12 noyabr tarixi mərhum dövlət başçısı Heydər Əliyevin vəfatının 7-ci ildönümü günüdür. Bununla əlaqədar sabah Bakıda izdihamlı anım mərasiminin keçiriləcəyini nəzərə alan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətini məhdudlaşdıracaq. Bu barədə Modern.az saytına İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan başlayaraq Fəxri Xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Ziyarət başa çatanadək M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M. Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, M. Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. V.Əsədov sürücülərini həmin istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.