Modern.az

Jurnalistlərimiz “çağırsa ellər” gedərmi davaya? (sorğu)

Jurnalistlərimiz  “çağırsa ellər” gedərmi davaya? (sorğu)

13 Dekabr 2010, 17:19

Media nümayəndələrimiz müharibəyə hazır olduqlarını bəyan edir, amma problemləri də sadalayırlar


Bu gün Azərbaycan Ermənistanla  müharibə şəraitində olan bir dövlətdir. Azərbaycan Respublikasının 20 faiz torpağı erməni işğalı altındadır.1994-cü ildən hər iki dövlət atəşkəs imzalasa da, tez-tez cəbhə xəttində güllə səsləri eşidilir. Torpaqların işğaldan azad edilməsi üçün müxtəlif beynəlxalq təşkilatların apardığı sülh danışıqları artıq heç bir işə yaramır.

Son vaxtlar mediada müharibənin qaçınılmaz olduğu barədə siyası xadimlərin fikirləri yer alır. Bəs müharibə başlayacağı təqdirdə media buna hazır olacaq? Ümumiyyətlə, bu gün Azərbaycan mediası müharibəyə hazırdırmı, jurnalistlər ekstremal şəraitdə davrana bilməyi öyrəniblərmi? Modern.az saytı bir sıra media nümayəndələri ilə əlaqə saxlayıb bu suallara cavab öyrənməyə çalışıb.

“Yeni Müsavat” qəzetinin veb-redaktoru Xalid Kazımlı bildirib ki, Azərbaycan mediası müharibəyə hələ 1992-93-cü illərdən hazırdır.
“Uzun illər ictimaiyyət, dövlət rəhbərliyi, hətta müxalifət qüvvələri Qarabağ məsələsinə laqeyd yanaşanda, məhz qəzetlərdə üstü örtülü olsa da müharibənin təbliğatı aparılır, torpaqlarımızın düşmən işğalı altında qalmasına dözməyin mümkün olmadığı barədə yazılar gedir, şərhlər verilirdi. Elə bir gün, həftə olmayıb ki, Azərbaycan mediası bu mövzuda yazmasın, şərhlər, köşələr verməsin. Azərbaycan jurnalistləri torpağın işğalda olduğunu heç vaxt unutmayıblar və unudası da deyillər. Media nümayəndələri istər müharibədə canlı qüvvə kimi iştirak etməyə, istərsə də təbliğat vasitəsi kimi öz qələmlərindən istifadə etməyə hər zaman müsəlləh əsgər kimi hazırdılar”.
X.Kazımlı qeyd edib ki, müharibə başlayacağı təqdirdə lazım olan sahədə öz köməyini göstərməyə çalışacaq: “İctimai fəal adam kimi təbii ki, çəkilib bir kənarda dura bilmərik. Səngərə girmək lazımdırsa, müharibədə iştirak edəcəm. Əgər öz yazılarımızın hədəfini dəyişmək lazımdırsa, onu da edərik”.
Xaliq Kazımlı ehtiyatda olan zabit olduğunu deyib.

