«Wikileaks» saytının ABŞ diplomatlarının gizli yazışmalarını dərc etməsi, yayımlaması xoşagələn hal deyil. Eyni zamanda, burada Azərbaycanla bağlı məlumatların yer alması və ümumilikdə orada əksini tapan məlumatlar heç bir halda əsaslı, obyektiv sayıla bilməz. Amma şəxsən məni bir hüquqşünas kimi narahat edən odur ki, «Wikileaks»-in qurucusu olan Culian Assanj artıq siyasi bir elementlə - başqa bir ittihamla həbs olunub.
İttiham olunan şəxs çağırışa özü gəlir və onu həbs edirlər, haqqında həbs qətimkan tədbiri seçirlər. Culian Assanjın həbsi çox ciddi hüquq pozuntusudur və çox təəccüblənirəm ki, dünyanın nüfuzlu hüquq-müdafiə təşkilatları - onun vəkilindən başqa - həmin şəxsin həbsinə səslərini qaldırmayıblar».
Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov söyləyib:
«Məqsədim burada kimisə müdafiə etmək deyil. Çünki bu həqiqətən dünyanın diplomatik etikasına yaraşmayan hərəkətlərdir və burada dünyanın tanınmış insanları, siyasi, dövlət xadimləri heç bir əsası olmadan ittiham olunurlar. Bunu bir kənara qoyuram. Məni burada maraqlandıran və narahat edən Avropa ölkələrinin, Qərbin hüquq sisteminin bu məsələyə reaksiyasıdır. Vaxtilə bizi bir çox məsələlərdə ittiham edirdilər. Məsələn, mitinqlərdə, piketlərdə polisin qeyri-adekvat hərəkətləri ilə bağlı Azərbaycana qarşı ciddi ittihamlar yağdırırdılar. Biz Avropa məkanında yaşaya-yaşaya indi bu məkanda iqtisadi krizislə və yaxud sosial məsələlərlə bağlı etiraz mitinqlərində polisin etdiyi təkcə qeyri-adekvat hərəkətləri yox, həm də Avropaya, Qərbə yaraşmayan o vəhşilik nümunələrini gördükcə təəccüblənirik. Təəccüblənirik ki, vaxtilə bizə istiqamət, yön verən təsisatlar, təşkilatlar, ölkələr özləri indi bu sahədə nə qədər geri qalıblar».
Modern.az