Dekabrın 10-da Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev "Azadlıq" radiosuna deyib ki, aksiyada 10 nəfər saxlanıb. Onlar Nərimanov Rayon Polis İdarəsinə aparılıb.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanov ötən gün mətbuata deyib ki, Azərbaycan dünyəvi dövlətdir. “Təhsil haqqında “qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib:
“Şagirdlərin orta məktəbdə hicab taxması ilə bağlı məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur. On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.
M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.