“Bizim yol” qəzetinin müxbiri Natiq Cavadlı bildirib ki, Azərbaycan mediası bu gün müharibəyə hazır deyil.
“Çünki Azərbaycan dövləti hələ müharibəyə hazır deyil. Gərək dövlət hazır olsun ki, cəmiyyətdə həmrəylik yaransın. O baxımdan korrupsiyalaşmış, qeyri-bərabər cəmiyyətdə media müharibəyə heç vaxt hazır ola bilməz. Müharibəyə o cəmiyyət hazır olar ki, orda korrupsiya olmasın, həmrəylik olsun, insanlara bərabər yanaşılsın. Bu gün bizdə medianın özünə qeyri-bərabər münasibət var”.
Rütbəcə çavuş olan N.Cavadlı  müharibə başlayacağı təqdirdə Azərbaycanın bir övladı kimi gedib əsgər olacağını qeyd edib.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlunun fikrincə, nə Azərbaycan, nə də onun tərkib hissəsi olan media müharibəyə hazırdır. “Əsas dövlət hazır olmalıdır ki, media da buna uyğun addımlar atsın. Hər şey qarşlıqlı şəkildə olmalıdır. Bəlkə də media bu məslədə dövləti qabaqlamalıdır. Fikirlərim heç də bir-birini təkzib etməsin, hər halda medianın üzərinə düşən əsas vəzifə cəmiyyəti bu ovqata kökləməkdir. Çox təəssüflər olsun ki, mətbuat bu missiyanı tam yerinə yetirmir. Burada mətbuatı da tam qınamaq olmaz. Bəlli şərtlər altında öz fəaliyyətini ortaya qoyur. Azərbaycan mətbuatı, media  nümayəndələri Qarabağ məsələsində öndə gedənlərdən olub. Neçə -neçə media nümayəndəsi Qarabağ müharibəsinin iştirakçısı, veteranı, əlili olub, hətta neçə jurnalist cəbhə bölgəsində öz həyatını vətən yolunda qurban verib. Məsələn, Alı Mustafayev, Çingiz Mustafayev, Salatın Əsgərova və s. Çox arzu edərdim ki, həm dövlətimiz, həm də mediamız müharibəyə hazır olsun, xalqımızı, dövlətimizi gözlənilən nəticəni əldə etməyə kökləyə bilsin. Əgər media bunu bacarsa, onun nümayəndələri müharibə də iştirak etməsə belə, böyük qəhrəmanlıq göstərmiş olar”.
K.Həmzəoğlu bildirib ki, müharibə başlayacağı təqdirdə bir insan kimi üzərinə düşən borcu yerinə yetirməyə çalışacaq.
“Mən daha çox öz qəlimimlə vuruşa bilərəm. Müharibənin qızğın illərində 1990-91-92-ci illərdə -hardasa 17-18 yaşım olardı- savaşın nə demək olduğunu anlamırdıq. Həmin vaxtlar Bakı Dövlət Universitetində oxuyur, həm də “Aydınlıq” qəzetilə əməkdaşlıq edirdim. Gələcəyin jurnalisti kimi öz üzərimə düşən missiyanı yerinə yetirməyə çalışır, müharibə ilə bağlı mütəmadi olaraq mətbuatda çıxış edirdim. Gələcəkdə də bu sahədə daha çox yararlı olaram, nəinki gedib səngərdə vuruşmaqla. Əgər lazım gələrsə, bu da ola bilər. Hər halda hər kəsin görəcəyi iş var, mütləq deyil ki, hamı hərbçi və ya döyüşçü olsun”.
Kamil Həmzəoğlu universitetdə oxuduğu vaxtlarda iki il keçdiyi hərbi təlim nəticəsində leytenant rütbəsi alıb.
“Cəbhə bölgəsindən olan insanam. Rayonumuz Goranboy cəbhənin ön xəttində yerləşir. Qururverici haldır ki, müharibə zamanı bir qarış torpağını verməyib”.
 
APA-nın baş direktorunun müavini Nurşən Quliyev bildirib ki, medianın müharibəyə hazırlığı ölkənin müharibəyə hazır olub-olmaması konteksində götürülməlidir. “Birinci bu suala cavab tapmaq lazımdır ki, Azərbaycan ölkə olaraq müharibəyə hazırdırmı? Məncə müharibə başlasa, Azərbaycan mətbuatının müharibəni peşəkar səviyyədə işıqlandırmaq baxımından heç bir problemi olmayacaq. Mənə elə gəlir ki, bu gün media müharibəyə hazırdır”.
N.Quliyev müharibənin başlayacağı təqdirdə yenə səngərdə vuruşaçağını qeyd edib. “Azərbaycanda döyüşlərin getdiyi zaman hansı addımları atmışamsa, yəqin indi də o addımı atacam. Dörd il əsgərlikdə olmuşam. İki il müharibədə, iki il də atəşkəsdən sonra”.
Universiteti atıb müharibəyə getdiyini bildirən Nurşən Quliyev hərbi rütbəsinin çavuş olduğunu vurğulayıb.

