Modern.az

"Ermənistan beynəlxalq hüquqlara hörmətsizlik edir"

"Ermənistan beynəlxalq hüquqlara hörmətsizlik edir"

9 Dekabr 2010, 13:27

Ermənistan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq ictimaiyyətə və Azərbaycanın beynəlxalq hüquqlarına hörmətsizlik siyasətini davam etdirir". Bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.  
Ermənistan parlamentinin "Beynəlxalq müqavilələr haqqında qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul etməsini şərh edən Ə.Həsənov deyib ki, ATƏT-in Astana sammitindən sonra artıq həmsədr ölkələrin hər üçü Dağlıq Qarabağ münqişəsinin həllində gecikmələrdən, mövcud problemin uzanmasından narahat olduqlarını bildiriblər.

"Əlbəttə buna Azərbaycanın iradəsi də təsir göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın bu məsələdə səbrinin bir həddi var. Ermənilərin qeyri-konstruktivliyi, məsələləri təkrar-təkrar gündəmə gətirmək cəhdləri, əvvəl razılaşdırılmış məsələlər ətrafında yenidən müzakirə açmaları bunu göstərir ki, ermənilər bu məsələdə qeyri-konstruktiv mövqelərini davam etdirmək fikrindədirlər".

PA rəsmisi deyib ki, Dağlıq Qarabağ problemi ətrafında beynəlxalq fəaliyyətin aktivliyi müşahidə olunur: "Lakin Ermənistanın qeyri-konsturktiv mövqeyi bu məsələnin müəyyən qədər dalana dirənməsinə səbəb olub. Yəni yenilik yoxdur, problemin həlli ilə bağlı inkişaf meylləri müşahidə olunmur. Ona görə ki, Ermənistanın son dövrlər nümayiş etdirdiyi mövqe, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı davam etdirməsi, Azərbaycanın tarixi adlarını dəyişdirmək cəhdləri, Ermənistan parlamentinin qəbul etdiyi biabırçı akt, yəni separatçı rejimlərlə Ermənistan dövlətinin bu və ya digər əlaqələrinin hüquqi qiymətə mindirilməsi cəhdləri var". 
Ə.Həsənovun sözlərinə görə, bütün bunlar göstərir ki, Dağlıq Qarabağ problemində Ermənistan öz qeyri-konstruktiv mövqeyini davam etdirir.
"Bu, ATƏT-ə, BMT-nin qətnamələrinə və beynəlxalq ictimaiyyətin bu sahədəki cəhdlərinə meydan oxumaqdadır. Bu, nə qədər davam edəcək, hansı sonluqla yekunlaşacaq, bunu proqnozlaşdırmaq çox çətindir. Amma təkrar edirik ki, Azərbaycan dövləti bu vəziyyətə çox dözməyəcək və cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bundan sonra da biz bu danışıqların nəticəsiz yekunlaşacağını dəqiq müəyyən edəndən sonra digər addımlara əl atacağıq" - deyə Ə.Həsənov əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə