Milli İstiqlal Partiyası dekabrın 10-da Təhsil Nazirliyinin qarşısında keçirilən hicablı aksiyanın zorla dağıdılmasını pisləyən bəyanat verib. Bəyanatda bildirilir ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dininin şərtlərindən sayılan hicaba təhsil müəssisələrində qanunsuz olaraq maneələrin yaradılması cəmiyyətdə mövcud gərginliyin artırılmasına xidmət edir. Konstutusiya ilə təsbit olunmuş hüquqların, o cümlədən də vicdan azadlığının pozulması qətiyyən yol verilməzdir və hər kəsin də bu imkanlardan bəhrələnmək haqqı tanınmalıdır.
“Bu gün yüzlərlə möminin keçirdiyi dinc etiraz aksiyasının polis tərəfindən amansızcasına dağıdılması və bir neçə nəfərin həbs edilməsi Azərbaycan hakimiyyətinin insan haqlarına, xüsusən də sərbəst toplaşma və vicdan azadlığına sayğısız yanaşmasının daha bir bariz nümunəsi oldu.
Azərbaycan Milli İstiqlal Partiyası dinc etiraz aksiyasının zorakılıqla dağıdılmasını kəskin surətdə pisləyərək, hesab edir ki, hökümətin sərgilədiyi bu cür yanaşma ölkədə süni qarşıdurma yaranmasına rəvc verməklə yanaşı, diqqəti əsas problemlərdən yayındırmaq üçün təhlükəli cəhdir.
AMİP eyni zamanda bütün dinlərə tolerant yanaşıldığını beynəlxalq ictimaiyyət qarşısında bəyan edən Azərbaycan hakimiyyətindən mömin müsəlmanlara da eyni münasıbət göstərməsini tələb edir”.
Modern.az