AzərTAc-ın əməkdaşı Dağbəyi İsmayılov bütün ölkənin müharibəyə hazır olduğu təqdirdə medianın da hazır olmasının vacibliyini vurğulayıb. 
“Əgər bütün ölkə müharibəyə hazırdırsa, media da hazır olmalıdır. KİV-də işləyən insanlar da Azərbaycan vətəndaşlarıdır. Belə şərait yaranarsa, jurnalistlər də öz qələmlərini təbii ki, müharibə ab-havasında kökləməli, informasiya hazırlamalıdırlar. Azərbaycan 90-ci illərin Azərbaycanı, mətbuat da 90-cı illərin mətbuatı deyil. İndi Azərbaycan mətbuatının kifayət qədər geniş əlaqələri var. Zərurət yaranarsa, mən güman edirəm ki, jurnalistlər də ön sırada olacaqlar”.
Qeyd edək ki, ehtiyatda olan kapitan D.İsmayılovun Qarabağ müharibəsi zamanı övladı şəhid olub.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz Azərbaycan mediasının çoxdan müharibəyə hazır olduğnu vurğulayıb.
“Azərbaycan mediası dəfələrlə prezidentin fikirlərini çox həvəslə dərc eləyib ki, əgər məsələ sülh yolu ilə həll olunmursa, müharibə yolu ilə həll olunmalıdır. Təbiidir ki, ölkənin bütün strukturları müharibəyə hazırlaşmalıdır, o cümlədən Azərbaycan mediası. Azərbaycan mediası bütün gücünü yalnız daxili məsələlərdən çəkib müharibəyə yönəltməlidir. 
Elə başa düşürəm ki, əgər müharibə başlasa, Azərbaycan mediası məhz bu cür hərəkət etməlidir”.
Rütbəcə ehtiyatda olan leytenant Y.Oğuz müharibə başlayacağı təqdirdə “gərək olarsa, müharibəyə gedəcəyəm” deyir.

Rusdilli “Kaspiy” qəzetinin baş redaktor müavini Kənan Quluzadə bildirib ki, Azərbaycan mediası demək olar ki, müharibəyə hazırdır.
“Sadəcə bunu bilməliyik ki,  müharibə başlasa, bizim imkanlarımız indikindən daha məhdud olacaq. Çünki digər müharibələrin gedişatı onu göstərir ki, müharibə  şəraitində informasiya vasitələrinin daha geniş kütləyə çıxışı rəqib tərəfindən məhdudlaşdırılır. Bu həm haker hücümları ilə ola bilər, həm digər texniki maneələr yaradıla bilər. Birbaşa müharibə bölgəsindən xəbərləri verməyə gəlincə isə artıq bizim Kütləvi İnformasiya Vasitələri buna hazırdılar. O ki qaldı dünya KIV-lərinə çıxış barədə, artıq bu əlaqələr də yaradılıb, yəni lazımı dərcədədir. Birinci Qarabağ  müharibəsində bu sahədə böyük problemlər yaşadıq. O zaman Azərbaycan KIV-ləri buna hazır deyildi. İndi şərait dəyişilib. Artıq Azərbaycan mediası erməni KIV-lərini dəfələrlə üstəliyiblər. Mən düşünürəm ki, ölkə mediası xalqa, dövlətə lazım olan dərəcədə xidmət edir”.
K.Quluzadə müharibə başlasa, döyüş bölgəsində professional vəzifəsini yerinə yetirəcəyini qeyd edib. “Hərbi rütbəcə ehtiyatda olan leytenantam. Amma aldığım xəsarətlərdən dolayı qulluq etməyə yararsız olmuşam”.

“Exo” qəzetinin baş redaktor müavini Nair Əliyev həm müharibə vaxtında, həm də sülh dövründə jurnalistlərin öz vəzifələrini yerinə yetirməli olduqlarını vurğulayıb.
“Buna görə belə hesab edirəm ki, bizim media hər şeyə hazırdır. Hər kəs bacardığına uyğun sahədə işləməli, hər kəs öz işini görməlidir. Jurnalistlər öz işini, hərbiçilər öz işini”.
N.Əliyev rütbəcə ehtiyatda olan leytinant olduğunu bildirib.

“Xalq cəbhəsi” baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan mediasının prinsip etibarı ilə müharibəyə hazır olduğunu bildirib.
“Ümumi şəkildə medianın əvəzinə danışmaq çətin olardı. Öz adımdan bu mövzuda açıq şəkildə danışa bilərəm. Biz “Xalq Cəbhəsi” qəzeti fəaliyyətə başladığı ilk gündən işğal altında olan Azərbaycan torpaqlarının sülh yolu ilə azad  edilməsinin prespektivsizliyi barədə az qala hər gün yazılar yazırıq. Bu bizim ümumi mövqeyimizdir. İstər silahlı əməliyyatların başlayacağı dövrdəki aparılacaq təbliğat kompaniyasında iştirak baxımından, istərsə də digər aspektlərdən qəzet olaraq biz bu prosesə hazırıq”.
E.Mirzəbəyli müharibə başlayacağı təqdirdə Azərbaycan dövləti nəyi uyğun görərsə, onu edəcəyini qeyd edib.
“Hərbi kadr kimi ehtiyac duyularsa, təbii ki, müharibədə iştirak edəcəm. Yox əgər daha peşəkar insanlar bu prosesdə iştirak edəcəksə, o zaman qələmimizlə xidmət edəcəyik. Ordunun iştirakı ilə keçirilən əməliyyatlar peşəkar yanaşma tələb edir. Bu günün müharibələri, hərbi əməliyyatlar 15-20 il bundan əvvəlkindən xeyli fərqlənir.  Əsas rolu texnika, intellekt, müharibə manevrləri, bacarıqları oynayır. Burda sadəcə ətdən divar yaradılması heç bir əhəmiyyət kəsb eləmir. Yox əgər canlı səddə çevrilmək imkanı Azərbaycan torpağı üçün gərəkli olacaqsa, canlı səddə də çevrilə bilərik”.

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlunun fikrincə, söhbət Azərbaycan jurnalistikasının müharibəyə hazır olmasından deyil, Azərbaycan cəmiyyətinin müharibəyə hazır olub-olmamasından getməlidir. “Amma bir halda ki, siz Azərbaycan jurnalistikasının müharibəyə hazır olub-olmadığını soruşursunuz, mənim cavabım qısa olacaq: hamı necə hazırdırsa, jurnalistika da bir o qədər hazırdır. Hər halda Azərbaycan jurnalistikasının müharibə şəraitində çalışmaq təcrübəsi var.  Açığı, mən müharibə olacağını güman etmirəm. Amma olacaqsa, burada müzakirəlik bir şey qalmır. Hərbi xidmət, o cümlədən müharibə şəraitində hərbi xidmət vətəndaşın dövlət qarşısında vəzifələrindən biridir. Ehtiyatda olan leytenant kimi mən də istisna deyiləm”.

“Ayna” qəzetinin əməkdaşı Cəsur Sümərinli bildirib ki, Azərbaycan mətbuatı müharibəyə hazır deyil.
“Bunun məsuliyyəti ilk növbədə güc strukturlarının üzərinə düşür. İndiyədək medianın ekstemal və müharibə şəraitlərində fəaliyyəti ilə bağlı çoxsaylı layihələr keçirilsə də, təəssüf ki, Azərbaycanın güc strukturları, xüsusilə də Müdafiə Nazirliyi bu işdə maraqlı görünmür. Hesab edirəm ki, medianın müharibəyə hazırlığı məsələsi cəmiyyətin ümumilikdə müharibə hazırlığının vacib tərkib hissəsidir. Medianın müharibəyə hazır olmaması hərbi əməliyyatların gedişində iki istiqamətdə problemlərə səbəb ola bilər:
- birincisi, cəmiyyətin hərbi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində ümumi təbliğat mexanizminin qırılması baş verə bilər. Bunun nəticəsində, cəmiyyətin orduya və komandanlığa dəstəyi azala bilər.
- ikincisi, hazırlıqsız media bir sıra hərbi sirləri yaya bilər ki, bu da ordunun qalibiyyət perspektivinə əsas zərbələrdən biri ola bilər".
C.Sümərinlinin sözlərinə görə, yerli donor təşkilatlar ayrıdıqları qrantların müəyyən hissəsini məhz bu kimi məsələlərə həsr etməlidirlər. “Onlar KİV-i bu istiqamətdə fəal olmağa həvəsləndirməli, müharibə şəraitində media hazırlığını vacib istiqamətlərdən biri elan etməlidirlər”-deyə C.Sümərinli əlavə edib.
Cəsur Sümərinli “əgər Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda hər hansı siyasi ambisiyalardan uzaq, tam vətənpərvər bir hərbi əməliyyatlara başlanılsa, bunda iştirak etmək hər bir azərbaycanlının, o cümlədən mənim borcumdur” deyə vurğulayıb.
Həmkarımızın sözlərinə görə, o, ehtiyatda olan baş leytenantdır.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir