Azərbaycanın Çin Xalq Respublikasındakı keçmiş hərbi attaşesi general-leytenant Yaşar Aydəmirov Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, həm də Şəxsi Heyət Baş İdarəsi (G1) rəisi vəzifəsini icra edəcək. Bu barədə Modern.az “MilAz”-İA-ya istinadla xəbər verir.
Yaşar Aydəmirov SSRİ dövründə Əfqanıstanda xidmət keçib. Daha sonra Zaqafqaziya hərbi dairəsində baş hərbi senzor kimi çalışıb. Azərnbaycan müstəqillik əldə etdikdən sonra briqada komandirinin müavini, uzun illər Beyləqan hərbi birləşməsinin komandiri, 2002-2005-ci illərdə isə Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsinin rəisi – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb. Sonra isə Çin Xalq Respublikasına hərbi attaşe vəzifəsinə göndərilib. 3 ay bundan əvvəl isə sərəncama buraxılıb. Daha sonra Müdafiə Nazirliyinin Məsləhətçilər şurasına təyin olunub.
Y.Aydəmirov mərhum Heydər Əliyevin dövründə təcrübəli kadr hesab olunub. Azərbaycanın NATO ilə əməkdaşlığının güclənməsinin tərəfdarı kimi xarakterizə olunur.
Məlumatlara görə, yaxın vaxınlarda onun Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması da gözlənilir.
Qeyd edək ki, Aydəmirovun yerinə Bakı Ali Dənizçilik Məktəbinin keçmiş rəisi, birinci dərəcəli kapitan Nurulla Əliyev Azərbaycanın ÇXR-dakı hərbi attaşesi təyin olunub.