Modern.az

Deputat Aqiyə Naxçıvanlı: «İş də özümündü, mətbəx də, ev də, uşaqlarım da öz boynumdadır»

Deputat Aqiyə Naxçıvanlı: «İş də özümündü, mətbəx də, ev də, uşaqlarım da öz boynumdadır»

8 Dekabr 2010, 18:21

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Aqiyə Naxçıvanlı Modern.az saytının suallarını cavablandırır.

- Aqiyə xanim, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olmaq öz istəyiniz oldu? Deputat kimi nələri özünüz üçün prioritet seçmisiniz?

- Hər halda öz fəaliyyətimi parlamentin bu komitəsində görürəm. Təhsildə xeyli problemlər var, ona görə yəqin ki, burada olan problemlərin aradan qaldırılması üçün bəzi fəaliyyətlərim olacaq. Eyni zamanda, parlamentlərarası işçi qruplarında fəaliyyətimlə ölkəmizin siyasətinin başqa ölkələrə daha da yaxından tanıdılması istiqamətində aktiv millət vəkillərindən biri olacam. Bununla yanaşı, təhsil sahəsinin nümayəndəsi olaraq həm təhsil işciləri, xüsusilə müəllimlərlə işin təşkili istiqamətində, həm də seçicilərimlə bağlı məsələlərdə aktiv olacağam. Seçildiyim dairədə də çoxlu problemlər var ki, onların aradan qaldırılması üçün də addımlar atacağam. Bu problemləri  parlamentdə qaldırmaqla yanaşı, onları aidiyyatı nazirliklərə də göndərib həlli istiqamətində müvafiq addımların atılmasına nail olmağa çalışacağam. Bir məsələni də diqqətinizə çatdırım ki, parlament fəaliyyətimin ana xəttini se,ildiyim 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin problemlərinin aradan qaldırılması təşkil edəcək.

- Bilmək olarmı ki, aparılan təbliğat-təşviqat kampaniyası dövründə Oğuz-Qəbələ sakinləri daha çox hansı məsələləri önə çəkirdilər?

- Əsasən məktəblərin köhnə vəziyyətdə olması, təmir məsələlərini, təchizat problemlərini qabartdılar. Bu bölgələrdə ən çox mövcud olan problemlərdən biri də torpaqla bağlıdır. Oğuz-Qəbələdən böyük su kəməri keçdiyindən həmin ərazilərdə bir çox insanların torpaq sahəsi kəmərin keçdiyi ərazidə qalıb. O torpaqlar hələlik insanlara qaytarılmadığından, sənədləşmələrdə də problemlər var. Eyni zamanda, bu bölgələrdə ekoloji problemlər də mövcuddur. Bu bölgələr qazla tam təmin olunmadığından insanlar meşələri də qırıb yandırırlar. Ona görə çalışağam ki, fəaliyyətim dövründə bu problemlərin də həllinə öz töhfəmi verim.

- Qeyd etdiniz ki, təhsil məsələlərinə də diqqət ayıracaqsınız. “Təhsil haqında” qanunla hansısa təklifləriniz olacaqmı?

- Doğrudur, yeni qanun qəbul olunub, ancaq bu qanun  əslində çərçivə qanunudur. Ona görə, indi həmin məsələyə nöqtə qoymaq olmaz. Orada hələ bir çox məsələlər öz həllini tapmalıdır. Yəqin ki, mərhələ-mərhələ o məsələləri də həll etmək lazım olacaq.

- Aqiyə xanım, seçildiyiniz dairədə insanların maddi və məişət problemlərinin olduğu məlumdur. Bu insanlara maddi baxımdan dəstək durmaq üçün hansısa imkanlara maliksinizmi?

- Bilirsiniz, bizneslə hansısa bir əlaqəm, bağlılığım yoxdur. Mən elm, təhsil adamıyam. Ancaq üstünlük ondan ibarətdir ki, mən özüm Oğuzda böyüyüb, boya-başa çatmışam. Valideyinlərim uzun müddət orada işləyib, fəaliyyət göstəriblər. İnsanlar da valideyinlərimi yaxşı tanıyırlar. Ona görə də yəqin ki, xırda problemləri dost-tanış, yaxın insanların vasitəsi ilə, özümün dəstəyimlə aradan qaldıracam. Bu o demək deyil ki, mən onlara yol çəkəcəm, qaz çəkəcəm, ev tikəcəm. Ancaq adi problemlər var ki, çalışacam həll edim. Misal üçün, bir məktəbə kompüter lazımdırsa, iki komputer alıb həmin məktəbə verməyə mənim gücüm çata bilər, bir xəstə insanın müalicəsi ilə bağlı kömək edə bilərəm. Bir ailədə iki uşaq epileptikdir, onların müalicəsi ilə bağlı bəzi özəl klinikalardan xahiş etmişəm ki, onların tomoqrafiyasını çıxarsınlar, haradasa müalicəsinə kömək göstərsinlər. Nəyi bacarıramsa, onu da edəcəm. Bundan başqa, orada mənim qardaşlarım işləyir. Yəqin ki, onlar da kimlərəsə dəstək ola biləcəklər. İnanmıram ki, seçicilərim öhdəsindən gələ bilməyəcəm problemləri qaldırsınlar.

- Parlamentdə gender məsələsinə münasibətinizi də bilmək istərdik?

- Mənə elə gəlir ki, qadınlar parlamentdə bir az da çox təmsil olunsaydılar, daha yaxşı olardı. Mən kvota məsələsini də qəti olaraq qəbul etmirəm. Amma parlamentdə 30  qadın parlamentari təmsil olunsaydı, daha yaxşı olardı. Düzdür, hazırda 20 qadın millət vəkili var, bu da pis deyil, keçmişə baxanda, bu, daha yaxşıdır, ancaq onların sayı bir qədər də çox olsaydı, daha məqsədəyğun olardı.

- Aqiyə xanım, siz uzun illərdi ictimai işlərdəsiniz. Bu baxımdan, ailənizin bu işlərə münasibəti necədir?

- Doğrudan da, uzun illərdir ictimai işlərdəyəm və bu işləri aparan zaman da hansısa ailədaxili  problemlərim olmayıb.Yəni, mən o problemləri həll etməyi bilirəm.

- Bəs, bu işləri görən zaman işlə mətbəx, bunlar bir-birinə maneçilik törətmir ki?

- İş də özümündü, mətbəx də özümündü, ev də özümündü, uşaqlarım da öz boynumdadır. Onların da problemlərini aradan qaldırmağı bacarıram. Yəni bu məsələləri həll etməyə də qadirəm. Sadəcə, bir qədər yuxuma haram qatmalı oluram.

- Qarşıda xarici səfərlər, müxtəlif beynəlxalq konfranslarda iştirak və sair məsələlər durur. Sizcə, həyat yoldaşınızın bu məsələlərə münasibəti necə olacaq?

- O çox mütərəqqi bir insandır. Deyim ki, bütün bu məsələlərdə də həyat yoldaşım məni həmişə müdafiə edib. Bu məsələlərdə məni ən çox kömək edən də elə odur.

- Həyat yoldaşınızın işini bilmək olarmı?

- Həyat yoldaşım da mənim kimi vaxtilə komsomol işcisi olub. İndi Prezident Administrasiyasında çalışır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı