Modern.az

Hesablama Palatasının sədri: “Elə bir qurum yoxdur ki, işimizə maneçilik törətsin” - MÜSAHİBƏ

Hesablama Palatasının sədri: “Elə bir qurum yoxdur ki, işimizə maneçilik törətsin” - MÜSAHİBƏ

Müsahibə

15 Fevral 2016, 16:32

Vüqar Gülməmmədov: “Ciddi maliyyə intizamı və məqsədyönlü qənaət də bir maliyyə mənbəyidir”


"Hesablama Palatası haqqında yeni qanun layihəsi hazırlanıb"

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Vüqar müəllim, 2015-ci il üçün Hesablama Palatasının fəaliyyətini necə qiymətləndirirsiniz? Qarşıya qoyulan işlərin öhdəsindən lazımınca gələ bilmisinizmi?

- Dövlət büdcə-maliyyə nəzarəti orqanı olan və daimi fəaliyyət göstərən Hesablama Palatası  öz  fəaliyyəti  barədə Milli Məclisə ildə bir dəfə hesabat verir. Eyni zamanda, aparılmış bütün nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə mütəmadi məlumat təqdim edir. Bununla yanaşı, Hesabalma Palatası şəffaflığı təmin etmək üçün nəzarət tədbirləri barədə xəbərləri öz internet səhifəsində yerləşdirməklə həm də, ictimaiyyəti məlumatlandırır. 2015-ci ilin nəticələri ilə də bağlı hesabat tərtib edilməkdədir və qanunvericiliklə müəyyən edilmiş qaydada parlamentə təqdim olunacaq. Həmin hesabatın müzakirəsinin nəticəsində hörmətli millət vəkilləri, eləcə də media nümayəndələri Hesablama Palatasının fəaliyyətini ədalətlə qiymətləndirəcəklər. Hər halda, cari ildə təqdim edəcəyimiz hesabatda nəzarət tədbirləri barədə daha sistemli və əhatəli məlumatlar əks etdiriləcək.

- Hesablama Palatasının rəsmi açıqlamalarından görünür ki, qurum əsasən icra hakimiyyətləri və digər xırda təşkilatları yoxlayır. Maraqlıdır, Hesablama Palatasına daha böyük təşkilatları yoxlamağa nə mane olur?

- Bu sualı bir neçə yerə bölmək olar. Əvvəla qeyd edək ki, dövlət vəsaitlərindən istifadə edən hər bir qurum kənar maliyyə nəzarətinin subyektidir və bu istiqamətdə “xırda təşkilat” –“böyük təşkilat” anlayışı yoxdur. Sizin dediyiniz ölçü baxımından xırda-böyük təşkilatların hamısı maliyyə inzibatçılığının yüksək dərəcədə təmin edilməsində bərabər məsuliyyət daşıyır. Qeyd etmək istədiyim ikinci məsələ, rayon və şəhər icra hakimiyyət orqanlarının tərəfinizdən “kiçik” qurum kimi qiymətləndirilməsi ilə bağlıdır. Hər bir inzibati ərazi vahidi üzrə icra hakimiyyəti orqanı ölkə başçısının müəyyən etdiyi iqtisadi və sosial prioritetlərin icraçısı funksiyasını daşıyır. Yerli icra hakimiyyəti orqanlarına yerli xərclərlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondlardan yol və sosial infrastrukturun tikintisi və təmiri ilə bağlı kifayət qədər vəsait ayrılır. Digər tərəfdən, Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətində, “Azərsu”  “Azərenerji” və “Azəriqaz” kimi ASC-lərdə, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumlarda nəzarət tədbirləri həyata keçirib. Palatanın rəsmi internet saytına və fəaliyyətinə dair hesabatlara istinadən sizin saytınızda da həmin tədbirlərdən bəzilərinin nəticələri ilə bağlı məlumatlar əks etdirilib.
Nəhayət, sonuncu məqamla bağlı bildirim ki, mövcud qanunvericiliklə, Hesablama Palatasının fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir. Palata üzvlərinin, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bu yaxınlarda da qeyd etdiyim kimi, Palata işini sərbəst şəkildə həyata keçirir və elə bir qurum yoxdur ki, işimizə müdaxilə etsin və şəffaflığın təmin olunmasına maneçilik törətsin.

- Məsələn, adı tez-tez qalmaqallı məsələlərdə hallandırılan nazirlik və ya dövlət qurumlarında yoxlamalar aparıla bilərmi?

- Hesablama Palatası, dediyim kimi, cəmiyyətdə hansı imic daşımasından asılı olmayaraq, bütün təşkilatların fəaliyyətinin qanunvericiliyə uyğunluğunun auditini həyata keçirir. Qeyd etdiyim kimi, dövlət vəsaitlərini istifadə edən və ya dövlət gəlirlərinin formalaşmasında iştirak edən hər bir qurum Palatanın maliyyə nəzarətinin subyektidir və fəaliyyətimizə müdaxilə yoxdur.

- Belə məlumatlar var ki, yüksək ranqlı məmurlar Hesablama Palatasını öz qurumlarına buraxmırlar. Məsələn, Sizdən bir neçə il öncə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Hesablama Palatasının auditorlarını bu quruma buraxmamışdı...

- Siz öz suallarınızı nədənsə müqayisələr üzərində qurursunuz – xırda-böyük, yüksək ranqlı-aşağı ranqlı. Qeyd edim ki, mən Palatada 2007-ci ildən çalışıram və dediyiniz məqamlarla rastlaşmamışam. Fikrimcə, Palatanın öz fəaliyyətində sərbəstliyinin hansı səviyyədə olması ilə bağlı mən kifayət qədər məlumat verdim. Eyni zamanda, cənab Prezidentin tapşırdığı kimi, ranqının dərəcəsindən asılı olmayaraq, Palatanın əməkdaşları da daxil olmaqla bütün məmurlar qanunlar üzrə eyni məsuliyyət daşıyır və həmin qanunlara  eyni səviyyədə tabedirlər.

- Maliyyə yoxlamaları ilə bağlı hansı beynəlxalq qurumlarla əməkdaşlıq edirsiniz?

- Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI -ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) üzvüdür və mövcud qanunvericiliklə Palata  metodiki göstərişlərini, təlimatlarını, audit standartlarını, hesabat və məlumat formalarını, habelə digər normativ-metodiki sənədlərini INTOSAI tərəfindən qəbul edilmiş standartlara uyğun olaraq hazırlayır. INTOSAI-la yanaşı bu təşkilatın Avropa və Asiya ölkələri üzrə regional qurumları olan EUROSAI və ASOSAI-la sıx əməkdaşlıq edirik. Palata ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının Birliyi) və Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin ali maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının  da üzvüdür. Eyni zamanda, xarici ölkələrin AAQ-ları ilə ikitərəfli əsasda münasibətlərin qurulmasının əhəmiyyətinə əsaslanaraq Hesablama Palatası 9 ölkənin AAQ-ı ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb. Palata beynəlxalq qurumların təşkil etdiyi komitə və işçi qruplarının üzvüdür. Yeri gəlmişkən qeyd edim ki, cari ildə EUROSAI-ın Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi İşçi Qrupunun və INTOSAI-ın Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun növbəti illik toplantılarının Bakıda təşkil edilməsi nəzərdə tutulub.

- Məmurlar tez-tez tənqid hədəfi olurlar. Bəzi hallarda bu, həm onların dövlət vəsaitlərini mənimsəmələri ilə, həm də övladlarının davranışları ilə bağlı olur. Siz maliyyə yoxlamaları aparan ən böyük təşkilatlardan birinin rəhbəri olaraq məmurlarla bağlı tənqidlər barədə nə düşünürsünüz?

- Dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı hər hansı bir faktın aşkarlanması Palata tərəfindən mövcud səlahiyyətlər çərçivəsində çevik addımların atılması ilə nəticələnir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dəfələrlə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması, o cümlədən məmurların və onların ailə üzvlərinin davranışları ilə bağlı konkret və sərt mövqeyini bildirib. Bu mövqe bütün məmurların, o cümlədən mənim və Palatanın bütün əməkdaşlarının fəaliyyətinin   təşkilində əsas meyar olmalıdır və tərəfimizdən birmənalı olaraq dəstəklənir. 

- Prezident İlham Əliyevin struktur islahatların aparılacağı anonsundan sonra rəhbərlik etdiyiniz qurumda hansısa dəyişikliyə ehtiyac görürsünüzmü?

- Cənab Prezident mərkəzi icra hakimiyyətləri orqanları ilə bağlı struktur islahatlarının aparılacağını qeyd etmişdi.  Bildirmək istərdim ki, Hesablama Palatası ölkə başçısının müəyyən etdiyi vəzifələrin mövcud səlahiyyətləri çərçivəsində layiqincə yerinə yetirilməsinə çalışır. Fəaliyyətimizin beynəlxalq standartlara uyğunlaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasını müvəffəqiyyətlə təmin etmək məqsədilə Hesablama Palatası haqqında yeni qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi Palatanın funksiyalarının artırılması və dəqiqləşdirilməsi, yeni audit metodlarının tətbiqi, nəzarət tədbirlərinin əhatəsinin genişləndirilməsi və s. istiqamətlər üzrə məqamları özündə əks etdirir. Bu layihə Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib. Düşünürəm ki, həmin qanun layihəsinin qəbulu Palata qarşısında ölkə başçısının qoyduğu vəzifələri tam şəkildə icra etməyə əlavə imkanlar yaradacaqdır.

- Son dövrlər dünyada və ölkəmizdə iqtisadi gərginliklə müşahidə olunan makroiqtisadi şərait dövlət büdcəsi vəsaitlərinin daha qənaətli və səmərəli icrasını tələb edir. Bu barədə fikirləriniz maraqlıdır. 

- Dünyada müşahidə edilən maliyyə böhranı qlobal iqtisadi sistemə sıx şəkildə inteqrasiya olmuş Azərbaycan üçün də təsirsiz ötüşmür. Qeyd edim ki, həyata keçirilən tədbirlər bu dəyişkənlik şəraitindən maksimum müdafiəni təmin etməkdədir. Cənab Prezident vəsaitlərin səmərəli və nəticəli istifadəsi ilə bağlı konkret tapşırıqlarını səsləndirib. Dövlət büdcəsinin layihəsinə və icrasına rəy verən bir qurum olaraq həmin tapşırıqların tam şəkildə icra edilməsində kifayət qədər potensial olduğunu qeyd edə bilərik. Ölkə başçısı əsas məqamları səsləndirmişdi. Hesab edirik ki, bir sıra xərclərin normallaşdırılması, maliyyə inzibatçılığının gücləndirilməsi və daha məsuliyyətli yanaşma dövlət vəsaitlərinin istifadəsinə səmərəli, qənaətli yanaşmanın əsas prinsipləridir.  Eyni zamanda qeyd etmək istərdim ki, ciddi maliyyə intizamı və məqsədyönlü qənaət də bir maliyyə mənbəyidir.

- Vüqar müəllim, Hesablama Palatasının dövlət büdcəsinin xərclərinin proqnozlaşdırılması və istifadəsi prosesində diqqətdə saxlanılmasını zəruri hesab etdiyi qlobal və gələcəyə yönəlmiş məqamlar, başqa sözlə, Ali Audit Qurumu olaraq fiskal çərçivənin möhkəmləndirilməsi ilə bağlı önə çəkilməli məsələlər nədən ibarətdir?

- Büdcə gəlirlərinin artırılması və xərclərinin optimallaşdırılması bütün dövlətlərin vacib makroiqtisadi prioritetləridir. Son dövrdə müşahidə olunan sistemli böhran şəraitində bu məsələlər, xüsusilə dövlət büdcəsi xərclərinin səmərəli, qənaətli və nəticəli istifadəsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Orta və uzun müddətli dövrdə büdcə çərçivəsinin optimallaşdırılması və ümumən büdcə daxilolmalarının strukturunda qeyri-neft sektorundan vergi gəlirlərinin artırılması üçün fiskal dayanıqlılıq məsələlərinin ümumi makroiqtisadi çərçivə müstəvisində, həmçinin, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da müəyyən edilən dəyişməz real xərclər prinsipi nəzərə alınmaqla qiymətləndirilməsi vacibdir. Bir daha qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı Cənab Prezident son çıxışında  öz münasibətini səsləndirib. İqtisadiyyatın təbii resursdan asılılıq baxımından uzun müddətli dövrə real mənzərəsi qiymətləndirmək üçün fiskal boşluq göstəricisindən istifadə edilməsi də müsbət addım olardı. Bu parametr uzun müddətli dövrə cari və gələcək fiskal siyasətin prioritetləri nəzərə alınmaqla icmal və dövlət büdcəsinin gəlir və xərcləri arasındakı real dəyərə gətirilməklə hesablanan nisbət göstəricisidir. Bu göstərici fiskal dayanıqlılığın ölçülməsi baxımından məqsədəuyğun olardı.

- 2016-cı il üçün dövlət büdcəsində baş verəcək dəyişikliklərlə bağlı nə deyərdiniz?

- Hal-hazırda dünyada gedən siyasi və iqtisadi proseslər bir daha sübut etdi ki, təbii xammal əsasında inkişaf kursu dəyişilməlidir və yeni texnologiyalara dayanan yüksəliş daha önəmlidir və bunun üçün də lazımi islahatlar aparılmalıdır. ÜDM və dövlət büdcəsinin xammal satışı əsasında formalaşması prinsipindən uzaqlaşması prosesinə  və valyuta sərvətlərinin faktiki məzənnə rejiminə uyğun daha optimal istifadəsinə başlanılıb. Bu baxımdan cari ilin icmal büdcəsində aparılan dəyişikliklər cənab Prezidentin müəyyən etdiyi və ölkədə həyata keçirilən yeni inkişaf konsepsiyasının icrasına xidmət edəcək.

- Hesablama Palatasının 2015-ci ilin iş planına uyğun olaraq dövlət büdcəsindən istifadəyə dair yoxlamalarına görə Xaçmaz, Səbail, Mingəçevir İcra hakimiyyətlərində vəsaitlərin aidiyyəti üzrə xərclənmədiyi aşkarlandı. Müvafiq qurumlara göndərilən xəbərdalığın nəticələri barədə məlumat verə bilərsinizmi?

- Mən əvvəlcə bir neçə məqama aydınlıq gətirmək istərdim. Palatanın İş planına uyğun olaraq həyata keçirdiyi tədbirlər zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması bir neçə mərhələni əhatə edir. Dövlət vəsaitlərinin istifadəsi ilə bağlı müəyyən edilmiş nöqsanların bir qismi audit prosesində, yəni nəzarət tədbiri başa çatanadək aradan qaldırılır. Bu, vəsaitlərin dövlət büdcəsinə bərpası və ya işlərin və xidmətlərin görülməsi şəklində həyata keçirilir.
İkinci mərhələ isə nəzarət tədbirlərinin nəticələri barədə Kollegiya Qərarı qəbul edildikdən sonrakı dövrü əhatə edir. Belə ki, audit olunan qurum konkret müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlərin, o cümlədən nöqsanlara yol vermiş şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsini təmin etməli, həmin tədbirlərin nəticələri barədə isə Palataya müvafiq qaydada məlumat verməlidir. Günahkar şəxslərin cəzalandırılması ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi Kollegiya Qərarında audit  olunan qurumun rəhbəri qarşısında sərt tələb kimi qoyulur. Qeyd etdiyiniz audit tədbirləri ilə bağlı bildirim ki, aşkar olunmuş   nöqsanların böyük əksəriyyəti elə birinci mərhələdə aradan qaldırılıb.

- Sizin yoxlamalarınızın nəticələrinə görə son bir ildə həbs olunanlar varmı?

- Qeyd edim ki, Palata nə cəza verən, nə də həbs edən orqandır. Palata qarşısında belə bir hədəf də yoxdur. Hesablama Palatası hər hansı bir mənimsəmə və ya digər maliyyə cinayəti ehtimalını aşkar etdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Eyni zamanda, bildirməliyəm ki, auditin, xüsusilə dövlət auditinin məqsədi nöqsan tapmaq və ya kimisə cəzalandırmaq deyil. Məqsəd maliyyə pozuntularının baş vermə ehtimalının azaldılmasıdır. Auditin Təməl Prinsiplərini müəyyən edən Lima Bəyannaməsində də qeyd edildiyi kimi, auditin məqsədi maliyyə  inzibatçılığının qanunilik, səmərəlilik, təsirlilik və qənaətlilik prinsiplərinin pozulmasını və qəbul edilmiş standartlardan kənarlaşmaları qabaqcadan aşkar etmək, qanun pozuntularının aradan qaldırılmasını və ən azı məhdudlaşdırılmasını təmin etməkdir.

- Vüqar müəllim, bir çox hallarda Hesablama Palatasının apardığı yoxlamaların obyektiv olmadığı fikirləri də səsləndirilir. Bu fikirlərə münasibətiniz necədir?

- Azərbaycan azad və demokratik prinsiplərə sadiq qalan bir ölkədir. Hər bir vətəndaşın fikir və söz azadlığı Konstitusiya ilə təsbit edilmişdir. Biz fəaliyyətimizi mövcud mandatımıza uyğun qurur, hesabat verir və ictimaiyyəti məlumatlandırırıq. Kütləvi informasiya vasitələrində haqqımızda yazılan hər bir yazını diqqətlə oxuyub təhlil edirik. Qərəzsiz, fəaliyyətə yardımçı olan və ən əsası ədalətli fikirləri fəaliyyətimizdə istifadə etməyə çalışırıq.

- Palatanın bundan sonrakı hədəfləri nədən ibarətdir? Bu il hansı təşkilatlarda yoxlama aparmaq planlaşdırılır?

- Palata, qeyd etdiyim kimi, daim təkmilləşmək yolunu tutmuşdur. Bu məqsədə yeni qanunun qəbulu ən böyük dəstək olacaq. Eyni zamanda, Palata 2015-2017-ci illər üzrə Strateji  İnkişaf  Planını qəbul edib və onu icra etməkdədir. Həmin planla Hesablama Palatasının işində və əldə etdiyi nəticələrdə marağı olan bir sıra kənar tərəfdaşlarla daha güclü və effektiv əlaqələrin qurulması, Hesablama Palatası haqqında yeni qanunun və audit standartlarının səmərəli şəkildə tətbiqinin təmin edilməsi, dövlət büdcəsi parametrlərinin təhlili yolu ilə vəsaitlərin səmərəli və qənaətli istifadə potensiallarının və makro səviyyədə təsirlərinin müəyyən edilməsi, həmçinin maliyyə, uyğunluq, səmərəlilik və İT auditi üzrə  bacarıqların inkişaf etdirilməsi, maliyyə auditinin geniş şəkildə səmərəli tətbiqinin təmin edilməsi, Palatada müasir və müvafiq bacarıqlara malik kadrların çalışmasının təmin olunması əsas məqsədlər kimi müəyyən edilmişdir. Cari ildə nəzarət tədbirləri ilə bağlı qeyd etdiyim  kimi, başa çatmış tədbirlər üzrə müvafiq məlumatlar müntəzəm olaraq Palatanın rəsmi saytında yerləşdiriləcək.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir