümkün olacaq, heç bir problem yaşanmayacaq. Əgər kimlərsə də bu yöndə problemlər yaratmağa cəhd göstərəcəklərsə, elə anıdaca öz cavablarını alaraq iflasa uğrayacaqlar.

- Siz, bir millət vəkili kimi konkret olaraq hansı təkliflərlə, ideyalarla, o cümlədən, hansı qanunvericilik aktlarının qəbul olunması təşəbbüsləri ilə çıxış edəcəksiniz? Bu yöndə ümumiyyətlə, təklifləriniz varmı?

-  Mən özüm təhsil işçisi, yəni, BDU-nun professoru oduğuma görə, parlamentin Təhsil və elm komitəsində fəaliyyət göstərəcəm. Bu baxımdan da, çox güman ki, təhsillə, elmlə bağlı müvafiq qanunların qəbul edilməsində öz konkret təkliflərimi, fikirlərimi bildirəcəyəm, irəli sürəcəyəm.

- Siz həm təhsil, həm elm adamı olaraq test sistemi ilə bağlı nə deyərdiniz? Bəziləri test üsulunun ləğvi ilə bağlı fikirlər səsləndirirlər. Siz, bu fikirlərə qatılırsınızmı?

- Şəxsən mən test üsulunun lehinəyəm. Mənə elə gəlir ki, tələbələr üçün test üsulu ilə ali və orta ixtisas məktəblərinə daxil olmaq daha sərfəlidir. Biz artıq bunun neçə illərdir ki, müsbət nəticələrini də görürük, izləyirik, şahidi oluruq. Yəni, savadı, biliyi olan abituriyent üçün test üsulu ilə ali və ya orta ixtisas məktəblərinə daxil olmaq daha asan, daha rahatdır.  Ona görə şəxsən mən də bir təhsil işçisi, elm adamı olaraq test üsulunun bundan sonra qorunub- saxlanılmasının tərəfdarıyam.

- Yeri gəlmişkən, deputat həmkarlarımızın bir çoxu millət vəkillərinin əməkhaqlarının azlığından şikayət edirlər. Açığı qeyd edək ki, millət vəkillərinin bu iddiada bulunması cəmiyyətin bir sıra təbəqələrində, xüsusilə, aztəminatlı təbəqələrdən olan müəllimlər arasında kəskin reaksiyalara səbəb olur. Bu baxımdan, siz necə hesab edirsiniz, istər ali və orta ixtisas müəssisələrində, istərsə də ümumtəhsil məktəblərində çalışan müəllimlərin aldıqları məvaciblər bu gün onların dolanışığını təmin etmək səviyyəsindədirmi?

- Bilirsiniz, əməkhaqlarının, məvaciblərin artırılması məsələsinə dövlət başçımız İlham Əliyev cənabları hər zaman çox diqqətlə yanaşır. Bu məsələ daim onun diqqətindədir. Özünüz də fikir verirsinizsə, son zamanlar nəinki təhsil sahəsində, eləcə də digər sahələrdə çalışan insanların maaşları artırılır. Ona görə inanıram ki, bundan sonra da əməkhaqlarının artırılması ilə bağlı növbəti fərmanların imzalanmasının şahidi olacağıq. Bununla istər təhsil, istər elm, istərsə digər sahələrdə çalışan insanların maddi-rifah halı daha da yaxşılaşacaq.

- Deputat həmkarlarımızın belə demək mümkünsə, maaş davasını necə qiymətləndirirsiniz?

- Mən hələ maaş haqqında danışa bilmərəm. Çünki, mən, yeni fəaliyyətə başlamışam və düzünü desəm, indi maaşın nə qədər olması haqqında da fikir söyləməyim düzgün olmayacaq. Heç bilmirəm ki, deputatın əməkhaqqı da nə qədərdir. Ona görə bu məsələyə münasibət bildirmək istəmirəm.

- Səhv etmiriksə, siz ailəlisiniz. Ailə, qadın, siyasət və millət vəkili, bunlar bir-birinə çətinlik və yaxud maneçilik yaratmır ki?

- Belə götürəndə çətinlik yaradır. Hamısına eyni məqamda vaxt ayırmaq bir qədər çətinlik törədir. Ancaq bununla belə düşünürəm ki, elm sahəsində artıq müəyyən nailliyyətlər əldə edə bilmişəm. 25 yaşımda elmlər namizədi, 33 yaşımda elmlər doktoru adına layiq görülmüşəm. Hazırda professor elmi adını daşıyıram. Eyni zamanda, ailəliyəm. İndi bunlar bir-birinə bir qədər çətinlik yaratsa da, amma mənə elə gəlir ki, hər bir şəxs, hər bir qadın özündə bir inam, qüvvə hiss edərsə, hər şeyi vaxtında, necə deyim, planlı surətdə istifadə edərsə, o cümlədən, vaxtından səmərəli şəkildə yararlanıb onu bölüşdürə bilərsə, bütün məsələlərin öhdəsindən gələ bilər.

- Övladlarınız necə, varmı?

- Bəli, 2 övladım - bir oğlum, bir qızım var.

- Millət vəkili seçilməyinizlə əlaqədar təbii ki, işləriniz də çoxalıb. Belə olan halda, bundan sonra övladlarınızın böyüməsi, təlim-tərbiyəsi ilə kim məşğul olacaq? Bunun üçün ayrıca köməkçi və ya dayə tutmaq fikriniz varmı?

- Düzünü desəm, köməkçi və ya dayə tutmaq fikrim yoxdur. Düzdür övladlarım hələ körpədir, biri bağçaya gedir, o biri isə «21-ci əsr məktəbi»ndədir. Yəni, təhsilini orada alır. Amma bununla belə, axşamlar mən onlara da vaxt ayıra bilirəm. Çalışıram ki, oğlumun dərsləri ilə əlavə məşğul olum. Yəni, mən övladlarımı başqasına etibar etmək fikrində deyiləm.

- Bildiyiniz kimi, deputat-siyasətçi olmağın bir sıra çətinlikləri var və yuxarıda da qismən bunlara toxunduq. Bu çətinliklərdən biri də odur ki, millət vəkilləri tez-tez bu və ya digər məsələlərlə bağlı dövlət tədbirlərində, ayrı-ayrı toplantılarda iştirak etməli olurlar. Bu  məqamlar həyat yoldaşınızda sizə qarşı hansısa bir qısqanclıq hissi yaratmır və ya yarada bilməz ki?

- Xeyr, o bilirdi ki, mən millət vəkili olmaq üçün  namizədliyimi irəli sürmüşəm və mənim qarşımda artıq hansı məsələlər durur.  Ona görə həyat yoldaşımla aramızda bu məsələlərlə bağlı heç bir problemimiz yoxdur və yəqin ki, bundan sonra da olmayacaq.

- Həyat yoldaşınız da YAP-çıdır, siyasət adamıdır?

- Bəli, o da YAP-ın üzvüdür, ancaq siyasət adamı deyil. Yəni, siyasətlə fəal məşğul olmur.

- Məqamı düşmüşkən, nə vaxtdan YAP-a daxil olmusunuz?

- Mən 2002-ci ildən dahi öndərimiz Heydər Əliyevin qurucusu və yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. Bu partiyanın üzvü olmağımla da fəxr edir, qürur hissi keçirirəm.

- Siz seçklərə YAP-ın rəsmi namizədi olaraq qatılmışdınız, yoxsa müstəqil namizəd kimi?

- Mən YAP-ın üzvü olsam da, seçkilərdə müstəqil namizəd kimi  iştirak etdim və seçicilərimin, eləcə də partiyadaşlarımın dəstəyi ilə 4-cü çağırış parlamentə üzv seçildim.

- Bəs, sizi bu dairəyə bağlayan nə idi? Əsliniz bu bölgələrdən idi, burada qohumlarınız yaşayırdı, yoxsa?..

- Xeyr, mən əslən bu bölgələrdən deyildim. Burada heç bir qohum-əqrəbam da yaşamırdı və indi də yaşamır. Ancaq buna baxmayaraq daim bu bölgələrdə sıx əlaqədə olmuşam. Mən hətta, öz namizədlik və doktorluq dissertasiyalarımı hazırlayarkən, müdafiə edərkən bu bölgələrlə yaxından təmasda olmuşam. Yəni, o vaxtan mənim bu  bölgələrlə, onun insanları ilə ünsiyyətim yaranıb. Ona görə belə bir qərara gəldim ki, mən öz namizədliyimi bu bölgələri əhatə edən 111 saylı dairədən irəli sürüm. Belə də etdim və nəhayət, seçicilərimin dəstəyi ilə millət vəkili seçildim.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi