İnsan hüquqları üzrə Müvəkkilə (Ombudsmana) insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini genişləndirməsini nəzərdə tutan əlavə səlahiyyətlər veriləcək. Bunun üçün isə “İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Konstitusiya qanununa əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə (MM) göndərilən əlavə və dəyişikliklər layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitəsinin 8 dekabrda keçirilən birgə iclasında müzakirə olunub.
Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov deyib ki, təklif olunan əlavə və dəyişikliklərin məqsədi Azərbaycanın iştirakçısı olduğu BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyası”nın Fakültətiv Protokolunda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsidir. Onun sözlərinə görə, Azərbaycan parlamenti 2008-ci ildə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyası”nın Fakültətiv Protokolda ratifikasiya edib. 2009-cu ildə bu protokol qüvvəyə minib: “Bizim öhdəliyimizə görə, Azərbaycan bir il ərzində milli preventiv mexanizm yaratmalıdır. Milli preventiv mexanizmin həyata keçirilməsi hazırkı Ombudsman Aparatına verilir. Bununla bağlı prezident sərəncam da imzalayıb. Konvensiyaya görə, hər bir ölkə milli preventiv mexanizm yaratmalıdır. Bunun məqsədi həbsxanalarda, hərbi hissələrdə, müvəqqəti saxlama yerlərində, qarnizon hauptvaxtlarında, xüsusi uşaq evlərində, psixo-nevroloji xəstəxanalarda işgəncə və qeyri-insani rəftarın baş verməsinin qarşısını almaqdır. Hesab olunur ki, belə halların baş verməsiylə mübarizə ilə yanaşı onların baş verməməsi üçün mexanizm olmalıdır”.
Şöbə müdirinin qeyd etdiyinə görə, artıq 52 ölkə bu Konvensiyaya qoşulub, 34 ölkə özünün milli preventiv mexanizmini yaradıb. L.Hüseynovun dediyinə görə, bu 34 ölkənin əksəriyyəti milli preventiv mexanizmin həyata keçirilməsi üçün hələ ki, yeni qurumlar yaratmayıb. Bu səlahiyyəti mövcud olan strukturlara veriblər. Konvensiyaya qoşulmuş 21 Avropa ölkəsindən yalnız 12-sində yeni qurum yaradılıb. Əksəriyyəti isə səlahiyyətləri Ombudsman Aparatına verib. L.Hüseynov bildirib ki, milli preventiv mexanizmin yaradılmasının əsas şərtlərindən biri də onu həyata keçirəcək qurumun müstəqil olmasıdır. Eyni zamanda, qurumun əməkdaşlarının istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, qarnizon haupvaxtlarına, istintaq təcridxanalarına, polis məntəqələrinə, xüsusi uşaq evlərinə, psixo-nevroloji xəstəxanalara və şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, təkbətək görüşlər keçirmək, jurnallara baxmaq səlahiyyəti olmalıdır: “Eyni zamanda, milli preventiv mexanizmin baxış keçirdikdən sonra dövlət orqanlarına tövsiyə vermək hüququ olmalıdır. Çünki bu mexanizmin əsas məqsədi dialoqdur. Bu dialoq işgəncənin, qeyri-insani rəftarın qarşısını almaq üçün vacibdir. Lakin bizim müzakirəyə çıxardığımız qanun layihəsində bu yoxdur. Layihəni hazırlayan qanunvericilik subyektləri ilə müzakirələrimiz olub və layihəyə bununla bağlı layihəyə əlavələr ediləcək. İkinci vacib məsələ milli preventiv mexanizmi həyata keçirəcək insanların kimliyidir. Onların təyinatı şəffaf olmalıdır. Onlar professional hazırlığa, təcrübəyə və uyğun təhsilə malik olmalıdırlar. Qrupun tərkibində dövlət orqanlarının nümayəndələri ola bilməz. Bu şəxslər təkcə aparat işçisi olmayacaqlar. Onlar həm də beynəlxalq öhdəliyi yerinə yetirmək üçün təyin olunan insanlardır”.
Qeyd edək ki, qanun layihəsi ilə bağlı L.Hüseynovun məlumatı dinlənildikdən sonra onun ətrafında müzakirələrə başlanılıb. Deputatların əksəriyyəti milli preventiv mexanizmin həyata keçirilməsi səlahiyyətinin hazırkı Ombudsman Aparatına verilməsinə etiraz ediblər. Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, belə bir addımın atılması insan hüquqları sahəsində əldə olunan irəliləyişlərdən gedir çəkilməkdir. Onun fikrincə, yeni qurum tam müstəqil olmalı, ixtisaslaşmış insanlardan təşkil olunmalıdır: “Hazırkı Ombudsmanın kifayət qədər səlahiyyətləri var. Bu qədər səlahiyyəti onun əlində cəmləşdirmək doğru deyil. Ona görə də qanun geri qaytarılmalı və yenidən işlənməlidir. Demokratik cəmiyyətin qurulması mexanizmi yaradılmasa, istənilən təyinat heç nəyi dəyişməyəcək”.
Digər millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanda insan hüquqları sahəsində heç bir irəliləyiş yoxdur. Onun fikrincə, kifayət qədər ziddiyyətli fikirlər var: “Yeni qurum üzvlərinin qərəzliliyə yol verəcəyi istisna deyil. Ona görə də qrupun üzvlərinin məsuliyyətləri müəyyən olunmalıdır. Hazırkı Ombudsman yalnız məktub qəbul edib yola salmaqla məşğuldur. Ombudsman problemləri həll edən quruma çevrilməlidir”.
Millət vəkili Fəzail Ağamalı isə Ombudsman Elmira Süleymanovanın fəaliyyətindən razı qalmadığını deyib: “O, üzərinə düşən vəzifələri lazımınca yerinə yetirə bilmir. Onun fəaliyyətində protokolluq, formalizm nəyinsə xətrinə nəyisə etmək meylləri var. İndi isə biz ona yeni səlaihiyyətlər veririk. Mən onun bu səlahiyyətləri yerinə yetirə biləcəyinə şübhə edirəm. Milli preventiv qrup bu qurumda yaradıla bilməz. Təklif müsbət olsa da, onun bu Aparata verilməsi praktik olaraq heç bir nəticə verməyəcək. Ona görə müzakirələr açıq saxlansın, bizim təkliflərə qanunvericilik təşəbbüsü subyekti ilə birgə baxılsın və müzakirələr sonra davam etdirilsin”.
Bitərəf millət vəkili Çingiz Qənizadə də bildirib ki, insan hüquqlarının müdafisəi sahəsində boşluqlar var. Onun sözlərinə görə, milli preventiv mexanizm və qrupun yaradılması bu boşluğu qismən dolduracaq: “Bu səlahiyyətlər Ombudsman Aparatında da ola bilər. Amma hazırkı Ombudsmanın bunu yerinə yetirə biləcəkmi? Mən də Ombudsmanın fəaliyyətindən narazıyam. Ombudsman bunu həyata keçirmək imkanı olan şəxs olsa, bu səlahiyyətləri ona vermək problem deyil”.
Digər bitərəf millət vəkili, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, milli preventiv mexanizm həyata keçiriəck qrup mütləq müstəqil olmalıdır: “Bu qrup Ombudsman Aparatına alternativ, müstəqil, demokratik olmalıdır. Nəzarət olunacaq sahələrdən ən vacibi ordududur. Biz tez-tez orduda ölüm hallarının, işgəncə faktlarının, qeyri-insani rəfdarın olması haqda mətbuatda məlumatlar oxuyuruq. Ombudsman indiyədək bunların birini araşdırmayıb. İndiyədək belə faktları araşdırmaq, vəziyyətə nəzarət etmək mümkün olmayıb. Ombudsmanın bir çox sahələrdə fəaliyyəti formal xarakter daşıyıb. Biz yeni səlahiyyətləri hazırkı Ombudsmana verməklə bu gözəl, cəmiyyət üçün çox vacib təşəbbüsü öldürməməliyik. Əgər söhbət işgəncədən, qeyri-insani rəftardan gedirsə, mütləq alternativ tibbi ekspertiza olmalıdır. Hesab edirəm ki, Azərbaycanda müstəqil tibbi ekspertiza yaradılmalıdır”.
Müzakirələrdə iştirak edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyilənlərlə razılaşmayıb. O, qeyd edib ki, Ombudsman indiyədək yeni layihədə nəzərdə tutulan səlahiyyətləri həyata keçirib: “Dünyanın hər yerində belədir. Azərbaycan Ombudsmanının fəaliyyətinə həmişə müsbət qiymət verilib. Azərbaycan Ombudsmanı dünyanın 10 A kateqoriyalı Ombudsmanından biridir. Onun fəaliyyətinə belə qiymət verilməsi Azərbaycanda insan hüquqları sahəsində göstərdiyi xidmətlərlə bağlıdır”.
ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Meltes deyib ki, milli preventiv mexanizmin, qrupun tövsiyələr vermək səlahiyyəti olmalıdır: “Bundan başqa ATƏT-in Bakı ofisi təklif edir ki, milli preventiv mexanizmi həyata keçiriləcək qrupa xarici ekspertlər də daxil edilməlidir. Onlar yeni qurumun müstəqilliyini təmin edəcəklər. Eyni zamanda, Azərbaycanda müstəqil tibbi ekspertiza yaradılmalıdır. Bununla bağlı Ədliyyə Nazirliyi ilə də müzakirələrimiz olub. Milli preventiv mexanizmin əhatə dairəsi genişləndirilməlidir. Naxçıvan da bura daxil edilməlidir. Layihədə bu nəzərdə tutulmur. Bununla bağlı ayrıcı qanun olmalıdır”.
MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova öz növbəsində deyib ki, birinci dəfə deyil ki, sözügedən Konstitusiya qaununa dəyişiklik edilib, Ombudsmana əlavə səlahiyyətlər verilir. Onun dediyinə görə, 9 ildə Ombudsman İnstititu özünü təsdiq edib: “Biz bir tərəfdən Ombudsnanın yaxşı işləmədiyindən şikayət edirik, digər tərəfdən isə ona əlavə səlahiyyətlər vermək istəmirik. Bəlkə səlahiyyət veriləndən sonra güclənəcək?! Özü də burada Elmira Süleymanovadan və yaxud ona əlavə səlahiyyət verilməsindən söhbət getmir, burada Ombudsman Aparatından və ona əlavə səlahiyyət verilməsindən söhbət gedir. Kiminsə kimdənsə xoşu gəlməyə bilər, bu, onun öz şəxsi işidir. Ancaq biz bu məsələləri qətiyyən bir-birinə qarışmamalıyıq. Hesab edirəm ki, ayrı-ayrı qurumların olmasındansa, vahid güclü təşkilatın olması daha yaxşıdır. Belə olsa, ondan konkret nəsə tələb edə bilərik. Amma nüfüz, insan hüquqlarının qorunması A, B kateqoriyası ilə ölçülmür. Biz necə A kateqoariyalı Ombudsman olan ölkəyik ki, bizi BMT-nin İnsan hüquqları komitəsindən kənara atdılar”.
Geniş müzakirələrdən sonra qanun layihəsi nəhayət, MM-in plenar iclasına tövsiyə olunub.
Modern.az