Modern.az

Mollanəsrəddinçi SEYİD HÜSEYN haqqında…

Mollanəsrəddinçi SEYİD HÜSEYN haqqında…

Ədəbiyyat

15 Fevral 2016, 14:46


Könül AYDIN Nəhmətova

Görkəmli tənqidçi, yazıçı, publicist, pedaqoq, ictimai xadim Seyid Hüseyn yaddaşlarda  xoş xatirələr buraxıb. Bu xatirələri oxuduqca yazıçının ədəbi portreti gözümüz önündə canlanır. Seçilən cizgilər Seyid Hüseynin ağır təbiəti ilə yanaşı, mülayim xasiyyəti, təmkinliliyi, qayğıkeşliyi, problem yaradan deyil, problem həll edən,  az, lakin kəsərli danışan şəxsiyyətə malik olması haqqında xəbər verir.

Sovet hakimiyyətinin ilk illərində “Molla Nəsrəddin” redaksiyasında çalışan Qulam Məmmədlinin “Məni niyə döyürsünüz?” məqaləsi Seyid Hüseynin xatirəsini diri saxladığına görə marağımızı çəkdi. Onu da qeyd edək ki, bu il “Molla Nəsrəddin” jurnalının yaranmasının 110-cu ildönümü olması səbəbi ilə  və həmçinin Seyid Hüseyn “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından ilklərin sırasında olduğu üçün bu mövzu hər iki münasibətlə aktualdır.


QULAM MƏMMƏDLİ

Mollanəsrəddinçinin xatirəsi

NİYƏ MƏNİ DÖYÜRSÜNÜZ?

“Molla Nəsrəddin” jurnalının nömrələrinin birində bəylərin, xanların, mollaların, çinovniklərin əllərində “Mollanı döydükləri” şəkli çəkilmiş və “Niyə məni döyürsünüz?” başlıqlaı bir felyeton da yazılmışdı. Gülməli idi, çox gülməli idi...

Mən hər dəfə o şəklə baxanda gülərdim, daha bilməzdim ki, o əhvalat elə mənim öz başıma da gələ bilər...

İş elə gətirdi ki, 1923-cü ildə mən Bakıya gəldim. “Kommunist” qəzeti və “Molla Nəsrəddin” jurnalı çap olunan mətbəədə işləməli oldum. Qəzetdə və jurnalda  çap olunan məqalə və felyetonları yığa-yığa yazmağı öyrənməyə çalışdım...

Günlərin bir günü iki-üç nəfər işçilərimizin işə gəlmədiyini bilib səbəbini soruşduq, dedilər ki, onlar gediblər: sinə vurmağa, şaxsey deməyə, savab qazanıb Cənnətə düşməyə.

Əlim dinc durmadı, götürdüm  “Molla Nəsrəddin”ə   “Təzə il, təzə şərtlər” başlıqlı bir felyeton yazdım. Aparıb verdim Mirzə Cəlilə. O da ora-burasını düzəldib jurnalın ( 1925-ci il 3 yanvar) birinci nömrəsində çap elədi.

Felyetonda məşhər gününü yuxuda gördüyümü təsvir edirdim:

“Baxdım, gördüm bir bağdır, bir şəxs oturub, dizlərinin üstündə bir mamılı-matan huri ilə söhbət eləyir. Amma həmin adam mazaqlaşanda ki, istəyir əlini hurinin bədəninə vursun, huri qışqırırdı ki: ...Yandım! Mən bunun səbəbini soruşdum.  Dedilər ki, bu, mürəttibdir. Ancaq dünyada olduqca namaz qılıb, oruc tutub, sinə vurub, zəncir vurub, müxtəsər, Allahın bütün əmrlərini yerinə yetirib. Odur ki, Allah ona behişt verib. Amma bütün ömründə iki nömrə “Molla Nəsrəddin” yığdığı üçün onun barmaqları həmişə yanır. O səbəbə huri deyir: “Əl vurma, yandım!...”

Mən bu dünyada şəriətin vədinə görə bütün əzablara qatlaşıram ki, o dünyada, heç olmasa, bir ağız ləzzəti görüm. Orada da  ki mənə deyəcəklər:

- Əl vurma, yandım! – Daha niyə özümü öldürüm?!”

Mən felyetonda ad çəkməmişdim. Amma jurnal çapdan çıxdı, əllərə düşdü, oxudular, onda “Niyə məni döyürsünüz?” əhvalatı mənim də başıma gəldi.

O gün işə başlayanda sinə vurmağa gedənlərdən birisi mənim “gərdimə bir daş atdı”, mən qulaq ardına vurdum, o birisi hədə-qorxulu bir cümlə işlətdi. Mən dinmədim, yavaş-yavaş hədə-qorxudan söyüşə keçdilər.

Bu da kifayət eləməyəndə onlardan biri mənə tərəf bir-iki addım irəli gəlib:

- Olmayeydi bura, oleydi küçə, mən məqalə yazmağı sənə öyrədərdim! – dedi.

Lap az qalmışdı deyim ki, “Məni niyə döyürsünüz?”, bu vaxt yazıçı Seyid Hüseyn sexə gəldi.:

Nə var, nə olub?

Nə olacaq, bizi jurnala yazan tapılıb?

Bəlkə o yazmayıb?

- Necə o yazmayıb? Altında imzası var: “Səni yığan mürəttib”.

Seyid Hüseyn özünəməxsus təmkinlə onları başa saldı ki, belə olmaz. Əgər yazılan doğrudursa, bu dava-şavaya lüzum yoxdur. Yox, yalandırsa, bu barədə redaksiyaya xəbər verin, qoy yoxlasınlar, yalan yazan müxbir haqqında tədbir görsünlər.

Seyid Hüseyn o dəqiqədə gəlib oraya çıxmasaydı, mənim aşımı bişirəcəkdilər.

Məsələ bununla qurtarmadı. Mətbəənin partiya təşkilatı, yerli komitə, redaksiyalar işə qarışdılar, komissiya ayırdılar, yoxladılar və yoldaşlıq məhkəməsi qurulub məni təhqir edənləri o ki var danladılar.  Bir-iki gündən sonra “Kommunist” qəzetinin 1925-ci il 21 yanvar tarixli nömrəsində “Müxbiri təhqir” başlıqlı bir məktub dərc edilmişdi.

“Molla Nəsrəddin” məcmuəsinə məqalə yazmış mürəttib Məmmədlini türk (Azərbaycan – Q.M.)  şöbəsi mürəttiblərindən B.R. və N.C. (mən indi onların adını açıq yazmağı lazım bilmirəm) təhqir etmişdirlər. Aparılan tədqiqat nəticəsində məzkur mürəttiblər H.Əlibəyovun təşviqi ilə yoldaş Məmmədlini təhqir etdikləri anlaşılmışdır. Ümumi iclas komissiyonunun təhqiqat haqqında məruzəsini dinlədikdən sonra məzkur mürəttibləri şiddətli surətdə təkdir etmişdir”.

Bir neçə il bundan qabaq mənə xəbər verdilər ki, həmin adam huri almaq üçün cümə axşamları Aşqabadda qəbirstanlığa gedir, ölülər üçün “Yasin” oxuyub halva payı yığırmış...



28 aprel 1987

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat